Oqtay Əsədov əsəbiləşdi: “Özümüzə hörmət etməliyik”

Oqtay Əsədov əsəbiləşdi: “Özümüzə hörmət etməliyik”
  02 May 2014    Oxunub:955
Milli Məclisin bu gün keçirilən iclasında gündəlikdəki məsələlər bitdikdən sonra spiker Oqtay Əsədov tərəfindən açıq debat elan edilib. Spiker bildirib ki, hansı deputatın əlavə nə sualı və təklifi varsa, debat zamanı deyə bilər
AzVision.az-ın məlumatına görə, ilk olaraq spikerin özü çıxış edib. Sədr mətbuatı yenidən tənqid edərək, bildirib ki, ancaq neqativ yazılar yazmaqla məşğuldurlar:

“Hələ bizim çıxışlarımız qurtarmamış mətbuatda “Parlamentin sədri deputatlara müsahibə verməyə qadağa qoyuldu”, “Televiziyalara çıxmağa icazə vermədi” kimi yazılar yazılır. Çox təəsüflər ki, parlamentdə bu qədər məsələlər həll olunur, bu qədər müsbət məsələlər öz həllini tapır. Bunların heç birini demirlər, kimsə hansısa neqativ bir şey tapıb, ondan yazır. Çox təəssüflər ki, bizim özümüz də bunların yazılmasına rəvac veririk”.

Spikerin daha sonra deputatları təndiq edərək bildirib ki, millət vəkilləri parlement iclaslarında iştirak etmirlər:

“Milli Məclisin ayda iki iclası keçirilir. Bura bizim hamımızın iş yeridir. Amma ayda iki dəfə keçirilən iclaslarda deputatlar yarım saat gecikir və s. Elə biraz bundan əvvəl səsvermə zamanı gördük ki, yetərli səs yoxdur. Bizim başqa nə işimiz var axı? Biz deputat seçiləndə öz üzərimizə öhdəlik götürdük ki, iclaslarda iştirak edəcəyik. Ayda iki dəfə iclasda iştirak etmək nə çətin məsələdir?

Bəzən deputatlar deyirlər ki, biz tədbirə gedirik. Nə tədbiri? Hansı tədbir? Milli Məclis olan gün iclasdan daha vacib olan tədbir nədir axı,bir dəfə dinmirik, iki dəfə dinmirik. Gedir tədbirə iclasın yarısına gəlirlər, sonra da bir -iki çıxış edir, yenidən çıxıb gedirlər. Biz özümüz-özümüzə hörmət etməliyik ki, artıq söhbətlər yaranmasın. Mən öz fikrimi deyirəm, burada çəkinməli bir şey yoxdur”.

Oqtay Əsədov eyni zamanda deputatların parlamentə gəlməməsindən şikayətlənib:

“Əvvəllər deyirdik ki, 3 deputatın 1 telefonu var. İndi maşallah hər kabinetdə 1 hökumət telefonu var. Bir sual verəcəm. Bu boyda bina tikilir. Mən bu binada komitə sədrlərindən başqa deputatların 70%-ni kabinetdə görməmişəm. Yaxşı, əgər deputatlar kabinetə gəlmirsə, həmin yerləri ekspertlərimizə verək gedib otursunlar”.

Daha sonra Oqtay Əsədov deputatların telefon məsələsindən danışıb:

“Deyirik ki, burada sakitlik olsun. Hamımız telefondan istifadə edə bilirik. Girirsən parlamentdə, telefonu səssizə qoy. İclas gedir hər tərəfdən bir zəng gəlir. Bunlar elementar məsələlərdir. Bunları demək heç yaxşı deyil. Amma xahiş edirəm, bunları nəzərə alın”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti