Özəl ali məktəblərdə qiyabi təhsil ləğv edilib

Özəl ali məktəblərdə qiyabi təhsil ləğv edilib
  01 May 2014    Oxunub:1205
Azərbaycanda özəl ali təhsil müəssisələrində qiyabi təhsil dayandırılıb. Qiyabi təhsil forması üzrə plan 2 dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyani tələbə qəbulu planı artırılıb.

AzVision.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib.

Bildirib ki, ötən tədris ilinin faktiki qəbuluna nisbətən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə cari tədris ili üçün qəbul planı 12,9 faiz çoxaldılıb. Qiyabi təhsil forması üzrə plan 2 dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyani tələbə qəbulu planı artırılıb.

Cəsarət Valehovun sözlərinə görə, bu il özəl ali mətəblərdə qiyabi təhsil forması üzrə qəbul planı ləğv edilib:

“Azərbaycan İctimai Siyasi Universitetinə və Azərbaycan Müəllimlər İnstitutunun 4 filialına pedaqoji ixtisaslar üzrə qəbul planı verilməyib. Pedaqoji ixtisaslar üzrə qəbul planı yalnız Qafqaz, Xəzər və Bakı Qızlar universitetlərinə verilib. Bunun səbəbi isə adı çəkilən universitetlərdə kadr hazırlığının qənaətbəxş olmasıdır.

Nazirlik rəsmisinin sözlərinə görə, kənd təsərrüfatı ixtisasları üzrə yalnız dövlət sifarişi əsasında qəbul planı ayrılacaq:

“ Təhsil, texniki və texnoloji, eləcə də kənd təsərrüfatı ixtisaslarına dövlət sifarişi yerləri artırılıb. Kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan ixtisaslara (torpaqşünaslıq və aqrokimya, aqronomluq, zootexniklik, baytarlıq, aqromühəndislik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, su bioehtiyatları və akvobitkilər) qəbul yalnız dövlət sifarişi əsasında aparılacaq”.

C.Valehdov vurğulayıb ki, eyni zamanda magistratura pilləsinə qəbulda da bu il dəyişikliklər olacaq:

“Ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə qiyabi təhsil forması nəzərdə tutulmayıb. Bakalavr buraxılışı olmayan ixtisasların magistratura səviyyəsinə plan yerləri ayrılmayıb.

Orta ixtisas təhsili müəssisələrində son illərdə real tələbata əsaslanmadan artırılmış qəbul yerlərinin sayı keçən tədris ilinə nisbətən azaldılaraq, 15667 yerdən 11266 yerə endirilib.

Qiyabi təhsil forması üzrə kolleclərə tələbə qəbulu planı əvvəlki tədris ilinə nəzərən 4,1 dəfə azaldılıb, “ibtidai sinif müəllimliyi” və “informatika müəllimliyi” ixtisasları qəbul planından çıxarılıb. Kolleclərə “məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb. Texniki istiqamətli kolleclərdə isə müəllimlik ixtisasları tələbə qəbulu planından çıxarılıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti