Səfərbərlik arzulayan həkim: Şəhid Feyruz Hacılı dostlarına nə yazmışdı...

  Səfərbərlik arzulayan həkim:  Şəhid Feyruz Hacılı dostlarına nə yazmışdı...
  27 Sentyabr 2022    Oxunub:2506
Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
Xatirəsi yad edilən şəhidlərimizdən biri də Hacılı Feyruz Bəhruz oğludur. O, 1994-cü ildə martın 4-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Tibb Universitetinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib.

AzVision.az -a danışan şəhid atası Bəhruz Hacılı deyir ki, oğlu müharibənin başlamasına 3 gün qalmış dostlarına mesaj yazaraq bunları qeyd edib: “Vətən əldən gedir. Səfərbərlik olsaydı, biz də gedərdik”.

Sentyabrın 30-da Feyruza çağırış gəlib və döyüşə yollanıb. Füzuli və Hadrut istiqamətində qızğın döyüşlərdə iştirak edib. Oktyabrın 14-də ayağının şah damarından qəlpə yarası alıb, 3 gün sonra isə ayın 17-də şəhidlik zirvəsinə ucalıb.

İndi oğlunun məzar daşını qucaqlayan ata onunla fəxr etdiyini bildirib: “Feyruz çox gözəl bala idi. Namuslu, qeyrətli, vətənpərvər oğul idi. Həkim işləyirdi. Mən fəxr edirəm ki, mənim belə bir qəhrəman oğlum var. Nəinki Feyruz, şəhid olan hər bir balamız qəhrəmandır. Onlar öz qanları ilə tarix yazdılar. Allah onların məkanını cənnət etsin. Şəhidlər heç bir zaman unudulmasın”.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Hacılı Feyruz Bəhruz oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.







Şəms Şahinli
Əhməd Xəlilov

AzVision.az


Teqlər:





Xəbər lenti