İlham Əliyev: “Müharibənin son günlərinə qədər Türkiyə xalqı yanımızda idi”

   İlham Əliyev:  “Müharibənin son günlərinə qədər Türkiyə xalqı yanımızda idi”
  14 May 2022    Oxunub:912
“Yenidən qardaş Türkiyə torpaqlarında olmağımdan çox məmnunam. Bütün türk qardaşlarımı səmimi qəlbdən salamlayıram. Azərbaycandan hərarətli salamlar gətirmişəm. İlk növbədə əziz qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğana məni bu mərasimə dəvət etdiyi üçün təşəkkürümü bildirirəm. Bu gözəl hava limanının açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rizə şəhərində Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib. Prezident vurğulayıb ki, Türkiyə sürətlə inkişaf edir:

“Türkiyə bu gün nəinki dünya çapında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə daxilində də böyük layihələr icra etməyə qadirdir. Bunlar arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, yollar, körpülər, məktəblər, xəstəxanalar - bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir. Bütün bu işlərin mərkəzində insan faktoru dayanır, dövlət siyasəti dayanır.

Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Azərbaycan-Türkiyə birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik. Xoş günlərdə, yaxşı günlərdə, pis günlərdə. Müharibənin ilk günündə cənab Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır" deməsi bir çoxları üçün ciddi mesaj oldu. İkinci Qarabağ müharibəsi Türkiyə ilə Azərbaycanın bir yerdə olduğunu bütün dünyaya göstərdi. İlk saatlardan müharibənin son günlərinə qədər mənim qardaşım, qardaş Türkiyə xalqı bizim yanımızda idi”.

Prezident çıxışında əlavə edib: “Müharibənin son dəqiqəsinə qədər, Şuşa şəhərinə bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi. Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq. Bu gün də biz biryerdəyik. Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Minlərlə bizim türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir”.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Türkiyə   Azərbaycan  







Xəbər lenti