Gediş haqqı tarifləri artırılacaq? - Sərnişindaşıma şirkətlərindən tələb

   Gediş haqqı tarifləri artırılacaq?  -  Sərnişindaşıma şirkətlərindən tələb
  26 Sentyabr 2022    Oxunub:869
Bakıda və ətraf qəsəbələrdə fəaliyyət göstərən sərnişindaşıma şirkətləri İqtisadiyyat Nazirliyinə kollektiv müraciət ünvanlayaraq tariflərə baxılmasını, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və birgə görüşün keçirilərək yaranmış vəziyyətin müzakirə edilməsini xahiş ediblər.
AzVision.az -a daxil olan müraciəti təqdim edir:

"Bu ilin yanvar və aprel aylarında Tarif (qiymət) Şurasına müraciət edilib, lakin həmin müraciətlər cavabsız qalıb. İctimai nəqliyyatda mövcud olan vahid tariflə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb. Bu müraciətlə bağlı şirkətlərdən 2022-ci ilin proqnoz göstəriciləri tələb olunmuş və tələb icra edilib. Lakin müraciət bu günə qədər nəticəsiz qalıb. Bir daha diqqətinizə çatdırırıq ki, Bakıda ictimai nəqliyyatın 81 %-nə özəl daşıyıcı şirkətlər nəzarət edir. Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığını bildiririk.

Belə ki, 3 ilə yaxındır davam edən pandemiya sərnişindaşıma şirkətlərinə ciddi zərbə vurub, əhalinin sosial-iqtisadi aktivliyinin azalması sərnişin axınının kəskin azalmasına, gəlir imkanlarımızı minimuma endirməklə böyük maliyyə itkisinə səbəb olub. 2021-ci ildə ölkə ərazisində dizel yanacağının qiyməti 33% artırılaraq 80 qəpik müəyyən edilib. Dizel yanacağının bahalaşmasının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün ayrılan subsidiyanın məbləği isə yanacağın bahalaşması səbəbindən yaranan əlavə vəsait itkisinin cüzi hissəsini əhatə edir. Avtobus nəqliyyat vasitəsinə zəruri olan sürtgü yağları, şin və sair bütün növ ehtiyat hissələrinin qiyməti 50%-ə qədər artıb. Bu hallarda şirkətlərin gəlirlərinin kəskin azalmasına, xidmət keyfiyyətinin aşağı düşməsinə və ümumilikdə ictimai nəqliyyatın cəmiyyətdə nüfuzunun azalmasına səbəb olur. Nəticədə bu günün bazar reallığından dəfələrlə aşağı olan gediş haqqı, şirkətləri ciddi maliyyə itkilərinə məruz qoyub, borclanmanı daha da artırıb, fəaliyyət imkanlarımızı risk altına salıb”, - deyə daşıyıcı şirkətlər bəyan edib.

Bundan başqa, müraciətdə deyilib ki, pandemiya ilə əlaqədar 2020-ci ildə dövlətin sərnişindaşıma şirkətlərinə yardım məqsədilə ayırdığı vəsait onlara verilməyib: "Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə “həyati vacib sərnişindaşıma sahəsinə” maliyyə dəstəyinin verilməsi üçün 280 milyon manat vəsait ayrılıb. Həmin vəsaitin bir hissəsi Bakıda fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinin maliyyə dayanıqlılığının təmin edilməsi üçün nəzərdə tutulsa da, bu vəsait bizə ödənilməyib. Pandemiya dövründə bu vəsaitin ayrılması dövlətimizin sərnişindaşıma sahəsinə diqqətini əks etdirir. Şübhəsiz ki, onun ödənilməsi ağır vəziyyətdə olan şirkətlərin fəaliyyətinə kifayət qədər müsbət təsir göstərərdi”.

Daşıyıcı şirkətlər hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödədiklərini və bunun kifayət qədər böyük faiz olduğunu bildirərək həmin rüsumun azaldılmasını xahiş edib, həmçinin ictimai nəqliyyatda alternativ ödəniş sistemlərinin tətbiq edilməsini, kartla ödənişə keçidin başa çatdırılmasının vacib olduğunu vurğulayıb. Şirkət rəhbərləri İqtisadiyyat Nazirliyində qəbul olunmalarını xahiş edərək yaranmış çoxsaylı problemlərin həlli üçün təcili tədbirlərin görülməsinin vacib olduğunu bildiriblər.

AzVision.az

Teqlər:







Xəbər lenti