“Beyin mərkəzləri gələcəyin formalaşmasına təsir göstərirlər” – Səadət Yusifova

 “Beyin mərkəzləri gələcəyin formalaşmasına təsir göstərirlər” –  Səadət Yusifova
  28 Sentyabr 2022    Oxunub:791
“Müasir dünyamızda beynəlxalq münasibətlər mürəkkəbləşməkdə davam edir və getdikcə daha çox gözlənilməz, proqnozlaşdırıla bilməyən xarakter alır. COVİD 19 pandemiyası, Ukryanda müharibə, regional münaqişələrin yenidən alovlanlası, qlobal siyasi-iqtisadi böhranın doğruduğu sosial narazılıq dalğası, iqlim dəyişməsi, təbii və texniki kataklizmlər kimi qlobal çağırışlara cavab verilməsi zərurəti dövlətlərin, beynəlxalq təşkilatların, beynəlxalq ictimaiyyətin və beyin mərkəzlərinin birgə səylərini şərtləndirir”.
Bu sözləri Bakıda Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib.

O bildirib ki, qloballaşma və müasir texnologiyaların sürətli inkişafı nəticəsində dünyanın “kiçilməsi”, informasiyaya dövlət inhisarının aradan qalxması yeni qeyri-dövlət aktorlarının, o cümlədən də beyin mərkəzlərinin rolunu əhəmiyyətli dərəcədə artırır. Beyin mərkəzləri dövlətin “gələcəyin idarə edilməsi” strategiyasının tərkib hissəsi olmaqla, həm də dövlət idarəçilik sisteminin aparıcı komponentinə çevrilirlər. Onlar dövlətin daxili və xarici siyasət metodlarını, simmetrik və assimetrik çağırışlara qarşı mübarizə üsullarını, beynəlxalq səviyyədə milli maraqların təmin edilməsi siyasətini işləyib hazırlayır, gələcəyi proqnozlaşdırmağa çalışırlar.

Beyin mərkəzləri akademik dairələrlə hakimiyyət, hökümətlə vətəndaş cəmiyyəti arasında vasitəçi rolunu oynayır. Bu dövlət orqanları ilə elmin sıx əməkdaşlığına, dövlət siyasətinə töhfə verməyə, qlobal proseslərə strateji baxış formalaşdırmağa imkan yaradır, daha effektiv, düşünülmüş siyasət yürütməyə, milli maraqların təmin edilməsi ilə bağlı elmi-əsaslandırılmış qərarların qəbul edilməsinə yardım edir.

Səadət Yusifova vurğulayıb ki, beyin mərkəzləri gələcəyi proqnozlaşdırmaqla müəyyən mənada onun formalaşmasına təsir göstərirlər. Belə ki, beyin mərkəzləri proqnozları verməklə və gələcəyin mümkün ssenarilərini hazırlamaqla, hadisələrin mümkün inkişafına hazırlaşmaqla və preventiv mexanizmləri tətbiq etməklə, qaçılmaz olaraq bu proseslərin kortəbii inkişaf istiqamətini və mümkün nəticələrini dəyişir. Bu gün beyin mərkəzləri nəinki dövlət daxili, həm də qlobal sosial-siyasi oyunçulara çevrilir.

AzVision.az



Teqlər: Beyin-mərkəzləri  





Xəbər lenti