Rusiya şimal cəbhəsindən niyə çəkildi?! – Şərh

// Son günlərin ən maraqlı sualına ekspert yanaşması

   Rusiya şimal cəbhəsindən niyə çəkildi?! –    Şərh
  07 Aprel 2022    Oxunub:3785
Artıq bir neçə gündür rus qoşunları Kiyev, Çerniqov və Sum vilayətlərini tərk edərək, şərqdə - Donbas istiqamətində cəmləşirlər. Rusların hərbi qüvvələrini şimaldan niyə geri çəkdikləri çoxları üçün müəmmalıdır.
Doğrudur, rus qoşunlarının Ukraynanın şimalında logistika, təminat-təchizat problemləri yaranmışdı, amma hamıya bəllidir ki, Rusiya şəxsi heyət və texnika baxımından böyük hərbi potensiala malikdir. Belə olan halda, niyə Cənub və Qərb Hərb Dairələrini Ukraynadakı əməliyyatlara cəlb etmək, şərqi Ukraynaya dislokasiya etmək əvəzinə, məhz şimali Ukrayna cəbhəsindəki qüvvələri şərqə çəkib, Donbas istiqamətinə göndərir?

Məsələni AzVision.az -a şərh edən hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Rusiyanın ərazisi böyük olduğundan, ruslar üçün digər ərazilərindəki hərbi qüvvələrin köçürülməsi problemlidir: “Ruslar hər tərəfdə ehtiyat qüvvələri saxlamağa məcburdurlar. Çünki digər cəbhələrdə də döyüş növbətçiliyi var. Səma, sərhəd və dəniz əraziləri qorunmalıdır. Dolayısı ilə, Rusiya həm şərq, həm cənub, həm şimal-qərb cəbhələrindəki ordu hissələrini Ukraynaya yollaya bilmir. Üstəgəl, gənc əsgərləri də döyüşə yollamağa ehtiyat edir, çünki onların həm döyüş təcrübəsi yoxdur, həm də bu addım yerli əhali arasında ciddi etirazlara səbəb olar”.
Viktoriya Nuland Türkiyəyə niyə gəlmişdi?

Ədalət Verdiyevin sözlərinə görə, Rusiya ordusunda hərbi hissələr çox olsa da, orada xidmət edən hərbçi sayı və heyət tərkibi döyüşə daxil ediləcək miqdarda deyil: “Mən Sovet İttifaqında xidmətdə olduğum müddətdə məsələn, diviziyada 10 min nəfər olmalı idisə, cəmi 2 min nəfər var idi. Yəni heyət çatışmırdı. Texnikalar konversasiya edilərək, rezerv kimi saxlanılırdı. Əsgərlər bu texnikalara xidməti, mühafizəni həyata keçirirdilər. İndi Rusiya həmin qüvvələri döyüşə göndərsə, bu cür vəzifələr yerinə yetirilməmiş qalacaq. Odur ki, Rusiya şərq cəbhəsində əldə edilənləri itirməmək üçün hücum cəbhəsini yarıbayarı azaldaraq, məhz şimaldakı qüvvələri şərqə dislokasiya edərək, Donetsk və Luqanskın inzibati ərazisini ələ keçirməyə çalışır”.

Banu Məmmədzadə
AzVision.az üçün

Teqlər:   Rusiya   Ukrayna  







Xəbər lenti