USAID Bakıda keçirilən əl işlərindən ibarət sərgiyə dəstək verir

USAID Bakıda keçirilən əl işlərindən ibarət sərgiyə dəstək verir
  13 May 2022    Oxunub:263
13-15 may 2022-ci il tarixlərində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə Bakının mərkəzində yerləşən Park Bulvar ticarət mərkəzində 46-cı “Əl Əməyi, Göz Nuru” qadın sahibkarların əl işlərindən ibarət satış sərgisini keçirir.
Sərgidə 100-dən çox istedadlı qadın sahibkarın hazırladığı müxtəlif məhsullar nümayiş etdirilir. Sərgi zamanı nümayiş olunan bütün məhsullar satışa çıxarılır.

Sərginin açılışında iştirak edən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Dr. Caydev Sinqx qeyd edib:

“Qadınların iqtisadi gücləndirilməsi yalnız bərabərlik və işçi qüvvəsinin şaxələndirilməsi üçün vacib deyil, həm də cəmiyyətimizin inkişafı üçün istifadə olunmamış potensialı üzə çıxarmağın ən yaxşı və sürətli yollarından biridir."

Tədbir AQSİA, USAID və KOBİA-nın qadınların iqtisadi tərəqqisini dəstəkləmək məqsədilə effektiv platforma təmin edən sektor olan yaradıcı sənayelərdə qadınlara məxsus mikro və kiçik müəssisələrin inkişafına verdiyi dəstəyin bir hissəsini təşkil edib. Azərbaycanda aparıcı qadın biznes assosiasiyası olan AQSİA müxtəlif bazara çıxış fəaliyyətləri, o cümlədən onların məhsullarının sərgilərinin təşkili vasitəsilə Azərbaycan qadınlarının əl işlərinin istehsalı və satışının təşviqində mühüm rol oynayır.

AQSİA-nın sədri Səkinə Babayeva deyib “Assosiasiya ölkə üçün müəyyən edilmiş Milli Prioritetlərə əsasən qadın sahibkarlığının yaradıcı və innovativ əsaslarla inkişafı, rəqəmsal texnologiyaların tətbiqinin təşviq edilməsi, özünə məşğulluq imkanlarının artırılması istiqamətində aktiv fəaliyyət göstərir. Məqsədimiz mikro və kiçik qadın sahibkarlara eləcə də əlilliyi olan sahibkarlara xüsusi diqqət ayırmaqla, ümumilikdə qadın sahibkarlığının iqtisadi dayanıqlılığının artırılmasına töhfə verməkdir.”

USAID Özəl Sektorun İnkişafı Layihəsi (PSA) qadın biznes və peşəkar assosiasiyaları və onların üzvlərinin gücləndirilməsinə və əlaqələndirilməsinə, eləcə də kənd qadınları üçün yeni imkanların yaradılmasına diqqət yetirərək, öz fəaliyyəti ilə qadınların iqtisadi iştirakını artırır. Özəl Sektorun İnkişafı Layihəsinin (PSA) “Qadınlar Assosiasiyalarda” komponenti qadın sahibkarların və biznes sahiblərinin bazar məlumatlarına, bazarlara, rəqəmsal və biznesin inkişafı xidmətlərinə, maliyyəyə, şəbəkələrə, mentorluğa və biznesə başlamaq və/və ya böyütməyə mane olan əngəlləri aradan qaldırmağa imkan verən digər resurslara çıxışını artırmaq məqsədi daşıyır. Bu xüsusda Özəl Sektorun İnkişafı Layihəsi (PSA) qadınların iqtisadi imkanlarının gücləndirilməsinə davamlı dəstəyi təmin etmək məqsədilə Azərbaycanda qadınlara məxsus, onların rəhbərlik etdiyi və qadın yönümlü biznes və professional assosiasiyalarını gücləndirir, imkanlarını artırır.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) işgüzar qadınları bir araya gətirmək və onlara şəbəkə qurmaq və potensiallarının gücləndirilməsi imkanlarını təmin etmək missiyası ilə yaradılmışdır. AQSİA Azərbaycanda 1000-dən çox tədbir keçirib və ölkə üzrə 5200 qadına sahibkarlıq üzrə təlim kursları keçib. İlkin kapital alan qadın biznes benefisiarlarının sayı 213 nəfərə çatıb ki, onların da 50%-i bizneslərini genişləndirməkdə və yeni iş yerləri yaratmaqda irəliləyiş əldə edib. Bu fəaliyyətlər AQSİA-nın ölkədə sahibkarlığın inkişafına dəstək verən yerli hökumət və özəl qurumlarla və beynəlxalq təşkilatlarla tərəfdaşlığı vasitəsilə həyata keçirilib.

Qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətində prioritet istiqamətlərdəndir. Agentlik ölkənin dayanıqlı inkişafının təmin edilməsində qadın sahibkarlığının rolunun artırılması, eləcə də kiçik və orta biznes subyektləri arasında qadınların sayının daha da artması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. KOBİA qadın sahibkarlığının dəstəklənməsi, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin araşdırılması, qadınların biznes fəaliyyətinə təşviqi və özünüməşğulluğunun təmin edilməsinə dəstək məqsədilə AQSİA və USAID daxil olmaqla bir sıra yerli və xarici təşkilatlarla da əməkdaşlıq edir.

AzVision.az


Teqlər:







Xəbər lenti