"Meymun çiçəyi" təhlükəsi: Kimlər risk altındadır? İnfeksionist açıqladı

      "Meymun çiçəyi" təhlükəsi:    Kimlər risk altındadır?    İnfeksionist açıqladı
  20 May 2022    Oxunub:3114
“Meymun çiçəyi” virusu xüsusi təhlükəli infeksiyalar qrupuna daxildir. Hazırda Avropada virusa yoluxma Ümumdünya Səhiyyə Təşkilatının nəzarətindədir.
Bunu AzVision.az -a açıqlamasında Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, hər il azacıq da olsa ayrı-ayrı ölkələrdə müəyyən yoluxma hallarına rast gəlinir:

“Virus adətən meymunlardan, gəmiricilərdən insanlara keçir. Daha çox Afrika ölkələrinə səyahət edən insanlarda xəstəliyə yoluxma aşkarlanır. 2003, 2008-ci illərdə ABŞ, Avropa ölkələrində yoluxma hallarına rast gəlinib. Hazırda da Avropada yayılma araşdırılır. Çünki bəzi insanlar Afrikada olub, virusa yoluxub, bəziləri isə səyahət etmədən xəstələnib.



Həkim ekspert qeyd edib ki, epidemiya şəklində virusa kütləvi yoluxma bu günə kimi müşahidə olunmayıb:
“Ən pis xəstəlik “Təbii çiçək” xəstəliyidir. “Meymun çiçəyi” virusunun yaratdığı xəstəlik yüngül keçir. 1980-cı illərə qədər təbii çiçəyə qarşı olunan peyvənd insanları müəyyən mənada xəstəlikdən qoruyur. Hazırda yoluxma cavan insanlarda daha çox müşahidə edilir. Yoluxmadan hələki ölüm halı qeydə alınmayıb, insanlar tez zamanda sağalırlar. COVID-dən sonra belə hadisələr hər zaman olur. Sadəcə COVID dönəmində buna xüsusi diqqət olunur, çünki hər bir infeksion xəstəlik belə səs salır. Lakin bu, COVID deyil və sürətlə yayılmır”.

T.Eyvazov qeyd edib ki, azərbaycanlı həkimlər xəstəlik barədə məlumatlıdırlar: “Üzdə, dəridə, ayaq altında səpkilər, qızdırma olur. Azərbaycanda indiqəyə qədər bu virusa yoluxan olmayıb. Çünki virusa yoluxma arealı da kiçikdir və tək-tük insanlarda xəstəlik aşkarlanıb. Hazırda xəstəliyə görə xüsusi ajiotaja düşməyə ehtiyac yoxdur.

Xəstəliyin xüsusi müalicəsi və peyvəndi yoxdur. İnsanlar sosial şəbəkələrdən xəstəlik barədə məlumatlıdır. Əlamətlərini görsələr həkimə tez zamanda müraciət etsinlər. Eyni zamanda yoluxan insan təmaslardan qaçmalı, izolyasiya olmalı və həkimə vaxtında müraciət etməlidir”.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti