Şarmazanovdan ABŞ səfirinə ağır sözlər: "İkiüzlüdür"

      Şarmazanovdan ABŞ səfirinə ağır sözlər:    "İkiüzlüdür"
  19 May 2022    Oxunub:407
Ermənistan parlamentinin keçmiş vitse-spikeri və Respublika Partiyasının sədr müavini Eduard Şarmazanov ABŞ-ın Ermənistandakı səfiri Lin Treysini tənqid edib. AzVision.az xəbər verir ki, yerli mediaya açıqlama verən Şarmazanov səfirin İrəvanla bağlı bəyanatını ikiüzlü gediş adlandırıb.
- Bu çox acınacaqlı bəyanatdır, ikili standartlardır. Mənim üçün Ermənistanda demokratiya və insan haqlarını dəstəkləyəcək Qərb və Avropa strukturları və ya səfirlikləri praktiki olaraq yoxdur, - Şarmazanov müxalifətin yürüşü zamanı jurnalistlərə deyib.

Onun sözlərinə görə, əvvəllər kiminsə hüququ bu və ya digər dərəcədə pozulanda səhərdən axşama kimi bu haqda danışırdılar.

- Məsələn, transgenderlərin və ya digər cinsi azlıqların hüquqları pozulanda bu belə idi. İndi isə hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz olaraq zorakılıq tətbiq edəndə, vətəndaşları saxlayıb həbsə atanda amerikalı diplomat susur. O müsahibəsində demokratiyadan danışıb? ABŞ səfirinin dünənki açıqlaması ikiüzlülük və ikili standartlardan başqa bir şey deyil. Bu bəyanatın demokratiya ilə heç bir əlaqəsi yoxdur, - Şarmazanov bildirib.- erməni siyasətçi gileylənib.

Şarmazanov qeyd edib ki, bu bəyanatlar geosiyasi maraqlarla bağlıdır. Siyasətçinin fikrincə, Paşinyan Ermənistanın xarici siyasət vektorunu Qərbə, əslində isə Türkiyəyə yönəltməyə çalışır.

Xatırladaq ki, ABŞ səfiri Lin Treysi "Armenpress"ə verdiyi müsahibədə dolayısı yolla indiki hakimiyyətin fəaliyyətindən razı qaldıqlarını bəyan edib. O qeyd edib ki, Birləşmiş Ştatlar erməni xalqının 2018-ci ildə seçdiyi və 2021-ci ildə parlament seçkilərində bir daha təsdiqlədiyi ümumi demokratik dəyərlərə və bu yola əsaslanan bir gələcək qurmağa kömək etmək öhdəliyinə sadiqdir.

Tural Tağıyev
AzVision.az

Teqlər: Ermənistan   ABŞ   Səfir  







Xəbər lenti