Arayiklə Paşinyanın Göyçə villaları erməniləri hiddətləndirdi - FOTO

   Arayiklə Paşinyanın Göyçə villaları erməniləri hiddətləndirdi -    FOTO
  10 Avqust 2022    Oxunub:1126
Azərbaycanın Qarabağ bölgəsindəki keçmiş separatçı rejimin rəhbəri Arayik Arutyunyan növbəti dəfə erməni mediasının gündəminə gəlib. AzVision.azxəbər verir ki, yerli saytlar Arutyunyanı ifşa edərək onun dəbdəbəli malikanə tikdirməsini aşkarlayıblar.
Qarabağda ermənilərin oğurluq pullarla tikdiyi villalar - VİDEO
Qeyd edilir ki, hazırda tikintisi davam edən villa "Kapavor" şirkətinin Direktorlar Şurasının sədri Arman Hakobjanyanın Göyçə gölünün sahilində olan dəbdəbəli malikanəsinin yanındadır.

“Biz onun mətbuat katibi Lusine Avanesyandan Arayik Arutyunyanın tikilməkdə olan şəxsi evi ilə bağlı şərh almağa çalışdıq. Lakin o, zənglərimizə və yazılı müraciətimizə cavab vermədi. “Kapavor” birgə müəssisəsinin direktorlar şurasının sədrinin tikilməkdə olan şəxsi evinə gəlincə, şirkətin mətbuat katibi Narek Saakyan da bu qalmaqallı məsələyə şərh verməyib. Evlər Şorj icmasının Draxtik kənd inzibati ərazisində, Sevan Milli Parkına məxsus torpaq sahəsində tikilir”, - "Aravot" yazıb.


Maraqlıdır ki, “Joqovurd” nəşri sözügedən ərazidə baş nazir Nikol Paşinyana da malikanə tikilməsini iddia edib.

Qəzet yazıb ki, inqilabdan sonra Ermənistanda Göyçə gölünü oliqarxların hasarlarından azad edəcəyinə söz verən Nikol Paşinyanın özü gölün sahilində yeni dəbdəbəli malikanələrin tikintisinə icazə verir.

"Arman Hakobcanyan müxtəlif tikinti normalarını pozmaqla burada sanki qala tikir. Amma hakimiyyət buna göz yumur, çünki qarabağlı Arman hakim partiyanın sevimli oliqarxıdır. O, demək olar ki, həmişə dövlət tenderlərininin qalibi olur.

Arman Hakobcanyanı tez-tez ətraf mühit naziri Akop Simidyanla da görmək olar. Bir nazir kimi Göyçə gölünü qorumağa borclu olan bu adam da oliqarxı yeni qəsrin tikintisinə həvəsləndirir", - müəllif yazıb.

Yazıda həmçinin xüsusi olaraq vurğulanır ki, Akobcanyan Göyçə Milli Parkına məxsus torpaq sahəsini inqilab ilində, yəni 2018-ə hədiyyə olaraq alıb. O, 2019-cu ildə, Geqarkunik vilayətinin qubernatoru Qnel Sanosyanın vəzifədə olduğu zaman tikintiyə icazə alıb.

"İndiyədək Göyçə sahilindəki 2060 kvadratmetr sahənin kim tərəfindən hədiyyə verilməsini öyrənə bilməmişik", - yazıda qeyd edilib.

Müxalif saytlar isə Qarabağdakı ermənilərin 80-90 faizinin acınacaqlı durumda olmasına rəğmən belə yüksək rütbəli "məmurların" onlardan talanan pullar hesabına villalar tikdiklərini yazıblar.

Qeyd edək ki, Arman Hakobjanyan qondarma rejimin keçmiş şəhərsalma nazirinin oğludur.

Xatırladaq ki, Qarabağ işğalda olarkən də separatçı rejimin məmurları Azərbaycan torpaqlarında xeyli sayda təmtəraqlı villalar tikmişdilər. 44 günlük müharibədə torpaqlar işğaldan azad edildikdən sonra Şuşa və digər ərazilərdə onlarla belə malikanələrə rast gəlindi.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Villa   Qarabağ   Göyçə  







Xəbər lenti