"Heç vaxt ola bilməz”i darmadağın edənlər: Vətən onlarla əbədiləşdi

 "Heç vaxt ola bilməz”i darmadağın edənlər:  Vətən onlarla əbədiləşdi
  27 Sentyabr 2022    Oxunub:783
İki il əvvəlin bu günü düşmən təxribatının qarşısını almaq üçün hücum əmrinin verilməsi ilə gözümüzü açdıq. Hər kəsin ürəyi cəbhədə idi. Necə olacaq? Biz Qarabağı azad edəcəyik? Bəlkə də çoxumuz bu günün 44 günlük qələbə və Qarabağ zəfəri ilə bitəcəyini güman etmirdik. Amma bir qarış torpağımızın belə azad edilməsi bizim üçün böyük sevinc olardı. Necəki o sevinci biz ilk müjdə xəbəri ilə aldıq...
Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.

Ay Allah bundan gözəl nə xəbər ola bilərdi?! Vətən torpağım düşmən tapdağından azad olur. Biz addım-addım Qarabağa yaxınlaşırıq. Amma bilmirdik ki, bu xəbər hələ başlanğıcdır. Ordumuz, qəhrəman igidlərimiz bizi qələbə xəbərlərinə boğacaq. Hər telefon zəngində “ana, şad xəbərləri gözlə. Gözün televizorda, Ali Baş Komandanın müjdə xəbərlərində olsun” sözlərini eşidəcəyik.

Budur günbəgün biz işğal altında olan rayonlarımızın azad olunması xəbərlərini eşidirik. Qələbə xəbərləri Ordumuzun cəbhədən göndərdiyi şən videolar, zarafatları, musiqiləri ilə daha da şənlənir. Xudayarın ifası ilə nə xəyallar qurduq duetlər ifa etdik... Bizim üçün Vətən bağı onunla əbədiləşdi, onunla zirvəyə qalxdı.

Ali Baş Komandanın qələbə tvitləri... İlahi, onu hansı həyacanla gözləyirdik. Bizə növbəti Vətən torpağının azad edilməsi sevincini verən o yazılar... Eyni zamanda Ali Baş Komandanın videoları. Erməni avantürasının darmadağın edilməsini sübut edən irəliləyişlər, Ordumuzun məhv etdiyi və ələ keçirdiyi hərbi texnikalar barədə məlumatları birinci şəxsdən eşitməyə can atırdıq. O zamanlar Prezident İlham Əliyevin Paşinyana verdiyi adlar sonradan dillər əzbəri oldu. “Nə oldu Paşinyan, Cəbrayıla yol çəkirdin?”

Hər birimiz 30 illik torpaq həsrətin meyvəsini acgözlüklə qəbul edirdik. Bu qələbəni Vətən üçün bir an belə canını düşünmədən gedən oğullarımıza, qardaşlarımıza, bu yolda canını fəda edən şəhidlərimizə, yaralanan qazilərimizə, Azərbaycan Ordusuna borcluyuq.

Qələbə xəbərlərini alarkən axıtdığımız sevinc göz yaşları şəhid xəbərləri ilə ürəyimizə dağ çəkirdi. Bu yolda canından keçənlər igidlərimizin hər biri yazdıqları qəhrəmanlıq tarixçəsi ilə dastana döndülər. Biz bu dastanın qəhramanlarını hər zaman ən uca zirvələrdə yaşadacağıq və gələcək nəsillərə ötürəcəyik. Onlar hər kəsin “heç vaxt ola bilməz” dediklərini darmadağın edib, Zəfər yaşatdılar.

Anım gününüz mübarək Qəhrəmanlar, Zəfəriniz mübarək...

Aytən Zəhra

AzVision.az


Teqlər:





Xəbər lenti