Təyyarə qorxusu, gürcü çaxırı və qocaman şəhər - REPORTAJ

Təyyarə qorxusu, gürcü çaxırı və qocaman şəhər - REPORTAJ
  08 May 2014    Oxunub:8421
İki sərhəd tanıyıram. Biri ölkələri bir-birindən ayıran sərhəddir. Digəri isə insanın öz daxili aləmi ilə başqaları arasında hördüyü sərhəd.

Bir ölkədən o birinə gedən sərhədi aşmaq daha asandır, nəinki insanın daxili dünyasına enmək. Nə isə keçək mətləbə...


Heydər Əliyev adına beynəlxalq hava limanına da biz jurnalistlər sərhəd aşmaq üçün toplaşmışdıq. Hamımızın içərisində təyyarə qorxusu var idi. Bu qorxu təyyarə Gürcüstan hava limanında aşağı enən zaman alqışlarda daha yaxşı duyuldu. Gürcüstanın Mədəniyyət və Turizm Nazirliyinin bizə bələdçi təyin etdiyi 26 yaşlı gürcü qızı Yelenanı görəndə isə artıq Vətəndə deyildik. (təyyarə ilə yola çıxmaq istəyənlərə ona deyim ki, uçuş 50 dəqiqə çəkir. red.)

Səyahəti və dadlı yeməkləri sevən xalqıq, nə yalan deyim. Hələ üstəlik, bu şeylərin Gürcüstanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunduğunu düşünəndə, ağzımızın dadı ikiqat artmışdı. Artıq hamımızın əlinə proqram verilmişdi, nə az, nə çox, düz beş gün bu proqrama uyğun olaraq həm Gürcüstanın gözəl yerlərini gəzəcək, həm də Gürcü mətbəxi ilə tanış olacağdıq. Paytaxt Tbilisi isə bu proqramın birinci hissəsində idi. Və nəhayət, Marriot hoteldə tək-tək otaqlarda yerləşdikdən sonra, qazellə yola düzəlirik.




Möhtəşəm Metexi kilsəsi

Şəhərdən uzaq olmayan Mtkvari çayının kənarında Metexi kilsəsi yerləşir. Bu da qanlı tarixi olan məbədlərdəndir. Bəzi xristian məbədləri kimi, Metexi məbədi də demək olar yer üzündən silinib. XII əsrdə yenidən bərpa olunub və bu günədək qorunub saxlanılıb. Onu da qeyd edək ki, burada vaxtilə kraliça Tamara ibadət edib.



Çar Vaxtanq Qorsaqoli.Ov zamanı isti su qaynağını tapıb, sonradan isə bu yerdə Tbilisi şəhəri salınıb.



Tiflisin ürəyi- Narikala qalaları

Bütün şəhər sanki buranın əlinin altında yatır. Qala- təpənin başında yerləşir. Hündürlüyü kifayət qədər möhkəmdir. Hətta qalanın başına qalxan yaşlı insanlar belə bu yorğunluğu hiss etmirlər.



Şarden küçəsi- Keçmiş monmarta, indiki Eliseyski - səhralar, kiçik butiklər və bəzi böyük olmayan salonları xatırladır. Bura həm də Tiflisin mədəniyyət ocağı sayılır.



Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanışlıq

Qısa xatırlatma: Bina M.F.Axundovun öz vəsaiti hesabına inşa edilib. 1982-ci ildə Gürcüstanın azərbaycanlı ziyalılarının bu ölkənin rəhbərliyinə müraciəti əsasında binada muzey təsis edilib və M.F.Axundovun ev-muzeyi kimi fəaliyyət göstərib.

1996-cı ildə ulu öndər Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra M.F.Axundovun ev-muzeyi təmir olunub, həmin vaxtdan M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzi kimi fəaliyyət göstərib.

2007-ci ildə Gürcüstan Prezidentinin sərəncamına əsasən, ev-muzeyə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib. 2013-cü ildə Azərbaycan Respublikasının vəsaiti hesabına muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib.



Muzeyin ekspozisiya hissəsi altı zaldan ibarətdir.

Birinci zal - qədim və zəngin Azərbaycan mədəniyyətinə həsr olunub. Orada Azərbaycanın milli geyim nümunələri və xalq sənətinin müxtəlif sahələrinin - dulusçuluq, zərgərlik, xalçaçılıq, daş, ağac, sümük və dəri emalının nümunələri ilə tanış olmaq mümkündür. Zalda Azərbaycanın məşhur rəssam və bəstəkarlarının fotoşəkilləri və onlar haqqında qısa məlumatlar mövcuddur.
İkinci zal - M.F.Axundovun həyat və yaradıcılığını əks etdirir. Bu zalda onun 1812-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olduğu evin maketi, ailə üzvlərinin fotoşəkilləri və bəzi əlyazmalarının surətləri yerləşdirilib.
Üçüncü zal - M.F.Axundovun qonaq otağının surətidir. Həmin otağın interyeri arxiv materialları arasında aşkar edilmiş köhnə fotoşəkil əsasında bərpa edilib. Orada M.F.Axundov ilə sıx təmasda olmuş görkəmli insanların, şair və yazıçıların, о cümlədən, Aleksandr Bestujev-Marlinski, Qriqol Orbeliani, Mixail Lermontov və s. şəkilləri təqdim olunub.
Dördüncü zal - şərti olaraq "musiqi" zalı adlandırıla bilər. Azərbaycan musiqisinə həsr olunmuş bu zalda məşhur müğənnilərin, eləcə də o dövrdə keçirilən konsertlərin afişalarının fotoşəkillərini görmək mümkündür. Orada Azərbaycanın bir neçə milli çalğı aləti - tar, kamança, saz, qaval nümayiş etdirilir.
Beşinci zal - M.F.Axundovun xatirə iş otağıdır. Orada onun şəxsi əşyaları, о cümlədən yazı masası, kitab dolabı, divar saatı və çıraq saxlanılır. Həmin otaqda M.F.Axundovun müxtəlif dillərdə nəşr edilmiş əsərlərinin üz qabıqlarının surətləri nümayiş etdirilir.
Altıncı zal - Azərbaycan və Gürcüstan dostluğuna həsr olunub. Orada Azərbaycan və Gürcüstan heykəltəraşlarının qarşılıqlı dostluq münasibətlərini əks etdirən əsərləri nümayiş olunur. Otaqda Tbilisi şəhərində M.F.Axundovun adını daşıyan məktəb və kitabxananın, Bakı şəhərindəki Tbilisi prospektinin və "Dostluq abidəsi"nin fotoşəkilləri mövcuddur.

Muzeydə Tbilisi şəhərində yeganə olan azərbaycandilli kitabxana fəaliyyət göstərir. Həmçinin inzibati binada incəsənət qalereyası və "Monsieur Jordan" kafe-ədəbi kitabxanası yerləşir. Kafedə M.F.Axundovun mumdan hazırlanmış heykəli qoyulub.



Tbilisinin gəzməli görməli yerlərinə piyada da getmək də olar, metro ilə də. Lakin şəhərin metrosuna minmədiyim üçün qatarların rahatlığı və görünüşü haqqında birsöz deyə bilməyəcəm. Tbilisidə məkanlar küçələr ilə müəyyənləşir. Yəni, istənilən ünvanı gedib tapa bilmək üçün mütləq həmin ünvanın yerləşdiyi küçənin adını bilməlisən. İndi isə bəzi küçələrini tanıyaq Tbilisinin.

Mixaylovskaya küçəsi



Tabidze küçəsi



Artıq səyahətimizin ikinci günüdür və gürcü mahnılarına qulaq asa-asa Tiflisdən Barjomiyə gedirik.



`Barjomi Palace hoteli` həm görünüşünə, həm də xidmətinə görə diqqətimi çəkdi. Öncə onu deyim ki, hoteldə bir gün qalmaq üçün haradasa 75-90 dollar pul ödəməlisən. Qiymətə hoteldə gündə 3 dəfə yeməklə yanaşı tibb xidmətləri də daxildir. Yəni, hoteldə qalan adam sağlamlığı ilə bağlı hansısa problemlə üzləşərsə, hoteldəki həkimlər onları müalicə edir.



Həmçinin, `Barjomi Palace`nin divarlarında məşhur barjomi mineral suyunun istehsal olunduğu ilk fabriklərin rəsimləri divarlardan asılıb.



Ənənəvi gürcü süfrəsi “Borjomi” ilə başlayır, xaçapuri ilə davam edir, belə deyərdim ki, çeşidlər bitmək bilmir... Gürcü süfrəsinə dəvət olunan qonağa əvvəlcə sasivinin (qoz sousunda bişirilmiş hinduşka), sonra hər bir ailədə xüsusi resept ilə hazırlanan lobyanın (pomidor sousunda bişirilir), eləcə də kaxetiyalıların sevimlisi olan xaşlamanın (ədviyyatlarla qaynadılıb bişirilmiş ət) dadına baxmağı təklif edirlər.

Süfrədə ikinci çörək isə`mçadi` sayılır. Diqqətimi çəkən bu çörək növü qarğıdalı unu ilə suyun qarışığından bişirilir. Mçadi süfərəyə isti-isti gətirilir. Kim istəsə xəmirin ortasına hər hansı pendir növü qoyub yeyə bilər. Onu da deyim, mçadini pendirsiz yemək ləzzət eləmir.



“Borjomi” isə süfrənin nemətidir. Gürcüstana gedib də, bu mineral suyun çıxdığı yeri gedib görməmək, yəqin ki, səyahətin ən gözəl hissindən məhrum olmaq deməkdir.



`Borjomi`Gürcüstanda Barjomi dərəsində yer səthinə çıxan təbii sodalı sudur. Vulkanik mənşəli bu mineral suyun yaşı 1500 ildən yuxarıdır. Onu 8-10 km dərinlikdən yer səthinə təbii karbon qazı sıxışdırıb çıxarır. Bir çox digər hidrokarbonatlı natriumlu mineral sulardan fərqli olaraq, “Borjomi” yerin altında soyumağa imkan tapmadan “yol boyu” Qafqaz dağlarının süxurlarında olan 60 müxtəlif mineral növü ilə zənginləşərək yer səthinə ilıq halda çatır (38-41°С). “Borjomi” suyu dünyanın 30 ölkəsinə tədarük edilir.
Qafqazda çoxlu müxtəlif mineral sular olsa da, onlardan heç birinin tərkibi “Borjomi” suyu ilə eyni deyil. Yer səthinə ilıq şəkildə çıxan Borjomidən isə pas iyi gəlir və soda dadır.



Həmçinin, qeyd edim ki, Barjomi dərəsində park da salınıb. Parka giriş pulludur və bir lari belə etmir.



Əlini ürəyinin üstünə qoyub and içən gürcü satıcı

Parkın qarşısında isə piştaxtalar qurulub və gürcü satıcılar öz dillərində əmin edirlər ki, onların satdıqları, bal, mürəbbə boğaz üçün ən xeyirli olan mürəbbədir. Hətta, əllərini ürəklərinin üstünə qoyub and da içirlər.



Yaşıl palmaları, bambuk ağacları, maraqlı heykəlləri, təmiz küçələri ilə Qafqazda Avropanı xatırladan Batumi



Ayrılıb-qovuşan kişi və qadın heykəli

Batuminin ən gözəl yeri isə bulvardır. Tikintisinə 1881-ci ildə start verilən bulvar 7 kilometr uzunluğundadır. Bulvar şərti olaraq yeni və köhnə bulvara ayrılıb.
Batumi bulvarında ən çox diqqəti çəkən “Əli və Nino” abidəsidir. Hərəkət edən iki insan heykəlindən ibarət abidənin müəllifi Tamar Kvesitadze əsəri yaradarkən Azərbaycanlı yazıçı Qurban Səidin “Əli və Nino” romanından ilham aldığını, azərbaycanlı gənclə gürcü qızının sevgisinə abidə ucaltmaq istədiyini bildirib. Bir-birindən aralı metal konsturksiyalı kişi və qadın heykəli hər gün səhər saatlarında hərəkətə başlayır və spiralvari quruluşları sayəsində hər 8-10 dəqiqədən bir qovuşurlar. Heykələ 5 milyon dollar sərf olunub.



Əlifba qülləsi

Qüllə gürcü əlifbasının bütün 33 hərfini əhatə edir. Lakin hazırda qüllə ziyarətçilərə bağlıdır və içərisində heç nə yoxdur.



Batuminin astronomik saatları

Hər saatın tamamında fərqli zəng çalınır ki, bu da hər kəsə vaxtı dəqiq bilməyə imkan verir.



`Qornıy Acariya` deyilən bir yer var. Həmin ərazinin ən ucqar yeri isə Kaxoni kəndi adlanır. Kənddə yaşamaq üçün demək olar ki, heç bir şərait yoxdur. Belə deyək ki, burada yaşayan gürcülər hətta 1 çörək ala bilmək üçün belə Acariyə gəlməlidirlər.Və bunun üçün yeganə nəqliyyat vasitəsi olan kanata minirlər. Kanatla kəndə aparan yolu 10 dəqiqəlik məsafə ayırır. Təsəvvür edin, dağların üstü ilə 10 dəqiqə `uçursan`. Bu on dəqiqəlik yolu hətta bir dəfə gedib, bir dəfə qayıtmaq üçün böyük ürək sahibi olmalısan. Gürcülər isə bu ürəyə sahib olduqları üçün çox xoşbəxtdirlər...

Öyrəndik ki, həmin kəndin ən yaşlı sakininin 74 yaşı var. 74 yaşlı nənə türk dilini bilsə də, jurnalistlərlə gürcü dilində danışmağa üstünlük verdi. Bəlkə də, 74 yaşlı nənənin dilini bilmədiyim üçün onun bu cür həyat tərzi mənə maraqlı gəlmədi.



Gürcüstanın ən iri şəhərlərindən biri də Tskaltubodur.



Tskaltuboda sanatoriya var və əhalinin ən çox axın etdiyi məkan buradır. `Tskaltubo Spa Resort`adlanan bu sanatoriyaya ən çox müalicə almağa gələnlər isə azərbaycanlılardır. Giriş qapısından Azərbaycan dilində`Xoş gəlmisiniz` yazısı da bunu deməyə əsas verir.



Sanatoriyaya müailəcəyə gələn, Xaçmaz Uşaq incəsənət məktəbinin direktoru, Adıgözəlova Telnaz xanım deyir ki, buranın suyunun müəyyən xəstəliklərə xeyri var: `Bura gələn azərbaycanlılara qarşı gürcülərin münasibəti çox yaxşıdır. Danışıqlarından, münasibətlərindən hiss edirik ki bunu. Gürcülər deyir ki, yaxşı ki, azərbaycanlılar var və bura gəlirlər. Təbiəti də gözəldir`.




Kutaisi ilə Tskaltubanı 7 kilometr məsafə ayırır. Mayın 5-i Kutaisinin yaranma günü idi və gürcü xalqı həmin günü küçələrdə bayram edirdi.




Mirvari Nəcəf




Teqlər:  





Xəbər lenti