İsrail prezidenti tarixdə ilk dəfə BƏƏ-yə səfər edəcək

İsrail prezidenti tarixdə ilk dəfə BƏƏ-yə səfər edəcək
  25 Yanvar 2022    Oxunub:1224
İsrail prezidenti İsaak Hersoq yanvarın 30-31-də xanımı ilə birgə tarixdə ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliklərinə(BƏƏ) rəsmi səfər edəcək. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV İsrail prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, səfər BƏƏ-nin rəhbəri, vəliəhd Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə baş tutacaq.

Səfər çərçivəsində prezident BƏƏ rəhbəri ilə danışıqlar aparacaq, orada yaşayan yəhudi icmasının nümayəndələri ilə görüşəcək və "Expo 2020 Dubai" sərgisində İsrailin Milli Gününün açılışını edəcək.

- Biz Birləşmiş Ərəb Əmirliklərinə ilk prezident səfərimizi etməklə tarix yazmaqdan qürur duyuruq. Bu mühüm səfər İsrail və BƏƏ xalqlarının yeni ümumi gələcəyin təməllərini qoymaqla məşğul olduqları bir vaxta təsadüf edəcək, - İsrail prezidenti deyib.

O, yeni tərəfdaşlığın Yaxın Şərqi dəyişəcəyinə və bütün regionu ruhlandıracağına əminliyini ifadə edib.

Xatırladaq ki, 2020-ci ilin avqustunda İsrail Birləşmiş Ərəb Əmirlikləri ilə barışıq sazişi imzalayıb. BƏƏ İsraillə diplomatik və iqtisadi əlaqələri dinc yolla tam tənzimləyən üçüncü ərəb ölkəsi (Misir və İordaniyadan sonra-red.) olub. Tərəflər əlaqələri bərpa etməyə və ölkələr arasında sərmayə, turizm, birbaşa uçuşlar, təhlükəsizlik və telekommunikasiya sahələrinin inkişafı planını birgə müəyyənləşdirməyə söz veriblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: İsrail   Prezident   BƏƏ  





Xəbər lenti