ABŞ-da Azərbaycanın mina problemi müzakirə olunub

ABŞ-da Azərbaycanın mina problemi müzakirə olunub
  06 Dekabr 2022    Oxunub:479
ABŞ-ın Napa Vadisində dünyanın aparıcı təşkilatlarından olan “Sülhün kökləri” tərəfindən “Sülh üçün çağırış festivalı” (The Festival of the Bells for Peace) keçirilib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AzVision.az -a bildiriblər ki, tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, agentliyin Beynəlxalq əlaqələr, maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti, ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev Azərbaycanı təmsil edərək panel müzakirələrdə iştirak ediblər.

“Sülh üçün çağırış festivalı” təhlükəli ərazilərin minalardan təmizlənməsi və müharibənin təsirinə məruz qalmış bölgələrin yenidən qurulması və bərpası üçün yardım vəsaitinin toplanmasına həsr olunan beynəlxalq tədbirdir.

“Sülhün kökləri” humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kuhn açılışda çıxış edərək dünyanın otuz ölkəsində 30 milyondan çox minanın basdırıldığını və bunun insanların təhlükəsiz yaşam şəraitinə ciddi şəkildə təsir göstərdiyini vurğulayıb. Həmçinin Azərbaycan ərazilərinin kütləvi şəkildə minalanmasına toxunub. Bildirib ki, bu ilin martında BAMF-ın dəvəti və ANAMA-nın dəstəyi ilə ölkəmizə səfər çərçivəsində işğaldan azad olunmuş ərazilərə baş çəkib, minalarla yüksək səviyyədə çirklənməni gözləri ilə görüb və beynəlxalq ictimaiyyətə bu sahədə dəstək verməyə çağırış edib.

Birinci panel müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərin minalarla çirklənmə səviyyəsinə görə dünyada ilk üçlükdə yer aldığını və hazırkı hesablamalara görə işğaldan azad edilmiş ərazilərdə 1,5 milyondan çox minanın basdırıldığını qeyd edib. Mövcud mina probleminin icra edilən bərpa və yenidənqurma işlərinə, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışına ciddi maneə olduğunu, eləcə də regionda sabitlik və davamlı sülhün təmini sahəsində beynəlxalq resursların cəlb olunmasının əhəmiyyətini vurğulayıb. Həmçinin mina qurbanlarının sayı və agentlik tərəfindən mina təhlükəsi ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat verib.

“Sülh üçün minalardan üzümlüklərə qlobal çağırış” adlı festivalda Azərbaycan nümayəndə heyəti tərəfindən Qarabağda “Minalardan üzümlüklərə” layihəsinin icrasına başlanılması ilə bağlı qlobal çağırış edilib.

Qeyd edək ki, “Sülhün kökləri” humanitar təşkilatı tərəfindən müharibə zonalarında sülh toxumları səpmək məqsədilə başladılan “Mines to Vines” ideyası bu gün dünyanın müxtəlif ölkələrində uğurla həyata keçirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti