Ermənilər Laçında təxribat hazırlayırlar – VİDEO

// "Azərilər gələndə onları "sürprizlər" gözləyir"

   Ermənilər Laçında təxribat hazırlayırlar –    VİDEO
  08 Avqust 2022    Oxunub:3273
“Biz buradayıq və azərilər gələnə qədər burada qalacağıq. Gələndə onların görəcəkləri var. Onları “sürprizlər” gözləyir. Biz həmin “sürprizləri” lap axıra saxlamışıq”. Bu sözləri Laçının Zabux kəndində məskunlaşmış Livan ermənisi Xaçatur Xaçaturyan deyir.
Zabux – Laçın dəhlizində, Azərbaycan-Ermənistan sərhədinin yaxınlığında yerləşən kənddir. 1992-ci ildə ermənilər kəndi işğal edərkən yandırmış, yerli əhalinin bir hissəsini girov götürmüşdülər. 2016-cı ildən sonra işğalçılar kəndi qismən bərpa etməyə və bura Livandan erməniləri köçürməyə başladılar. Xaçatur da onlardan biridir. O, cəmi 6 ildir ki ermənilərin “Ağavno” dedikləri Zabuxa köçürülsə də, həmin torpaqların özlərinə məxsus olduğunu iddia edir və bildirir ki, heç bir halda kənddən çıxmayacaqlar.


Erməni diasporunun fəaliyyətini işıqlandıran “Zartonk Media” resursuna məxsus yutub kanalında yerləşdirilən videoda Zabuxda yaşayan digər erməni Andranik Çavuşyan deyir ki, kənddən çıxmaq fikirləri yoxdur: “Biz bura getmək üçün gəlməmişik. Məqamı çatanda nə edəcəyimizi bilirik”.

Maraqlıdır, “məqamı çatanda” ermənilər nə edəcəklər? Aydındır ki, söhbət Azərbaycan əsgərinə qarşı törədilə bilinəcək təxribatlardan gedir.



Ermənistanın “Demokratik Həmrəylik” partiyasının yaydığı məlumata görə, Laçın şəhərinin və Zabux kəndinin “özünümüdafiəsi” üçün müqavimət təşkil olunur. Partiya bu işə töhfə verə biləcək adamları “müqavimətə” bacardıqları şəkildə yardım göstərməyə çağırıblar. Partiyanın sədri Suren Petrosyanın özü də artıq Zabuxa gedib.


Zabuxda yaşayan Livan ermənisi Xaçatur Xaçaturyan deyir ki, erməni xalqının qurtuluşu silahdan keçir: “Başqa qurtuluş yolu yoxdur. Heç kim xilasın qələmdə olduğunu deməsin. Ermənilər silaha sarılmalıdırlar”.

“Müqavimətçilər”in “qurtuluş”u nədə gördüklərini onların rəmzlərindən də anlamaq mümkündür. Zabuxdakı ermənilər avtomobillərinin şüşəsinə Qaregin Njdenin şəklini yapışdırıblar. Demək, “müqavimət” deyərkən nəzərdə tutduqları da Njdenin metodları olacaq – yəni faşizm və terror. Elə isə, Azərbaycan Ordusunun yaxın günlərdə növbəti antiterror əməliyyatı keçirməsi zərurətə çevrilə bilər.

Vüsal Məmmədov

AzVision.az

Teqlər: Laçın   Təxribat  







Xəbər lenti