Mirşahindən ağır cavab: "ANS nə edirsə, düz edir"

Mirşahindən ağır cavab: "ANS nə edirsə, düz edir"
  03 May 2014    Oxunub:1201
Bu gün ölkə mətbuatının gündəmində yer alan əsas xəbərlərdən biri məhz ANS-lə bağlı idi. Xəbər bundan ibarətdir ki, ANS ÇM radiosu bir müddətdir efirə “Qafqaz top onluğu” daxilində erməni mahnısı verib.
Bu da elə suallar yaradıb ki, indi həmin suallara ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev cavab verib.

- ANS ətrafında ajiotajın səbəbi nədir?

- Son zamanlar Azərbaycanda bəzi kütləvi-informasiya vasitələrində, sayt və portallarda ANS-ə münasibətdə Roma Papasından artıq katolik olmaq həvəsi özünü biruzə verməkdədir. Ən qəribəsi də burasıdır ki, bu qüvvələr ANS-in məhz ana xəttini - vətənpərvərlik ruhunu şübhə altına almağa yönəlik mövqe sərgiləyirlər. Məsələn, dünənədək nurçuların ruporu olan informasiya vasitəsi bu gün xütbəsini baş məqaləyə dəyişir və ANS-ə ittihamlar yağdırmağa cəsarət edir. ANS-ə - məhz o şirkətə ki, onun yaradıcıları bütün müharibəni birinci gündən sonuncu günədək çiyinlərində kamera və avtomatla keçiblər, bütün dünya məhz ANS-in operatorlarının çəkdiyi kadrlar vasitəsilə Azərbaycanın təcavüzə məruz qaldığının şahidi olub, məhz ANS-in əməkdaşlarının zəhməti sayəsində Qarabağ həqiqətlərindən xəbər tutub. ANS-çilər yaralanıblar, itkilər veriblər. ANS-i bu gün öz aləmlərində güya ittiham etdiklərini düşünənlər, elə ANS-in cəbhədən verdiyi qaynar reportajlar altında böyüyüblər.

- Mirşahin müəllim, bəs söhbət nədən gedir və üzdəniraq “həmkarlarımızı qıcıqlandıran səbəb nədir?

- Azərbaycanın birinci FM stansiyası, özü də Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan radiostansiyada iki aya yaxındır ki, Qafqaz musiqisindən ibarət xit-parad efirə gedir. Təbii ki, burada hər bir Qafqaz xalqı kimi ermənilərin də təmsilçisi iştirak edir, onun da ifasında mahnı səslənir. Həmişə öndə getməsi ilə seçilən ANS bu dəfə də qabaqlayıb, Dağlıq Qarabağ əhalisini, məhz Azərbaycan vətəndaşları saydığından onların nümayəndəsinin ifasını xit-parada daxil edib. Bu adicə bir radio-layihədir və onu yaradanlar heç bir siyasi məqsəd güdmürlər. Əksinə, Azərbaycanın özəl radiostansiyası erməni mahnısını səsləndirəndə Ermənistanın uzun müddətdir ki, dünyaya Azərbaycanı vəhşi, ermənifob, qəddar bir millət kimi tanıtmaq siyasətini ifşa edir.

- Bəs ANS-in məqsədi nədir?

- ANS ÇM bu addımı ilə bizi sivil, mədəni, hətta düşməni belə mədəniyyətdən ayırmağı bacaran bir millət kimi dünyaya çıxarır. Bu günlərdə qaçqın Azərbaycan ailəsinə sığınacaq verdiyini dünyaya hayqıran, İqtisadi İnkişaf Nazirimiz haqqında pozitiv film çəkən ermənilər özlərini əslində məxsus olmadıqları humanist qiyafədə təqdim edirsə, biz niyə irsi alicənablığımızı nümayiş etdirməyək? Azərbaycan Radiosu dünya dinləyicisi üçün hər gün saat 13-dən 14-dək erməni dilində verilişlər hazırlayır, onların musiqisini səsləndirir, Azərbaycanın “SBS” kanalı hər gün saat 16-dan 17-yə qədər erməni dilində proqramlar hazırlayır, Azərbaycanda erməni dilli sayt var və işləyir. “Armenia.az” və sair... və sair... Bu baxımdan ANS ÇM də dövlətin apardığı ideoloji siyasətdə yaxından iştirak edir. MTRŞ-nin sədrinin verdiyi açıqlamanı isə adekvat hesab etmirəm. Ona görə ki, onun dediyi kimi ANS heç kimin heysiyyatına toxunmur, adi radio layihələrindən birini təqdim edir.

- Mirşahin müəllim, bu layihə də təxminən iki aydır efirdədir. Amma niyə məhz indi bu məsələ xüsusi olaraq qabardılır? Nə baş verib?

- Milli Televiziya və Radio Şurasını anlayıram mən. Ona görə ki, biz Şuranı məhkəməyə vermişik və qurum əsəbidir. Yeri gəlmişkən, Prezidentin ayırdığı vəsaiti almağımıza da süni əngəllər yaradılır. Olsun. Milli Televiziya Şurası hakimiyyətə yaxın dairələrdə bizim təmsilçimiz ola bilmirsə, bu bizim günahımız deyi. Biz Milli Televiziya Şurasına rəisimiz, müdirimiz kimi baxmırıq. Əksinə xidmətçimiz kimi baxırıq. Prezidentin təbirincə desək, burada bizik xalq. Milli Televiziya və Radio Şurasını da məhkəməyə ona görə vermişik ki, ANS-lə bağlı verdiyi qərarlarla razı deyilik. Sivil ölkədə yaşayırıq, mübahisələri də qanun müstəvisində həll edəcəyik. Şura isə öz səlahiyyətlərindən sui-istifadə edərək əslində məhkəməyə təzyiq göstərir. Şəxsən mən Nuşirəvan müəllimin yerində olsaydım, bu günlər, hətta ANS-lə bağlı əvvəlcədən planlaşdırılan tədbirləri təxirə salardım. Ən azı ona görə ki, ortada məhkəmə məsələsi var və Nuşirəvan Məhərrəmovun bəyanatları, fikirləri də ilk növbədə tutduğu postun mövqeyi kimi qəbul olunur. Hakimlərin də hamısı bir deyil. Amma biz hər şeyi düz etdiyimizə əminik. Məhkəməyə inanırıq və əminik ki, ANS-in hüquqları qanun çərçivəsində qorunacaq. Müşahidələrimə əsasən deyə bilərəm ki, ANS barədə neqativ rəy yaratmağa çalışan saytlar, kütləvi-informasiya vasitələri MTRŞ-ya yaxın olan ya da onun təsiri altında olanlardır. Biz 25 ildir informasiyanın işindəyik və kimin hansı yuvanın quşu olduğunu çox gözəl bilirik. Xahiş edirik, hər kəs öz işi ilə məşğul olsun. Bu, Sizin bildiyiniz və girə biləcəyiniz kol deyil. Maraqlı həm də burasıdır ki, biz gözləyirdik ki, ermənilər etiraz edəcək, xit-paradda onların təmsilçisinə yer verməyimizi süngüdə qarşılacayaqlar. Amma əksi baş verir. Baxmayaraq ki, “Eurovision” mahnı müsabiqəsində artıq Azərbaycan neçənci dəfədir ki, iştirak edir və bu müsabiqədə onun rəqibləri arasında Ermənistan təmsilçiləri də olur. Bəlkə yaddan çıxarmışıq: “Eurovision” Bakıda keçirilərkən ermənilərin bu yarışa qatılmamasına necə əsəbiləşirdik. Bakıda çıxış etməyin təhlükəli olduğunu, ermənifobiyanın mövcudluğunu söyləyənləri təkzib edirdik ki, yalan danışırlar, Azərbaycan mədəniyyətdə düşmən axtarmır, buyurub gəlsinlər - deyirdik. Ermənistanda keçirilən “Qızıl Ərik” kinofestivalına "Bakıfilm"in “Xoca” filminin iştirakına yol vermədiyi üçün erməniləri asıb kəsirdik… Bizdən nümunə götürməyə çağırırdıq. İndi nə oldu birdən?




Teqlər:





Xəbər lenti