"Anam üçün çox darıxmışam, narkotikdən uzaq duracağam..." - Əfv olunan məhbuslar + VİDEO

 "Anam üçün çox darıxmışam, narkotikdən uzaq duracağam..." -  Əfv olunan məhbuslar + VİDEO
  28 May 2022    Oxunub:2456
Bu gün Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası başa tutub. Sərəncam ümumilikdə 213 nəfərə şamil olunub.


Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində də əfv sərəncamı icra olunub.

AzVision.az xəbər verir ki, cəzaçəkmə müəssisəsində cəzaçəkən 3 məhkum da əfv sərəncamı ilə azadlığa buraxılıblar. Hər üçünə əfv olunmaları üçün sənəd verilib. Onlardan biri Türkiyə vətəndaşı Rəsul Kondaçıdır. O, narkotik qaçaqmalçılığında ittiham edilib. Rəsul, əfv olunduğuna görə Prezidentə təşəkkür edərək deyib ki, bir daha cinayət törətməyəcək: "23 ildir Azərbaycana gəlib, burada işləmişəm. Bir daha belə cinayət törətməyəcəm, narkotikdən uzaq duracağam".

Digər məhkum Möhüb Rüstəmov da azadlığa buraxılmasını sevinc hissi ilə qarşıladığını deyib. Bildirib ki, oğurluq və hədə-qorxu yolu ilə tələb etmə ittihamı ilə həbs olunub:

"Həbsxanada olduğum dövrdə çox düşündüm. Azadlığa çıxandan sonra özümə yeni həyat quracağam. Köhnə vərdişlərimdən əl çəkəcəyəm, köhnə tanışlarımdan uzaq duracağam".

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Qobustan Həbsxanasında da əfv sərəncamı icra edilib. Sərəncam bu həbsxanada saxlanılan məhkumlardan 2 nəfərə şamil olunub. Onlardan biri 23 il həbsxana həyatı yaşayan ömürlük məhkum, iş adamı Şəmsi Səmədzadədir.



"Nəhayət dövlət başçımız, Ali Baş Komandanımız məni əfv etdi. Onu da deyim ki, birinci Qarabağ döyüşçüsüyəm. Ən çox məni sevindirən Ali Baş Komandanımızın məni buradan məğlub əsgər kimi yox, qalib əsgər kimi çıxarmasıdır. Azərbaycanın istənilən yerində dünyadakı bütün əlaqələrimdən istifadə edərək, ailəmlə birlikdə layiqli bir insan olmağa çalışacağam. Prezidentin mənə verdiyi ikinci şansı düzgün qiymətləndirib, dəyərləndirəcəyəm".

Şəmsi Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.

















Şahanə Rəhimli
VİDEO: Əhməd Xəlilov

AzVision.az


Teqlər: Cəza   Əfv  





Xəbər lenti