Naxçıvanın gömrük rəisi azadlığa buraxılacaq - ÖZƏL

Naxçıvanın gömrük rəisi azadlığa buraxılacaq - ÖZƏL
  29 Aprel 2014    Oxunub:1293
Türkiyədə keçirilən 17 dekabr rüşvət və korrupsiya əməliyyatında həbs edilən Sədərək gömrüyünün rəisi Mirməhəmməd Seyidov yaxın vaxtlarda azadlığa buraxılacaq.

Bu barədə AzVision.az-a M.Seyidovun yaxınları məlumat verib. Bildirilib ki, hazırda gömrük rəisinin azadlığa buraxılması istiqamətində Türkiyə tərəfi ilə danışıqlar aparılır. Onun tezliklə şərti azadlığa buraxılaraq Azərbaycana veriləcəyi gözlənilir.

Qeyd edək ki, M.Seyidov Türkiyədə keçirilən böyük rüşvət əməliyyatı çərçivəsində həbs edilib. O, dekabrın 17-də Qars aeroportunda tutulandan sonra İqdır polis idarəsinə aparılıb. M.Seyidov dekabrın 18-də gecə yarısına qədər dindirilib.

Məhkəmənin hökmü ilə M.Seyidov barəsində 3 aylıq həbs-qətimkan qərarı çıxarılıb.

Əldə etdiyimiz digər bir məlumata görə, Mirməhəmməd Seyidovun həbs edilənədək tutduğu Sədərək Gömrük-keçid məntəqəsinin rəisi postu hələ də boşdur. Yeni təyinat aparılmayıb.

Qeyd edək ki, M.Seyidov və daha 16 şəxs Türkiyə polisinin bir ilə yaxındır apardığı izləmələrdən sonra həbs olunmuşdu. Bu ilin fevralında isə məhkəmənin qərarı ilə iş adamı Rza Zərrab da daxil olmaq həbs edilən bir neçə nazir övladı azadlığa buraxılıb.



Anar Rüstəmov


Teqlər:  





Xəbər lenti