Şəmkirdə itkin düşən qadın Bakıda tapıldı

   Şəmkirdə itkin düşən qadın Bakıda tapıldı
  18 Avqust 2022    Oxunub:960
Şəmkirdə itkin düşən 33 yaşlı qadın tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə Oxu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, avqustun 7-də yaşadığı evdən çıxaraq itkin düşən Şəmkir rayon Aşağı Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Asimə Məmmədova Bakı şəhəri ərazisində tapılıb.

E.Qasımov bildirib ki, qadınla profilaktiki söhbət aparıb. Məlum olub ki, A.Məmmədova öz istəyi ilə evi tərk edib və Bakıya gəlib. Qadının həyatı üçün hər hansı bir təhlükə yoxdur. Hazırda digər aidiyyəti qurumlarla araşdırmalar davam etdirilir.

Onun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri Asimə Məmmədovaya baş çəkiblər: “Qadınla söhbət aparılıb. O, nə ərinin, nə də valideynlərinin yanına qayıtmaq istəmədiyini deyib. Bundan sonra qadın Bakıdakı müvafiq sığınacağa yerləşdirilib”.

Qeyd edək ki, qadının üç uşağı var.

Bildirilib ki, o, evdən getmə səbəbi kimi əri və onun valideynləri ilə birlikdə yaşamaq istəmədiyini göstərib. Qadının valideynlərinin iddia etdiyi onun əri tərəfindən fiziki zorakılığa məruz qalması məsələsi isə öz təsdiqini tapmayıb. Belə ki, qadının bədənində heç bir xəsarət izinə rast gəlinməyib.

Qeyd edək ki, Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini, 1998-ci il təvəllüdlü Asimə Məmmədovanın ata-anası onun itkin düşməsində həyat yoldaşı Azər Nağıyevi günahlandırıb. 24 yaşlı qadının atası bildirib ki, Asimə daha əvvəl də dəfələrlə evdən qaçıb: “Həm bizə, həm də nənəsigilə getmişdi. Boşanmaqla bağlı ərizə də vermişdi. Sonra yalvardılar bizə, qızı apardılar. İstəyim budur ki, balamız tapılsın. Onun ölü və ya diri olmasını bilmək istəyirik”.

Asimənin anası Nabat Mehdixanova da qızının bir neçə dəfə boşanmaq istədiyini deyib: “Qızım çox deyirdi ki, boşanmaq istəyir. Çünki əri hər gün spirtli içki qəbul edirdi. Mən belə fikirləşirəm ki, ya mənim uşağımı öldürüb, ya da onu çölə çıxardıb ki, o da bir mərdimazara rast gəlib”.

AzVision.az


Teqlər:





Xəbər lenti