Şuşanın azad olunduğu gün şəhid olan Vətən Müharibəsi Qəhrəmanı - FOTOLAR

   Şuşanın azad olunduğu gün şəhid olan Vətən Müharibəsi Qəhrəmanı -    FOTOLAR
  13 May 2022    Oxunub:1002
Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, “Vətən Müharibəsi Qəhrəmanı” şəhid Mehrab Niftəliyevin anım günüdür.

AzVision.az xəbər verir ki, baş gizir 1985-ci il mayın 13-də Quba rayonunun Qamqam кəndində anadan olub. 2002-ci ildə Mübariz Abdullayev adına orta məktəbi bitirib və hərbi xidmətə yollanıb.
Hərbi xidmət dövründə xüsusi təyinatlılara seçilib və orada qalıb. 17 il xidmət edib. Aprel döyüşlərində də bir neçə ağır əməliyyatlarda iştirak edib. Uğurlu döyüşçü kimi təltif olunub. Ötən ilin payızında Ali Baş Komandan tərəfindən qüsursuz xidmətinə görə təltif edilib.

Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda savaşıb, noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Ona uğurlu döyüşlərinə görə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin həyat yoldaşı Vüsalə Niftəliyeva : "Mehrab həmişə müharibədən, şəhidlikdən danışırdı. Özü də sanki tələsirdi. Deyirdi, müharibə olsun, torpaqlarımızı azad edək. Qarabağın işğalda olmağı ona hərbçi kimi çox pis təsir edirdi. Müharibəyə hazırlaşırdılar, bütün günü təlimlərdə olurdu. Bu ilin avqust ayında söhbət etdik, dedi ki, müharibə başlasa, mənim şəhid xəbərimə hazır ol, möhkəm dayan. Sentyabrın 19-da bir daha bu mövzuda danışdıq, müharibənin artıq qaçılmaz olduğunu bildirdi. Hətta şəkilə kimi çıxarıb qoydu ki, şəhid olacağam və bu şəkilimi böyütdürərsən. Bildirdi ki, sən dünyanın ən xoşbəxt qadını olacaqsan. Bundan sonrakı həyatımı şifahi ssenari kimi yazıb qoydu. Heç vaxt qayıdacağı ilə bağlı ümid vermədi. Dedi, qismətdə varsa, qayıdacağam. Amma sən hazır ol".



Şəhid xanımının sözlərinə görə, müharibə vaxtı cəmi 3-4 dəfə Mehrabla danışa bilib. Sonuncu zəng oktyabrın 31-də olub:

"Dedi ki, Şuşaya giririk, mənim buradan qayıdışım olmayacaq. Səsində qəribə həyəcan, təlaş var idi. Çalışdı ki, biruzə verməsin, amma mən onu hiss etdim. Dedim, artıq yorulmuşam, bitsin, qayıt gəl. Cavab verdi ki, sən güclü insansan, Vüsalə tükənibsə, mən orada ikinci Mehrabı qoyub gəlmişəm. Səndə Mehrabın gücü var.

Bu söhbətimizdən sonra 8 gün idi ki, ona zəng çatmırdı. Əlaqə saxlaya bilmirdik. Noyabrın 9-u səhər saat 8-in yarısı Mehrabın şəhid olma xəbəri gəldi. Noyabrın 8-i Şuşada, şəhərin özündə artilleriyadan atəş açılıb, ayağından açıq qəlpə yarası alıb, daxili qanaxma baş verib və həyatını xilas etmək mümkün olmayıb”.







Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti