Prezident xəstəxananın açılışında

Prezident xəstəxananın açılışında
  07 Aprel 2014    Oxunub:1109
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yenidənqurmadan sonra açılışında iştirak edib.


AzVision.az xəbər verir ki, dövlətimizin başçısı səhiyyə ocağının rəmzi açılışını bildirən lenti kəsdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verdi.

Bildirildi ki, bu tibb ocağı Qıvraq kənd sahə xəstəxanasının bazasında yaradılıb. Qıvraq qəsəbəsində uyğunlaşdırılan binada yerləşən xəstəxana üçün 2006-cı ildə yeni bina tikilərək istifadəyə verilib.

Bu gün Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi dövlət qarşısında duran ən mühüm vəzifələrdəndir. Aparılan genişmiqyaslı islahatlar çərçivəsində yeni səhiyyə ocaqları tikilir, köhnələri əsaslı təmir olunur, yaxud yenidən qurulur və ən müasir tibbi avadanlıqla təchiz edilir. 2000-2005-ci illərdə muxtar respublikada Özəl Tibb Mərkəzi, Gigiyena və Epidemiologiya Mərkəzi, Duzdağ Fizioterapiya Mərkəzi, Əlillərin Bərpa Mərkəzi, "İmplant-dent" Stomatoloji Dispanseri, Mərkəzi Uşaq Xəstəxanası, Darıdağ arsenli su müalicəxanası da daxil olmaqla ümumilikdə 48 səhiyyə obyekti tikilib, 35 tibb ocağında əsaslı təmir-bərpa işləri aparılıb və müasir tibbi avadanlıqla təmin edilərək istifadəyə verilib.

2005-2010-cu illərdə isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi, Kəngərli Rayon Mərkəzi Xəstəxanası, Şərur rayonunda ən müasir avadanlıqla təchiz olunan xəstəxana şəhərciyi, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri, Uşaq Bərpa Mərkəzi, Körpələr evi, Naxçıvan Şəhər Təcili Tibbi Yardım Mərkəzi, Doğum Mərkəzi, Onkoloji Mərkəz, kəndlərdə həkim ambulatoriyaları və feldşer-mama məntəqələri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.

Yeni bina ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, Kəngərli rayonunda 30 mindən çox əhaliyə xidmət edəcək xəstəxananın binasında ən müasir səviyyədə əsaslı yenidənqurma işləri aparılıb. Bu tibb müəssisəsi möhtəşəmliyi ilə yanaşı, xidmətin müxtəlifliyi ilə fərqlənir. Kompleksə stasionar və poliklinika şöbələri, üç bölmə daxildir. Burada müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaqdır. Cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya, reanimatologiya, şüa-diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, doğuş bölməsi, laboratoriya, təcili tibbi yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib.


Xəstəxanada yaradılmış şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi.


Teqlər:  





Xəbər lenti