"Ağ kitab"da nələr var?

      "Ağ kitab"da nələr var?
  18 Avqust 2022    Oxunub:1706
Çin hərbi gəmiləri və hərbi təyyarələri Tayvan ətrafında təlimlərə davam edən vaxtda, adaya görə ABŞ-la münasibətlər gərginləşən Pekin "Ağ kitab”ını yaydı. Bu kitab nədən bəhs edir?
Məsələni AzVision.az -a şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, “Ağ kitab” Çinin hər iki ildən bir yaydığı sənəddir. Bu sənəddə Çinin növbəti illər üçün milli təhlükəsizlik strategiyası bəyan edilir. "Ağ kitab"da növbəti dəfə Tayvana Çinlə “bir ölkə, iki sistem” əsasında birləşmək təklif olunub. Bu strategiyanın banisi isə Çinin 1980-ci illərdəki islahatçı lideri Den Syaopindir. Honkonq da 1990-cı illərin sonunda məhz bu əsasda Çinlə biləşib.

- Hazırki “Ağ kitab”ın “Tayvan məsələsi və yeni dövrdə Çinin yenidən birləşməsi” bölməsində yazılıb ki, Tayvan Çinlə birləşməkdən imtina edərsə, problem güc yolu ilə həll oluna bilər. Kitabda bu haqda belə yazılıb: “Pekin adanı Çinə birləşdirmək üçün bütün imkanlardan istifadə edəcək. Pekin Tayvanın müstəqilliyinə çalışan separatçı fəaliyyətlərlə heç zaman barışmayacaq. Çin ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün möhkəm qətiyyət nümayiş etdirməyə hazırdır”. Kitabda yazılanlara görə, Pekinin qətiyyətli addımlardan Tayvanda yaşayan dinc sakinlər zərər görməyəcəklər: “Güc yalnız başqa vasitələrə seçim qalmadıqda istifadə ediləcək”. Bu cümlə bir daha ondan xəbər verir ki, Pekin hərbi gücdən istifadə edəcəyini istisna etmir.

Pekin kitabda “bir ölkə, iki sistem” prinsipini bu şəkildə izah edib: “Biz bildiririk ki, dinc yolla birləşmədən sonra Tayvan mövcud sosial sistemini davam etdirə və qanuna uyğun olaraq yüksək dərəcədə muxtariyyətdən istifadə edə bilər. İki sosial sistem uzun müddət yan-yana inkişaf edəcək. Bir dövlət iki sistemin ilkin şərti və təməlidir; İki sistem bir ölkəyə tabedir və ondan irəli gəlir; və ikisi bir Çin prinsipi altında birləşir. Birləşdikdən sonra xarici ölkələr Tayvanla iqtisadi və mədəni əlaqələri inkişaf etdirməyə davam edə bilərlər. Çinin mərkəzi hökumətinin razılığı ilə Tayvanda konsulluq və ya digər rəsmi və kvazi-rəsmi qurumlar yarada, beynəlxalq təşkilat və agentliklər öz ofislərini yarada, müvafiq beynəlxalq konvensiyalar tətbiq oluna və orada müvafiq beynəlxalq konfranslar keçirilə bilər”, - ekspert deyib.

Bəs Tayvanda “Ağ kitab” haqqında nə düşünürlər?

Politoloq deyir ki, “Reuters” agentliyi bu suala cavab tapmaq üçün Tayvanı idarə edənlərə müraciət edib. Onlar həm Pekinin “Ağ kitabını”, həm də “bir ölkə, iki sistem” prinsipini rədd ediblər.

- Tayvanı idarə edənlər Honkonq nümunəsinə müraciət ediblər. Honkonq “bir ölkə, iki sistem” əsasında Çinlə birləşdikdən sonra Pekinin artan təlimatlarını yerinə yetirmək məcburiyyətində qalıb. Bu Honkonqda küçə yürüşlərinin və etirazların alovlanmasına səbəb olub.

Beləliklə, Pekinin dərc etdiyi “Ağ kitab” bir daha göstərir ki, Çin gec və ya tez Tayvan adasını özünə biləşdirəcək. Bu danışıqlar yolu ilə baş verərsə, hamı rahat nəfəs alacaq, yox əgər hərbi toqquşma ehtimalı artarsa beynəlxalq vəziyyət gərginləşəcək və dünyada Rusiya-Ukrayna savaşına bənzər durum yaşanacaq, - Elxan şahinoğlu qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti