"Paşinyanın ölkəni necə təslim etdiyinə baxım?” - Ter-Petrosyana cavab

   "Paşinyanın ölkəni necə təslim etdiyinə baxım?” -    Ter-Petrosyana cavab
  27 Sentyabr 2022    Oxunub:604
Ötən gün Ermənistan Respublikasının eks-prezidenti Levon Ter-Petrosyan İctimai Televiziyaya müsahibəsində Ermənistanı çətin və ağrılı qərarların gözlədiyini bildirib. O, Azərbaycan və Türkiyə ilə müqavilələrin imzalanmasının zəruriliyini vurğulayıb. Keçmiş dövlət başçısı hesab edir ki, Ermənistanın prezidenti problemin həllində dövlət üçün ən az ağrılı variantı seçməkdə hazırkı baş nazirlə dialoqa başlamalıdır.
“Hayastan” parlament fraksiyasının rəhbəri, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Levon Ter-Petrosyanın fikirlərinə münasibət bildirib. O deyib ki, ölkənin son dərəcə çətin vəziyyətdə olması ilə bağlı fikirləri ilə razılaşır, lakin o, hazırkı hakimiyyət ətrafında konsolidasiya çağırışından çaşqındır.

"Onlarla (Ermənistanın indiki hakimiyyəti - red.) nəyi müzakirə edək? Onun yanında durmaq və onun (baş nazir Nikol Paşinyan - red.) ölkəni necə təslim etməsinə baxmaq? Ermənistanın təslim olmasına şərik olmaq?" - deputat Yerablur hərbi panteonunda jurnalistlərə bildirib.

Bu kontekstdə Ohanyan qeyd edib ki, o, dəfələrlə həm dinc, həm də müharibə zamanı hakimiyyətə təhlükəsizlik problemlərinin həllində öz yardımını təklif edib, lakin onun köməyi rədd edilib.

"Başa düşmürəm, bu hakimiyyətlərlə başqa hansı kompromislərə getmək lazımdır? Onların prioriteti ölkənin sərhədləri və təhlükəsizliyi deyil, düşmənlə gizli danışıqlar, razılıq əldə etmək, polislərin sayını artırmaq və hakimiyyəti saxlamaqdır".

Keçmiş müdafiə naziri qeyd edib ki, 44 günlük müharibədə məğlubiyyətdən sonra Ermənistanın indiki hakimiyyəti xarici siyasətdə, müdafiə, ordu quruculuğu, dövlət idarəçiliyi ilə bağlı məsələlərdə uğursuzluğa düçar olub. Onun fikrincə, indiki reallıqlarda hakimiyyəti dəstəkləmək yox, danışıqlar aparan şəxsi təcili dəyişmək lazımdır.

"Danışıqçılar təzyiq altındadır, yeganə çıxış yolu onu dəyişməkdir. Vəziyyət kritikdir", - Ohanyan əlavə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti