Generalın biznes şəriki reketlik edirmiş...

   Generalın biznes şəriki reketlik edirmiş...
  01 Dekabr 2022    Oxunub:365
Rövşən Məhərrəmov
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi
polkovnik, hərbi ekspert

Azərbaycan Ordusuna, silahlı qüvvələrimizə ağır maddi-mənəvi zərər vuran Nəcməddin Sadıkov haqqında mediada və sosial şəbəkələrdə dəfələrlə fikir bildirdiyim üçün onun adı çəkilən istənilən məlumatı, yazını maraqla oxuyuram. Vətən müharibəsi başlayarkən bədnam fəaliyyətinə görə tutduğu vəzifədən – Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılan bu general-biznesmenin hələ də öz layiqli cəsasını almamasından dərin təssüf hissi keçirirəm.
Nəcməddin Sadıkovun oğlunun biznes ortağı haqqında qaldırılmış cinayət işi ilə bağlı yazı da diqqətimi cəlb etdi. Əslində, “oğlunun” ifadəsi burada artıq sözdür. Çünki keçmiş Baş Qərargah rəisi yüksək vəzifə tutduğu dövrdə hərbi quruculuq məsələləri ilə məşğul olmaq əvəzinə əlindəki imkan və səlahiyyətlərdən sui-istifadə edərək özünə yetərincə geniş biznes şəbəkəsi qurub. Oğlu, sadəcə, şəbəkəni idarə edir.

Məlum olduğu kimi, hazırda istintaq orqanları Müdafiə Nazirliyinda baş vermiş maliyyə cinayətlərini araşdırır, bir neçə nəfər yüksək rütbəli zabit həbs olunub. Həmin şəxslər, əsasən, keçmiş Baş Qərargah rəisinin adamlarıdır, onun himayəsi, birbaşa göstərişi ilə vəzifəyə təyin olunublar.

Bundan əvvəl Nəcməddin Sadıkovun oğurladığı maliyyəni başqa bir ölkədə biznesə yatırdığı barədə konkret fakt göstərmişdim və Dövlət Təhlükəsizliyi Xidmətinin çox hörmətli rəhbərliyinin bu siqnalları araşdıracağına, Müdafiə Nazirliyində çoxlu çatışmazlıqların, dövlət büdcəsindən ayrılan vəsaitin dağıdılması hallarının aşkarlanacağına əminliyimi bildirmişdim.

Dediklərim həqiqət oldu, ancaq hələ də Nəcməddin Sadıkov məsuliyyətə cəlb edilməyib, üstəlik, onun bisnes şərikinin də cinayət əməli üzə çıxıb. Həmin şəxslə – Kamal Akimoviç Akimovla general Nəcməddin Sadıkovun biznes şərikliyi haqqında mətbuatda gedən məlumata diqqət yetirək.

Məlumatda bildirilir: “Beton bloklar, yer daşı, səki daşı, qazon daşı, pilləkənlər və digər bu cür məhsulların istehsalı ilə məşğul olan “Keystone” MMC adlı şirkət 2010-cu ildə Kamal Akimoviç Akimov və Nəcməddin Sadıkovun oğlu Məhəmməd Sadıkov tərəfindən təsis olunub. Şirkətin qanuni təmsilçisi Akimov Kamal Akimoviçdir.

Hazırda dövlət büdcəsinə böyük miqdarda – 541 888 manat 20 qəpik vergi borcu olan şirkətin Müşfiqabad-Sahil yolunun 6-cı kilometrində fəaliyyət göstərən zavodu da Kamal Akimova məxsus olduğu bildirilən “Sterling Group” MMC tərəfindən inşa olunub. “Sterling Group” MMC 2003-cü ildən fəaliyyət göstərir. Bu şirkətin də ofisi “Keystone” MMC ilə eyni ünvanda – “Azure Plaza”da (Nobel pr. 15, 24-cü mərtəbə) yerləşir.

Şirkətin direktoru Elvan Şıxəli oğlu Mirqəliyevdir. Bu şəxs həm də vaxtı ilə “Keystone” MMC-nin direktoru olub. Kamal Akimov 2013-cü ildə ABŞ-nin Kaliforniya ştatında “American Sterling Group, İNC” adlı şirkət də təsis edib.

Bunlardan başqa? 2016-cı ildə “Keystone” MMC-yə məxsus zavodun yerləşdiyi ünvanda – Müşfiqabad-Sahil yolunun 6-cı kilometrində Kamal Akimovun direktor olduğu “Sterling Group Ltd” MMC adlı daha bir şirkət təsis olunub.

Xatırladaq ki, bir müddət əvvəl isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Akimov Kamal Akimoviç barəsində məhkəmə iddiası qaldırmışdı. Bakı Kommersiya Məhkəməsində qaldırılan iddia vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı idi”.

General Nəcməddin Sadıkovun şərikinin Azərbaycanın vergi orqanları ilə problemi öz yerində, eşitdiyimə görə, bu şəxs yaşadığı Amerika Birləşmiş Ştatlarının da qanunlarına əməl etmir və orada da problemlə üzləşib. Kamal Akimovun ölkəmizdəki növbəti qanunazidd əməli barədə oxuduqlarım isə məni nəinki təəccübləndirdi, həm də bu məsələyə dair fikir bildirməyə vadar etdi.

Məlumata görə, keçmiş Qərargah rəisinin himayə etdiyi adama cinayət işi qaldırılıb və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Kamal Akimovun hədə-qorxu gəlməklə pul tələb etdiyi şəxs Azər Əsgərovdur.

Azəri idman veteranı və iş adamı kimi yaxından tanıdığım, xidmətdə olduğum dövrdə onun hərbçilərə göstərdiyi xeyirxahlıqların şəxsən şahidi olduğum üçün bu işin təfərrüatını öyrənməyə çalışdım. Bununla bağlı da mediada aydın və əsaslandırılmış faktlara rast gəldim.

Məsələnin qısa məzmunu bundan ibarətdir ki, Kamal Akimov Bakı şəhərinin Səbail rayonundakı Xanlar küçəsində (indiki Ziya Yusifzadə küçəsi) ona məxsus qeyri-yaşayış sahəsinə görə Azər Əsgərovdan 500.000 dollar pul alıb. Lakin sonradan iş adamından daha çox pul, əlavə 300.000 min dollar almaq xülyasına düşüb və ən müxtəlif vasitələrlə, o cümlədən şantaj xarakterli hərəkətlərlə, hədə-qorxu gəlməklə niyyətini gerçəkləşdirməyə çalışıb. Bütün bunlar nəticə vermədikdə isə prokurorluğa şikayət edib. Prokurorluq onun şikayətini araşdırarkən əsl həqiqət üzə çıxıb. Məlum olub ki, onun iddiası və istəyi nəinki əsassızdır, üstəlik, bunu həyata keçirmək üçün əl atdığı vasitələr də kriminal xarakterlidir.

Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Bədnam generalın şərikinin özünü reket kimi aparıb iş adamının, necə deyərlər, canını boğaza yığmasına artıq hüquq müstəvisində baxılır. Heç şübhəsiz, o, layiqli cəzasını alacaq. Bəs dövlət büdəsindən milyonlarla manat pul oğurlamış, özünə sayı-hesabı ölçüyə gəlməyən mal-mülk toplamış, biznes yaratmış general nə vaxt cəzalandırılacaq? İnanıram ki, tezliklə bunun da şahidi olacağıq.

Teqlər:







Xəbər lenti