Rusiyalı ekspert: "2025-ci il bölgə üçün həlledici olacaq" | Müsahibə

      Rusiyalı ekspert:    "2025-ci il bölgə üçün həlledici olacaq"    | Müsahibə
  05 Dekabr 2022    Oxunub:2784
“Azərbaycan mediasında Rusiya ənənəvi olaraq həddindən artıq “xortdanlaşdırılır”, halbuki reallıq artıq bundan uzaqdır. Əsas məsələ - Qarabağın suveren elan edilə biləcək hissəsi ilə bağlı aparıcı Qərb dövlətlərinin mövqeyi haqda danışmaq lazımdır. Amma son nəticədə hər şey Bakının geosiyasi məharətindən, o cümlədən xammal axınlarının idarə olunmasından asılıdır”.
Bu sözləri AzVision.az -a müsahibəsində beynəlxalq məsələlər üzrə rusiyalı ekspert Qriqori Trofimçuk deyib. O, bir sıra başqa maraqlı fikirlər də səsləndirib.

- Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Qarabağdakı komandanlığı ilə Azərbaycanın rəsmi qurumları arasında fikir ayrılığı güclənir. Azərbaycanın toponimlərlə bağlı etirazı, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Laçın dəhlizi vasitəsilə Xankəndinə hərbi texnika gətirməsi, eləcə də tərksilah prosesinin, qanunsuz erməni silahlı birləşmələri və Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının Azərbaycanın suveren ərazisindən çıxarılmasının ləngiməsi neqativ informasiya fonu yaradır. Sizcə, regionda nə baş verir?
- Bakı ilə heç bir rəsmi fikir ayrılığı yoxdur, sadəcə Moskva artıq bir çox məsələdə təkid edə bilmədiyindən “təki müharibə olmasın” prinsipi ilə reallığa uyğun hərəkət edir. İstənilən müşahidəçiyə aydındır ki, Bakı öz məqsədlərinə savadlı şəkildə nail olur: Moskva ilə münasibətləri gərginləşdirmədən münasib məqamı gözləyir. Bununla yanaşı, hər bir narazılığını açıq şəkildə vurğulayır ki, tərəflərdən heç biri sonda onun öz məqsədinə, o cümlədən yollara və dəhlizlərə nəzarətə nail olacağına şübhə etməsin.
Eyni şey müqavilə “beşilliyinin” sonuncu ili və dünyada baş verəcək hadisələrdən tamamilə asılı olan həlledici 2025-ci ilə də aiddir. Hələlik bu hadisələr Bakının maraqlarına, planlarına uyğundur. Azərbaycan prosesin gedişindən razıdır, çünki indiyədək heç nə onu poza bilməyib. Azərbaycan hətta fors-major halları belə öz xeyrinə çevirə bilir. Təbii ki, kifayət qədər mürəkkəb və həyəcanlı məqamlar var - məsələn, İranın mövqeyi,- lakin bu fikir ayrılıqları hələ qəbuledilməz həddə çatmayıb. Amma bu işin faciə ilə bitəcəyini, yəni Qarabağ düyününün kəskin fəsadlar verə biləcəyini istisna etmək olmaz. Azərbaycanın yavaş-yavaş “boğazından yapışdığı” Laçın dəhlizinin, Moskvanın deyil, Qərbin əlində ciddi alətə çevrilən Qarabağ daxilindəki silahlı birləşmələr məsələsinin də həmçinin.
Azərbaycan toponimlərinə gəlincə, maraqlı olan Moskvanın guya artıq onlara etiraz etməməsidir: tutaq ki, “İrəvan” informasiya meydanında fırlanır, qoy, özü üçün fırlansın da. Regionda vəziyyət ümumiyyətlə Ukrayna hadisələrindən asılıdır və bu hamıya aydındır.

- Brüsseldə keçirilməsi planlaşdırılan danışıqların Paşinyanın destruktiv mövqeyinə görə yenidən pozulması vəziyyətin növbəti dəfə mürəkkəbləşməsinə və hərbi əməliyyatların bərpasına səbəb ola bilər. Çünki Ermənistan sülh müqaviləsini imzalamaqdan inadla imtina edir. Ermənistanın baş naziri Qarabağla bağlı Üçtərəfli Bəyannaməyə atdığı imzadan yayınırmı?
- Paşinyanın 2018-ci ildən ilkin məqsədinin məhz bütün Cənubi Qafqazda sabitliyi pozmaq olduğunu nəzərə alsaq, onun çox aydın və ardıcıl mövqeyi var. O buna parlaq şəkildə nail ola bilir. Xatırlayırsınızsa, KTMT-nin erməni baş katibini cinayətdə ittiham edərək, bu mövzunu uzun müddət “dondurdu”. Belə bir qeyri-sabitlikdə “inqilabçı” olaraq özünü suda balıq kimi hiss edir. Ona görə də möhkəm və davamlı sülh mövzusunda istənilən pozulma, hər hansı gecikmə və ya əksinə, sonsuz danışıqlar məhz ona lazım olan şeydir. Hərbi toqquşmalar da onu çox narahat etmir, çünki erməni cəmiyyətinin “maraqları təslim etdiyinə” görə kənarlaşdıra bilinməyəcəyi sübut olundu. "İnqilabçı" öz ampluasındadır. Hələlik onun yeganə problemi Qərbin həlledici dəstəyinə nail ola bilməməsidir, çünki Rusiya Federasiyasından ayrılmaq üçün əməli addımlar atmayıb. Amma Nikol Vovayeviç KTMT-nin İrəvanda keçirilən son iclasında yekun sənədlərdən imtina edərək, nəhayət, onlara nəyisə nümayiş etdirə bildi. Bu isə yuxarıda qeyd etdiyimiz kimi, Bakı üçün Qarabağın suverenləşməsi təhlükəsi ilə bağlı siqnaldır: Paşinyan sanki Azərbaycanı hərbi əməliyyatlara sövq edir, nəzərə almaq lazımdır ki, o bundan qorxmur. Bu, Rusiyaya qətiyyən lazım deyil, amma Paşinyan üçün fərqi yoxdur.

- Bütün bu hadisələrə baxmayaraq, Azərbaycan və Rusiya rəhbərliyi səviyyəsində ciddi gərginlik müşahidə etmirik. Qarabağda və onun ətrafında cərəyan edən proseslər fonunda Baş nazir Mişustinin başçılıq etdiyi kifayət qədər nüfuzlu nümayəndə heyəti Bakıda səfərdə oldu, Azərbaycan hökumətinin üzvləri ilə görüş keçirdi, bir sıra sənədlər imzalandı. Sizə elə gəlmirmi ki, Kreml tam həll olunmamış münaqişədən istifadə edərək, Bakını öz orbitində saxlamağa və vəziyyətdən maksimum faydalanmağa çalışır?
- Rusiya-Azərbaycan münasibətlərində heç bir problem yoxdur və bu, çox gözəldir. Amma bu hələlik belədir, çünki vəziyyətin inkişafı təəssüf ki, bu sabitliyi sarsıda bilər. Azərbaycan bütün balanslar sistemindən peşəkar şəkildə istifadə edir, lakin nə vaxtsa bu kifayət etməyəcək. Münasibətlərimizdə soyuqlaşma tamamilə mümkündür. Məsələn, 2013-cü ildən əvvəl olduğu kimi. Lakin hər şey vaxtında tənzimləndi.
Ən əsası isə bağlarımızı qırmağa çalışan xarici qüvvələr var və onlar getdikcə çoxalırlar. Amma yüksək səviyyəli rəsmi görüşlər həqiqətən fəal keçirilir və bu özlüyündə yaxşı haldır, hətta çoxu formal olsa da. Bundan əlavə, elə şeylər var ki, onlar haqqında danışmaq məqbul sayılmır, ancaq onlar mövcuddur, getdikcə vəziyyət çətinləşir: bunlar Qərbin dünyanın statusunu, Rusiya Federasiyasının imicini kökündən dəyişdirmək cəhdləridir ki, Moskvanın aparıcı tərəfdaşları buna göz yuma bilməzlər. Bu fonda Kreml Azərbaycana “təzyiq” edə bilməz, onun bu imkanları getdikcə azalır. Amma Azərbaycanda kiminsə bunun belə görünməsinə ehtiyacı varsa və ya hesab edirsə ki, belə olmalıdır, neyləmək olar, Azərbaycanın da öz maraqları var. Qarabağla bağlı heç nə etmək olmaz. Bir neçə il bundan əvvəl dediyim kimi, Rusiya üçün əsas odur ki, sərhədlərində daha bir müharibə ocağı olmasın. Orta Asiyada da buna bənzər bir şeyə icazə versək, vəziyyət çox ağır olar. Buna görə də, hər hansı təzyiqdən söhbət gedə bilməz. Amma Rusiyadan tam qopmaq Azərbaycanın özünə də sərfəli deyil. Bütün keçmiş sovet məkanı son zərbə və parçalanma təhlükəsi altındadır, hansı ölkələrin salamat qalacağını hələ heç kim bilmir.

- Ukrayna müharibəsi və Qərbin Rusiyaya təzyiqlərinin artması, eləcə də NATO-dakı müttəfiqlərinin Türkiyəyə təzyiqləri fonunda Moskva ilə Ankara arasında münasibətlər möhkəmlənir. Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların bərpası Rusiya ilə Türkiyə arasında münasibətlərə necə təsir edə bilər?
- Türkiyənin, təbii ki, öz planları var. Ölkə Ərdoğanın dövründə siyasi cəhətdən daha da təkmilləşib və hər tərəfdən gələn böyük riskləri balanslaşdıra bilir. 2016-cı ilin yayında ABŞ Ərdoğana “xəbərdarlıq” göndərsə də, o bütün çətin vəziyyətlərdən çıxa bildi. İndi Qərb üçün hərəkət etmək xeyli asandır, çünki 2022-ci il geosiyasətdə çox şeyi dəyişib. Amma ümumilikdə Türkiyə Qərblə, o cümlədən NATO üzvlüyü ilə bağlı öhdəliklərindən kənara çıxmır, ona görə də, Ankaranın Moskva ilə oynamaq üçün kart-blanşının olduğunu güman etmək olar.
Ancaq Türkiyə özü Qərbin onun qarşısında götürdüyü öhdəliklərin bir hissəsini yerinə yetirməsini gözləyir, bu təxminən Ankaranın İsveç və Finlandiyanın NATO üzvlüyünü təsdiqləməsinə bərabər bir şeydir. Amma ümumilikdə bütün bunlar Ərdoğan üçün, təkrar edirəm, çox təhlükəli və çətindir. Moskva anlayır ki, Türkiyə ilə istənilən şəraitdə münasibətləri saxlamalı, hətta bəzən öz maraqlarına göz yummalıdır. Çünki Türkiyə ilə münasibətlərdə hipotetik qırılma 2015-2016-cı illər böhrandan da pis ola bilər. Rusiya Federasiyası üçün elə risklər yarana bilər ki, öhdəsindən gələ bilməz. Bunu Vaşinqton da yaxşı başa düşür, ona görə də, Ankaraya və Ərdoğana başqalarından bir qədər çox imkan verir. Türkiyə ilə münasibətlərin pozulması Rusiya Federasiyasının, demək olar ki, manevr imkanları baxımından sonuncu kanalını bağlayır. Bu baxımdan Rusiya-Türkiyə münasibətləri hətta Rusiya-Çin münasibətlərindən də qat-qat vacib görünür.
Qarabağ ətrafında vəziyyət yenidən gərginləşərsə, Rusiya Federasiyasının onun nizamlanması üçün imkanları çox olmayacaq. Ancaq Qərbin geosiyasi “paketinin” güclənməsini və hamıya birdən arxadan zərbə endirmək imkanını nəzərə alsaq, Azərbaycan-Türkiyə münasibətləri də kifayət qədər kövrəkləşə bilər.

- Türkiyənin müxtəlif şəhərlərində baş verən terror aktlarından sonra Ankara Suriyanın şimalında növbəti əməliyyata başladı. PKK-nın Suriya qolu yaraqlılarına açıq dəstək verən ABŞ Türkiyənin Suriyanın şimalında quru əməliyyatı keçirməsinə qəti şəkildə qarşıdır. Rusiya Federasiyası bu məsələ ilə bağlı mövqeyini hələ tam müəyyən etməyib. Sizcə, hadisələr necə inkişaf edəcək və ABŞ-ın bu regionda əsl məqsədi nədir?
- Türkiyə bu bölgədə əvvəllər də hərbi əməliyyatlar aparıb və həmişə məqsədlərinə nail olub. ABŞ bu mövzuda Ankaraya ünvanlanan rəsmi bəyanatlarından fərqli olaraq, əslində ən azı iki səbəbdən belə hərəkətlərə qarşı deyil. Birincisi, Türkiyə NATO üzvüdür, nədənsə çoxları bunu unudur; ikincisi, Vaşinqtona Türkiyənin əli ilə Suriya və Rusiya Federasiyasının maraqlarını zərbə vurmaq sərfəlidir.
Kürdlərə gəlincə, onlar Amerikanın dostu yox, sadəcə öz maraqları naminə müxtəlif istiqamətlərdə situasiyaya uyğun istifadə etdiyi tərəfdaşlarıdır və kürdlərin özləri də bu məsələylə bağlı bu günə qədər heç nə edə bilməyiblər. Moskva sanki həm Suriyanın, onun bütövlüyünün, həm Türkiyənin, həm də kürdlərin tərəfindədir. Buna görə də, ümumbəşəri dostluq ruhunda bəyanatlar verir, amma praktikada kiminsə orada Türkiyənin fəaliyyətinə qarşı çıxa bilməsi ehtimalı azdır. Üstəlik Rusiya-Türkiyə münasibətləri Rusiya Federasiyasının digər regionlardakı maraqlarına da təsir edir. Ona görə də, Ankara getdikcə daha sərbəst və öz bildiyi kimi hərəkət edir. NATO üzvü kimi formalaşmış imici də bir növ onun xeyrinədir, hələ Rusiya da ona inanır.
Türkiyə həm öz strateji maraqlarından, həm də Dəməşqlə münasibətləri nəzərə alaraq hərəkət edir. Bildiyimiz kimi, Əsəd bu yaxınlara qədər az qala Türkiyənin düşməni elan edilmişdi. Amma bu gün Türkiyə fərqli qərar verib və onun mövqeyi qəbul edilib. Ankara öz bildiyini edir və öz əlinə oynayır. ABŞ-ın bölgədəki məqsədi dəyişməyib: o bütün mövcud vasitələrlə, minimum vəsait xərcləməklə, buranı sadəcə tərk edə bilməyən Rusiya Federasiyası qüvvələrininin gücünü tükəndirməklə regiona nəzarət etmək istəyir.
Yaxın Şərqdə sabitliyin bundan sonra pozulması ABŞ-a Cənubi Qafqazda da sabitliyi pozmağa, bu nəhəng geosiyasi qovşaq üzərində nəzarəti ələ keçirməyə əlavə imkanlar açır.
Rusiya, fikrimcə, 2015-ci ildə güclü bir imkanı əldən buraxdı: Suriyaya öz hərbi kontingentinin yeritməyin əvəzinə kürdlərə tam hərbi-texniki dəstək verməliydi, xüsusən də, onlar özləri bunu xahiş etdikləri üçün. Lakin Moskva tez-tez heç bir perspektiv vəd etməyən “özünəməxsus” hərəkətlər edir və bu heç də yeni məsələ deyil.

Qafqaz Ömərov
AzVision.az üçün



Teqlər: Rusiya   Qarabağ  





Xəbər lenti