Döyüşə "qocalar" gedir: Rusiya köhnə “T-62”ləri Ukraynaya niyə göndərir?!

      Döyüşə "qocalar" gedir:    Rusiya    köhnə “T-62”ləri    Ukraynaya niyə göndərir?!
  26 May 2022    Oxunub:6052
Rusiyadan Ukraynaya göndərilən 60-cı illərə aid sovet istehsalı, köhnə “T-62” tanklarının görüntüləri yayımlandı. Bu tanklar Rusiyanın hərbi texnika anbarlarında saxlanılan, heç bir mühafizə sistemi (dinamik, passiv və ya aktiv) olmayan texnikalarıdır. Aydındır ki, Rusiyada utilizasiyaya məhkum texnika sayı az deyil, lakin onların qaynar döyüş bölgəsinə göndərilməsi nə məna daşıyır?
Burada iki variant ağla gəlir:
1) Rusiyanın aktiv istifadəsində olan müasir tankları tükənib və anbarlardakı zirehli texnikalarını döyüşə göndərir;
2) Rusiya Ukraynada “T-62”lərdən yalnız atəş nöqtələri - yerə basdırılaraq maskalanmış artilleriya qurğuları kimi istifadə edəcək. Bu, döyüş təcrübəsində tez-tez rast gəlinən haldır, məsələn, Türkiyə ordusu şimali Suriyada həyata keçirdiyi əməliyyatlarda, köhnə “M-60” tanklarından artilleriya qurğuları kimi istifadə etməklə tez-tez bu metoddan yararlanır.

Bir məqamı da nəzərə almaq lazımdır ki, ruslar “T-62”ləri artıq ixtiyarlarında olan Melitopola, yəni cənub cəbhəsinə yerləşdiriblər. Dolayısıyla, aydın olur ki, bu texnikalardan müdafiə məqsədilə - yəni atəş nöqtəsi kimi istifadə olunacaq.


Məsələ ilə bağlı AzVision.az -a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, rus tanklarının əksəriyyəti konservasiya halında idi: "SSRİ dağılarkən silahlanmada olan çoxsaylı tank hissələrini nizami hərbi xidmətdə saxlamaq çətin idi. Bu, həm böyük insani, həm də maddi resurslar tələb edirdi. Xərclərdən qaçmaq üçün ruslar tank diviziyalarını saxlanma bazalarında yerləşdirmək məcburiyyətində qalmışdılar. Aktiv xidmətdə isə yalnız saz vəziyyətdə olan müasir tanklar saxlanılmışdı ki, bunların da sayı heç də düşünüldüyü kimi, minlərlə deyildi”.

Tanklarının mühafizə sistemlərilə bağlı ekspert deyib ki, Rusiya dinamik müdafiə texnilogiyalarını 90-cı illərdən sonra əldə etməyə başladı. Aktiv müdafiə isə yalnız “T-90” tanklarında "Ştora" sisteminin timsalında sınanmağa başladı ki, onun da nə dərəcədə effektiv olması mübahisəlidir. Rusiya tank baxımından ciddi itkilərə məruz qalır. Ukraynada tank əleyhinə raketlər o qədər çoxdur ki, Rusiya tanklarının irəliləməsini mümkünsüz edir”.

Ədalət Verdiyev köhnə tankların Ukraynaya utilizasiya məqsədilə göndərildiyinə inanmır. Onun sözlərinə görə, tank yalnız qara metaldan ibarət deyil. Tankın tırtıllarından çoxsaylı texnikalarda istifadə edilir, yaxud, lüləsi bahalı metaldandır ki, onları utilizasiya edəsi olsalar, ölkə daxilində edərlər, Ukraynada qurban verməklə yox. Utilizasiya texnikanın zavod şəraitində əridilərək, lazım olanların əldə edilməsindən ibarətdir, işlək texnikanın müharibədə məhv edilməsi isə utilizasiya sayılmır.

- Ortada sadəcə, çıxılmaz vəziyyət və baş tutmayan planlar var ki, hər şey bununla əlaqəlidir. Rusiya anlayır ki, “Lend-liz”lə gələcək silahlar onların itkilərini daha da artıracaq, - ekspert vurğuylayıb.

Rusiyanın köhnə atıcı texnikalardan atəş nöqtəsi kimi istifadə etmək məqsədinə gəlincə, Ədalət Verdiyev bildirib ki, rusların hərb təcrübəsində belə hal çoxdan – hələ Çin və Monqolustan sərhədindəki konfliktlərdən bəri mövcuddur. Ukraynada isə uzunmüddətli atəş nöqtələrinin yaradılacağı ona inandırıcı görünmür.
- Bunun üçün dərin səngərlər, sığınacaqlar, betonlaşdırılmış sahələr və hava hücumundan müdafiəni təmin edəcək bloklar lazımdır. Hazırda Rusiyanın belə mövqelər inşa edəcəyi inandırıcı deyil, çünki əməliyyatların dinamik fazası getməkdədir. Bu yalnız o zaman mümkün ola bilər ki, uzunmüddətli atəşkəs əldə olunsun və tərəflər vaxt qazansınlar. Rusiya tanklardan bütün hallarda atəş nöqtəsi kimi istifadə edə bilər, lakin bunun nə dərəcədə effekt verəcəyi sual altındadır. Nəzərə almalıyıq ki, özyeriyən artilleriya qurğularından söhbət gedirsə, Rusiyanın belə texnikaları 20-25 km. məsafəyə zərbə endirə bilir. Tankın isə dəqiq zərbə imkanı cəmi 4-6 km.-dir. Konkretləşdirsək, “T-62”lər atəş nöqtəsi funksiyasını da yerinə yetirmək üçün yetərsizdirlər,- ekspert vurğulayıb.

Banu Məmmədzadə
AzVision.az üçün


Teqlər: Ukrayna   T-62  





Xəbər lenti