Azərbaycan enerji ümidlərini doğruldur

   Azərbaycan enerji ümidlərini doğruldur
  20 İyun 2022    Oxunub:1547
“Interconnector Greece – Bulgaria” (IGB) kəmərinin operatoru Azərbaycan qazının Bolqarıstana nəqlinə başlayıb. Qaz nəqlinin hələlik sınaq mərhələsində olduğu bildirilib. Məlumata görə, Azərbaycan qazının Komotini-Stara Zaqora kəməri ilə Yunanıstandan Bolqarıstana sınaq nəqlinə bu gün başlanılıb, sınaq işləri ayın sonunadək davam edəcək. Шyulun 1-dən razılaşdırılmış 1 milyard kubmetr həcmində tədarükə başlanacağı gözlənilir.
Builki “Bakı Enerji Həftəsi” də göstərmişdi ki, son hadisələrin fonunda Xəzər bölgəsinin, xüsusən ölkəmizin enerji potensialı əvvəlkindən bir az da çox diqqət mərkəzinə gəlib və hazırda olduqca mühüm alternativ mənbə rolu oynamağa başlayıb. Aİ Komissiyasının sədri Ursula fon der Leyen isə Rusiya neftindən asılılığa cari ilin axırınadək 90 faiz son qoyulacağı haqda bəyanat verib. Söhbət elə bir strateji məhsuldan gedir ki, ənənəvi təchizatçını əvəzləmək həm böyük vaxt tələb edir, həm də külli məbləğdə vəsait.

Alternativ mənbələrdən biri məhz Azərbaycandır. Ancaq dövlət başçımız İlham Əliyev demişkən, bu sahədə imkanlarımız müəyyən limit çərçivəsindədir. Bu yerdə həmçinin haqlı bir sual da yerinə düşür ki, vaxtilə Cənub Qaz Dəhlizi layihəsinə niyə lazımi dəstək göstərilmədi? Hazırda “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi hədsizdir. Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu enerji dəhlizinin gələcəkdə genişləndirilməsi imkanlarına baxılır.

Azərbaycan həmişə bəyan edib ki, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyir. Dövlət başçımız demişkən, Cənub Qaz Dəhlizi həqiqətən də fərəhlənə biləcəyimiz layihədir. Layihə, bizə nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmaq imkanı yaratdı. Düz bir il beş aydır ki, bu yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarımızın nəqli üçün istifadə edirik.

Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişlənməsində həm biz, həm də qarşı tərəf maraqlıdır. Keçən il Azərbaycandan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr, gələn il daha da çox olacaq. Yeri gəlmişkən, Azərbaycanımızın qaz potensialı təkcə “Şahdəniz”lə məhdudlaşmır. Digər yataqlar da var və perspektivlər vəd etməkdədir. Gələn il onların bəzilərində hasilat başlayacaq. Beləliklə də, enerji təhlükəsizliyimiz bir az da möhkəmlənəcək. Özü də, Azərbaycanın karbohidrogenlərinə indiyədək heç zaman görünməyən qədər böyük tələbat yarandığı fonda.

Pərviz Heydərov
AzVision.az


Teqlər: Qaz  





Xəbər lenti