Bəxtiyar Hacıyev 30 min manatı haradan alıbmış?

Bəxtiyar Hacıyev 30 min manatı haradan alıbmış?
  14 Aprel 2014    Oxunub:2149
“Mən pulumu mənimsəyən Nurettin Eres adlı şəxsi 2000-ci ildə liseydə təhsil aldığım vaxtdan tanıyırdım. Onu dindar, təmiz və mənəviyyatlı bir insan hesab edirdim”. Gənc fəal, “Müsbət dəyişiklik hərəkatının” həmtəsisçisi Bəxtiyar Hacıyev AzVision.az-a açıqlamasında polisə verilməsinə aydınlıq gətirərkən bunları deyib.
O, bildirib ki, Nurettin Eres 2013-cü ildə ona müraciət edib və məktəb təmiri ilə bağlı pul istəyib: “Onların işlədiyi şirkətə məktəb təmirilə bağlı müraciət olunub. Şirkət özü o təmiri etmək istəmirdi. Nurettin Eres dedi ki, özü təmiri müstəqil şəkildə edib, pul qazanmaq istəyir və ona kömək lazımdır. Qeyd etdi ki, bankdan kredit götürmək istəmir, çünki bu zaman faiz ödəmək lazımdır. Mən başqa bir dindar tanışımın da yanında danışanda o mənə dedi ki, əgər tanıdığın, etibar etdiyin adamdırsa, kömək edə bilərik. Mən ona həmin pulu borc kimi verdim və o da 3 ay ərzində bunu geri qaytarmalı idi, notarial qaydada bunu öz üzərinə götürmüşdü”.

B.Hacıyev deyir ki, həmin müddət bitdikdən sonra Nurettin Eres onun telefon zənglərinə cavab verməyib və görüşdən qaçıb: “Mən də polis orqanlarına dəfələrlə onun dələduz olması ilə bağlı müraciət etmişdim, bu barədə məndə məlumat var idi. Nəhayət, yanvar ayında o, gətirib mənə pasportunu verdi ki, arxayın ola bilrəsən, mən ölkədən heç yerə qaçmayacağam və bir neçə gün ərzində pulu qaytaracağam. Mənə sonradan məlum oldu ki, yanvarda pasprotunu mənə verməyinə baxmayaraq, İraqa və digər ölkələrə səfər edib. Sonra da Türkiyənin “Fənərbaxça klubunu” Bakıda məktəbini açıb. Mən də bir neçə gün əvvəl Fənərbaxça Klubunun Bakıdakı məktəbinə gedib borcumu tələb etdim. İndi onun özü və aktrisa həyat yoldaşı Məlahət Əhmədova müxtəlif orqanlara müraciət ediblər və cinayət işi açılıb. Deyirlər ki, o, Türkiyə vətəndaşıdır, buna görə də bu məsələ yüksək səviyyədə diqqətdə saxlanılmalıdır?”

30 min manat pulu hardan əldə etdiyinə gəlincə isə B.Hacıyev vurğulayıb ki, başqasından borc alıb verib: “Öz pulum deyil, başqasından almışam. Bu pulu geri qaytarıb-qaytarmadığıma gəlincə isə, hesab edirəm ki, bu, media üçün maraqlı olmamalıdır”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti