Bakıda qanunsuz ağac kəsimi ilə bağlı cinayət işi başlanılıb

Bakıda qanunsuz ağac kəsimi ilə bağlı cinayət işi başlanılıb
  17 Aprel 2014    Oxunub:1755
Bakıda ağacların qanunsuz çıxarılaraq oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, Binəqədi Rayonu, 9-cu mikrorayon ərazisində yerləşən zeytunluqda xeyli sayda ağac naməlum şəraitdə çıxarılaraq oğurlanıb.

Hadisənin kimlər tərəfindən və hansı məqsədlə törədildiyi məlum deyil.

Faktla bağlı aprelin 14-də Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ağacların qanunsuz qırılması və çıxarılması hallarını kəskin tənqid edib. Prezident qeyd edib ki, nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər: “Vəziyyət əvvəlki illərə nisbətən daha müsbətdir, ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”.

Ağackəsmənin tam şəkildə dayandırılmasını zəruri sayan prezident İ. Əliyev deyib ki, aidiyyəti qurumlar təklif versinlər: “Biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.


Teqlər:





Xəbər lenti