Hüquq sahəsində aparılan islahatlara dəstək gücləndirilir
Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu yeni yaradılan mərkəzin tabeliyinə verilməklə yenidən təşkil olunacaq. İnstitut tərəfindən hüquqi tənzimləmədə innovativ həllərin araşdırılması, hüququn ayrı-ayrı sahələrinin təhlili, hüququn potensial inkişaf sahələrinin müəyyən edilməsi və həmin sahələr üzrə tənzimetmə modellərinə dair təkliflər veriləcək.
Professor Aytən Mustafazadə məlumat verib ki, Hüquq və İnsan Haqları İnstitutu “İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 1998-ci il tarixli Sərəncamına əsasən İnsan Hüquqları İnstitutu kimi yaradılıb. İnstitutun məqsədi cəmiyyətin demokratikləşməsi, insan hüquq və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin aparılması, elmi tövsiyələrin hazırlanması və bu sahədə hüquqi biliklərin dərinləşdirilməsi, təkmilləşdirilməsi idi: “İnstitut öz elmi-praktik fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyası, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və başqa beynəlxalq sənədlərlə təsbit olunmuş mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqları öyrənir, həmçinin bu sahədə beynəlxalq və milli-tarixi təcrübəni tədqiq edir. Hüquq və İnsan Haqları İnstitutu bu günədək fəaliyyəti dövründə hüquq sahəsində xeyli iş görüb. Mərkəzin yaradılması və institutun mərkəzin tərkibində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs kimi fəaliyyətini davam etdirməsi hüquq sahəsində yeni mərhələyə addımdır. 1998-ci ildən bu yana hər 5 ildən bir Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiqlənir. Bu fəaliyyət proqramları ilə bizim institutumuz qarşısında müəyyən vəzifələr qoyulur”.
Bu gün Azərbaycan beynəlxalq və milli hüquq sahəsində yeni mərhələyə addımlayır. Bu baxımdan mərkəzin yaradılması mühüm əhəmiyyət kəsb edir.
“Yeni yaradılan Mərkəzin qarşısında böyük vəzifələr dayanır. Bu gün Azərbaycanda müəyyən sahələrdə hüquqi boşluqlar var. İnanıram ki, boşluqların doldurulmasında mərkəzin fəaliyyəti uğurlu olacaq. Sevindirici haldır ki, hüquq sahəsi ölkəmizdə hər zaman diqqət mərkəzindədir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hər zaman insan hüquqlarının qorunmasına xüsusi önəm verirlər”, - professor Aytən Mustafazadə vurğulayıb.
AzVision.az