Paşinyan KTMT-nin baş katibini qəbul etməyib

// İrəvanla Moskva arasında siyasi qalmaqal böyüyür

 Paşinyan KTMT-nin baş katibini   qəbul etməyib
  27 Sentyabr 2022    Oxunub:1548
Ermənistanla Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında növbəti siyasi qalmaqal yaşanıb. Sentyabrın 20-də KTMT-nin baş katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti Ermənistana gələndən sonra baş nazir Nikol Paşinyan ona qarşı hörmətsizlik sərgiləyib.
"Hraparak" yazır ki, Zasın ölkədə 5 gün - sentyabrın 25-nə kimi qalması planlaşdırılırdı. Məqsəd Ermənistan - Azərbaycan sərhədindəki durumu araşdırmaq, indiki vəziyyətdən çıxış yolu tapmaq idi. Hətta mövcud gərginliyin azaldılmasına dair təkliflər də varmış. Ermənistanın dövlət başçısı KTMT-nin baş katibini qəbul etməli imiş. Lakin hər şey gözlənilənlərin əksinə olub. Paşinyan KTMT-nin baş katibini qəbul etməyib.

Rus moderator erməni naziri "sancdı" - İrəvanın mərkəzində qəribə sual
Zas İrəvana gələndən 2 gün sonra Paşinyan Nyu-Yorka uçub. Maraqlıdır ki, baş nazir orada BMT Baş Assambleyasının sessiyası çərçivəsində KTMT-nin və Rusiyanın bir nömrəli düşməni olan NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.
Həmin vaxt Zas Ermənistanda ikinci eşalon sayılan rəsmilərlə görüşlər keçirirdi. Məsələn, xarici işlər nazirinin müavini, Nazirlər Kabinetinin katibi, Baş Qərargah rəisi kimi. Dünən belə bir informasiya da yayıldı ki, Paşinyanın Nyu-York görüşündən xəbər tutan Zas Ermənistanı planlaşdırdığından bir neçə gün tez tərk edib. Xarici İşlər Nazirliyi isə onun hansı gündə getdiyini aydınlaşdıra bilməyib.

Qeyd edək ki, son iki ayda Ermənistanda anti-Rusiya ab-havası artıb. Ölkədə Vladimir Putinin, Ukraynada aparılan müharibənin əleyhinə aksiyalar keçirilir, hətta yerli mediada Surmaluda baş vermiş partlayışda "rus izləri" axtaran təhlil yazıları dərc edilir. Bu da azmış kimi İrəvanın son sərhəd təxribatlarından sonra Ermənistanın KTMT-dən çıxması məsələsi tez-tez gündəmə daşınır. Moskva ilə İrəvan arasında soyuqluğu gücləndirən mühüm hadisələrdən biri isə Nensi Pelosinin gözlənilmədən İrəvana səfər edib burada arzuolunmaz bəyanatlar səsləndirməsi oldu.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   KTMT   Paşinyan  





Xəbər lenti