Demokratiyanın "beşiyi" və ərköyün "pişiyi"

// Qərb Ermənistanın timsalında əsl sifətini gizlədə bilmir

 Demokratiyanın "beşiyi" və ərköyün "pişiyi"
  19 May 2022    Oxunub:1635
Mayın 14-də Bakıda bir qrup şəxsin şəhərin mərkəzində keçirdiyi aksiyanı və bu aksiyaya Qərbin dərhal reaksiyasını hamımız gördük. Baxmayaraq ki, aksiyada polis etik və qanunlar çərçivəsində davrandı, heç bir zorakılığa yol verilmədi, Qərb yenə Azərbaycana qarşı tutduğu ədalətsiz mövqedən, ölkəmizə qarşı sərgilənən ikili standartlardan əl çəkə bilmədi.
Böyük Britaniya, ABŞ səfirliklərinin ardınca ABŞ Dövlət Departamenti eyni yanaşma ortaya qoyaraq tələm-tələsik Azərbaycanı ləkələmək xətti tutdu. Qərbin iküzlüyü, Azərbaycana qarşı qərəzli yanaşması zaman-zaman gündəmə gətirilsə də, hər hansı fərqli yanaşmanın şahidi olmadıq. Fəqət, həmin Qərb son həftələrdə Ermənistanda baş verən siyasi proseslərə heç bir reaksiya vermir. Halbuki Ermənistandakı olaylar heç bir halda Azərbaycanla müqayisə edilə bilməz.

Ermənistan "Qazaxıstan ssenarisi"nə hazırlaşır?
Gəlin baxaq: Azərbaycanda bir qrup şəxsin bir neçə saatlıq dinc aksiyası baş tutdu, Ermənistanda isə həftələrdir aksiyalar keçirilir, insan hüquqları ayaqlar altına sərilib, gündə həbs hadisələri gerçəkləşdirilir. Bunun müqabilində Ermənistandakı zorakılıqlara susqunluq beynəlxalq qurumların, Qərbin əsl mahiyyətinin nədən ibarət olduğunu tam çılpaqlığı ilə növbəti dəfə ortaya qoyur. Ermənistanda yaşanan rüsvayçılıq demokratiyadan, insan hüquqlarından danışan beynəlxalq güclərin ikiüzlü siyasətini danılmaz fakt kimi nümayiş etdirir.



Paşinyan hakimiyyətindən öncə də Ermənistanda iqtidarda olan kriminal rejimin keçirdiyi bütün seçkilərdə çox ciddi saxtakarlıqlar baş verirdi və idarəçilik sükanı növbəti dəfə qəsb edilirdi, keçirilən aksiyalarda zorakılıqlar yaşanırdı. Beynəlxalq qurumlar, hansı ki, demokratiya çarçısı kimi çıxış edirlər, bu saxtakarlıqlara göz yumurdular. Və bu ikili yanaşma hələ də dəyişməyib; Qərb dünən Ermənistanda hakimiyyətdə Rusiyaya daha çox bağlı olan rejimin cinayətlərinə susurdusa, bu gün də eyni qaydada Sorosun adamı olan Paşinyan hakimiyyətinin insan hüquqları adına biabırçı davranışlarına susur. Demokratiyanın beşiyi kimi çıxış edən Qərb Ermənistanın timsalında əsl sifətini gizlədə bilmir və nə yazıqlar ki, bu, günümüzün dəyişməyən acı reallığıdır.



Ermənistanda yaşananlara reaksiya, ilk nöbvədə beynəlxalq güclərə öz imiclərini bərpa etmək üçün lazımdır. Lakin həftələrdir davam edən və zorakılıqla müşahidə olunan aksiyalar fonunda bu baş vermir. Nəticədə Qərb onsuz da kirlənmiş imicinə yenidən zərbə vurmuş olur. Ermənistandakı hadisələrə qiymət verilməməsi, həm də beynəlxalq güclər tərəfindən səslənən demokratiya, insan haqları haqqında bəyanatların cəfəngiyyat olduğunu bir daha təsdiqləyir.

Qərb institutları istəsələr belə özlərinin ikili standartlardan çıxış etdiklərini gizli saxlamaqda acizdir və lobbilərin əlində “demokratiya oyuncağına” çevriliblər. Özlərinə sərf edəndə demokratiya, insan hüquqları kimi dəyərləri tapdalamağın mümkünlüyünü Ermənistanın misalında isbat etmirlərmi? Bu, erməni lobbisinin pulunun cazibəsi qarşısında növbəti acizlik deyilmi? Ermənistanda polisin etdiklərinə göz yuman Qərbin Azərbaycanın daxili işinə qızışdırıcı metodlarla qarışmasının demokratiya ilə hansı bağlılığı var?



Beləliklə, Qərbin ikili yanaşmasının nəticəsində demokratiya, insan hüquqları kimi dəyərlər çoxdan şübhəli xarakter alıb və bu yəqinlik daha da artmaqdadır. Təkcə Ermənistana toxunulmaz yanaşma Qərbin demokratiya maskasının növbəti dəfə yerə düşməsi üçün kifayətdir. Azərbaycanın beynəlxalq imicinə davamlı ciddi zərbələr vurmaq üçün bütün imkanlarını hərəkətə gətirən Qərb instututları işğalçı dövlətdə yaşananları yenə də görməməkdə davam edir. Bir daha sübut olunur ki, Qərbin əslində demokratiya adı altında apardığı siyasətinin kökündə ikili standartlar, xristian təəssübkeşliyi dayanır...

AzVision.az
Elman Babayev



Teqlər:   Ermənistan   Qərb  





Xəbər lenti