"Türkiyə-Azərbaycan qardaşlığı dünya üçün çox önəmli faktordur" - Prezident

  "Türkiyə-Azərbaycan qardaşlığı dünya üçün çox önəmli faktordur" -    Prezident
  28 May 2022    Oxunub:851
Azərbaycan ötən 30 il ərzində Türkiyənin dəstəyini, qardaşlıq dəstəyini hər zaman hiss edib. Bu gün də hiss edirik.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün Türkiyə və Azərbaycan yenə də bir yerdədir:

"Biz iki həftə əvvəl Türkiyənin gözəl yerlərindən olan Rizədə əziz qardaşımla bərabər idik. İki həftədən sonra Bakıda yenə də bərabərik. Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq. Elə etməliyik və elə edəcəyik ki, qabaqda ancaq yaxşı günlər olsun", - dövlət başçısı bildirib.

"Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Bu, bölgə üçün, dünya üçün də çox önəmli faktordur. Təhlükəsizlik, güvən, sabitlik faktorudur" deyən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan bir yerdə nə qədər inamla addımlasa, o qədər bölgədə sülh və barış möhkəm olacaq:

"Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik.

Xatırlayıram, Bakının erməni işğalından azad edilməsinə həsr edilmiş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Tarixi zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə paradı qəbul etdik", - Prezident əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti