Pakistanda Anım Gününə həsr olunan fotosərgi keçirilib

Pakistanda Anım Gününə həsr olunan fotosərgi keçirilib
  28 Sentyabr 2022    Oxunub:709
Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi bu ölkənin KİV nümayəndələri üçün 27 Sentyabr - Anım Gününə həsr olunan mətbuat konfransı keçirib.
İlk öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Vətən Müharibəsini özündə əks etdirən videoçarxın nümayişindən sonra Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov mətbuat konfransında çıxış edərək ilk öncə Pakistanın KİV nümayəndələrini salamlayıb və Azərbaycanın 27 Sentyabr - Anım Günü barədə məlumat verib.

Səfir Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edildiyini diqqətə çatdırıb.



Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın qanunsuz olaraq işğal altında saxladığını bildirən səfir, bu illər ərzində Ermənistanın Azərbaycana qarşı dəfələrlə hərbi təxribatlar törətdiyini qeyd edib.

X.Fərhadov 2 il əvvəl, 27 sentyabr 2020-ci il tarixində Ermənistanın Azərbaycan ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə növbəti irimiqyaslı hərbi hücumuna cavab olaraq ordumuzun əks-hücum əməliyyatına başladığını, daha sonra bu əməliyyatın 44 günlük Vətən müharibəsinə çevrildiyini bildirib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, müzəffər ordumuzun Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə 44 gündə son qoyduğunu, Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini, 1 milyona yaxın azərbaycanlının fundamental hüquqlarının bərpa edildiyini, eləcə də Azərbaycanın təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdiyini diqqətə çatdırıb.
Səfir qardaş Pakistanın istər keçmiş Qarabağ münaqişəsi, istərsə də Vətən Müharibəsi dövründə ölkəmizin ədalətli mövqeyinə göstərdiyi mənəvi və siyasi dəstəyinin Azərbaycan hökuməti və xalqı tərəfindən hər zaman yüksək qiymətləndirildiyini vurğulayıb.



X.Fərhadov müharibə bitdikdən dərhal sonra azad edilmiş ərazilərdə ölkəmiz tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumatları KİV nümayəndələrinin diqqətinə çatdırıb, eləcə də Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə 30 ilə yaxın yurd həsrəti ilə yaşayan məcburi köçkünlərin artıq köçürüldüyünü bildirib.

Azərbaycanın Ermənistana sülh müqaviləsi imzalamaq üçün 5 bənddən ibarət prinsip təklif etdiyini bildirən səfir Ermənistanın hələ də destruktiv yanaşma nümayiş etdirdiyini qeyd edib. Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşması istiqamətində göstərdiyi səylərə baxmayaraq, qarşı tərəfin normallaşma prosesini pozmaq üçün mütəmadi təxribatlara əl atdığını və bu təxribatların da regional sülh və təhlükəsizliyi hədə altında qoyduğunu vurğulayıb.
Bu xüsusda, son bir neçə ayda Ermənistanın Azərbaycana qarşı dəfələrlə hərbi təxribatlar törətməsindən söhbət açan X.Fərhadov təkcə Laçın rayonunda 2021-ci ildə 1300-dən çox yeni mina basdırıldığını diqqətə çatdırıb. O, mina partlayışları nəticəsində 240-dan çox Azərbaycan vətəndaşının həlak olduğunu və ya ağır yaralandığını bildirib. Sentyabrın 13-ü Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilməsindən də bəhs edən səfir Azərbaycanın bu təxribata cavab olaraq öz suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdidin neytrallaşdırılması üçün adekvat tədbirlər gördüyünü bildirib.

Sonda səfir Azərbaycan həqiqətlərinin Pakistan, eləcə də beynəlxalq ictimaiyyət arasında yayılmasında göstərdikləri dəstəyə görə qardaş Pakistanın KİV nümayəndələrinə öz təşəkkürünü çatdırıb.

Çıxışdan sonra KİV nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Tədbirdə həmçinin, Anım Gününə həsr olunan foto sərgi keçirilib, eləcə də Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsini, məcburi köçkünlərin Zəngilanın Ağalı kəndinə geri qayıtmasını əks etdirən videolar da nümayiş etdirilib.











AzVision.az


Teqlər:





Xəbər lenti