Milli Parkdakı yanğın nəzarətə götürülüb - YENİLƏNİB - 1

 Milli Parkdakı yanğın nəzarətə götürülüb - YENİLƏNİB - 1
  15 Avqust 2022    Oxunub:911
Şahdağ Milli Parkında, Qəbələ rayonunda meşə sahəsində yanğın nəzarətə götürülüb, əraziyə helikopter cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Arzu Umıyev bildirib ki, Tikanlı kəndi ərazisindəki yüksək dağın zirvəsində, meşə sahəsində baş verən yanğın hazırda davam edir.

Şahdağ Milli Parkının ərazisi olan Tikanlı meşəsində indiyədək bir hektar ərazi yanıb. Alovun qarşısının alınması üçün FHN-in, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının 100-dən çox əməkdaşı, bir helokopter cəlb olunub. Yanğın nəzarətə götürülüb. Yanğın çətin relyefli yüksək dağlıq ərazidə baş verdiyi üçün yanğınsöndürən maşınların əraziyə cəlb edilməsi mümkün deyil. Yanğının söndürülməsi üçün əsasən əl əməyindən istifadə olunur.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının Qəbələ rayonu bölməsində baş verən yanğınla bağlı açıqlama verib.
Nazirlikdən AzVision.az-a bildirilib ki, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun rəsmisi Akif Məmmədov isə bildirib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur:

“Hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar”.

***
17:15
Qəbələ rayonunda meşə ərazisində yanğın başlayıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, rayonun Tikanlı kəndinə yaxın ərazidə yerləşən meşə massivi yanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qəbələ rayonunda meşə yanğını olması barədə məlumatı təsdiqləyib.

O, bildirib ki, yanğın Şahdağ Milli Parkının ərazisində baş verib:

“Hazırda ETSN və FHN əməkdaşlararı yanğın baş verən ərazidədirlər. Yanğının söndürülməsi üçün işlər görülür”, -deyə İ. İbrahimova bildirib.

AzVision.az

Teqlər:







Xəbər lenti