Məğlubların matəmi: Erməni valideynləri nələr deyir?..

 Məğlubların matəmi:  Erməni valideynləri nələr deyir?..
  27 Sentyabr 2022    Oxunub:1386
Bu gün Azərbaycanda anım tədbirləri qələbə ab-havasında təşkil olunsa da, İrəvanda 44 günlük müharibənin başlanmasının ildönümü etiraz, narazılıq, matəm ovqatında keçirilib.
Müharibədə öldürülmüş hərbçilərin valideynləri gecə saatlarından başlayaraq Yerablur hərbi panteonuna toplaşıblar. Valideynlər jurnalistlərə verdikləri açıqlamalarda çəkdikləri dərdin ümumxalq acısı olduğunu deyir, hakimiyyəti sərt şəkildə tənqid edirlər.


İtkin düşən əsgər Araik Bağdasaryanın anası Koar Bağdasaryan baş nazir Nikol Paşinyanı tənqid edib: “Mənim bu adama heç bir hörmətim yoxdur. Ona görə də həmin şəxsi öz adı ilə çağırmıram. O, yalançı kimi hakimiyyətə gəldi, millətə yalan danışdı və hakimiyyət kürsüsündə bərk-bərk oturdu. Müharibəylə bağlı heç nəyi üzə çıxarmayacaq. Evimizin damını, vətənimizi Ter-Petrosyan, divarları, qalan pəncərələri Köçəryan dağıtdı. Sonda isə Paşinyan qapılarımızı sındıraraq, yuvamızı tam şəkildə uçurmağa imkan yaratdı”.

Digər narazı valideyn, döyüşlərdə məhv edilmiş hərbçi Levon Qalstyanın anası isə deyib ki, oğlu müharibə başlayanda cəmi 10 ayın əsgəri olub.


- O, Hadrutda baş tutan xəyanət nəticəsində tələyə düşüb. Zabitlər qaçdılar, əsgərlərin isə getməyə yeri yox idi,- əsgər anası erməni zabitlərin fərariliyindən gileylənib.
Onun sözlərinə görə, hələ də araşdırılmayan xeyli hərbi cinayət işləri var.

"Müharibədə çoxları mövqeyini qoyub qaçdı" - Erməni əsgər atası
- Ədalət yoxdur, hamı bir zay adama tabedir. Uşaqlıqdan biabırçı formada tərbiyə alan adam necə baş nazir ola bilər? O, bura (Yerablur - red.) girməməli idi, bu məkana daxil olmağa layiq deyildi,- ölən əsgərin valideyni gileylənib.


Başqa bir əsgər anası "Yerevan Today"ə danışarkən daha sərt fikirlər səsləndirərək kapitulyant Nikol Paşinyanın erməni olmadığını deyib.
“Oğlum müharibə vaxtı heç nə demirdi. Bildirirdi ki, hər şey qaydasındadır. Füzulidə öldürülüb. Bizi hansı sınaqların gözlədiyini anlayırıq, amma rəhbərlik bunun fərqində deyil... Bu hadisələr nə qədər uzanacaq? Bu insanlar nə vaxta kimi əziyyət çəkəcəklər və nə qədər ana ağlayacaq? Yetər artıq, bu rəhbərlik getməlidir. Onun yeri hakimiyyət deyil. Uduzan, məğlub olan getməlidir. Nə qədər ki, Nikol rəhbərlikdə qalacaq, o qədər də qurbanlarımız olacaq, yaşaya bilməyəcəyik, boğulacağıq. Onun ata biləcəyi cəsarətli addımlardan biri də xalqı üçün kürsüdən düşməkdir... Artıq baş nazirin erməni olmasına şübhə edirəm”,- əsgər anası hakimiyyəti, məğlubiyyətlərini sərt şəkildə tənqid edərkən deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Əsgər-Anası   Paşinyan   Məğlubiyyət  





Xəbər lenti