Azərbaycan və Qətər prokurorluqları arasında memorandum imzalanıb
Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın gücləndirilməsi, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin çağdaş dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.
Baş prokuror Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə Qətər Dövlətinin ölkəmizə dəstəyinə görə təşəkkürünü bildirib.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri İssa bin Səad Əl-Nuaimi təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirməklə iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə bundan sonra da dəstək verəcəklərinə əminliyini ifadə edib.
Görüşdə, həmçinin hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb.
Görüşdən sonra nümayəndə heyəti Baş Prokurorluğun Tarix muzeyində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına, həmçinin Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yoluna, eyni zamanda 44 günlük Vətən müharibəsinə həsr olunan, eləcə də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə müharibədən sonrakı dövrdə həyata keçirilən bərpa-quruculuq işlərini əks etdirən guşə və eksponatlarla tanış olmuşlar.
Daha sonra Baş prokurorlar ölkələrimiz arasında hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar. Tədbirlərdə Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al-Hinzab və ölkəmizin Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov da iştirak ediblər.
AzVision.az
Teqlər: