Hərbi Prokurorluqda kollegiya iclası keçirilib

   Hərbi Prokurorluqda kollegiya iclası keçirilib
  21 Yanvar 2022    Oxunub:626
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 2021-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələrinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, iclas iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini–Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, müasir Azərbaycanın xilaskarı və qurucusu ulu öndər Heydər Əliyevin zamanı qabaqlayan müdrik siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq uğurla davam etdirən Prezident İlham Əliyevin dərin düşüncəsi, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın əzmkarlığının vəhdəti sayəsində dünyada neqativ proseslərə, o cümlədən planeti cənginə alan koronavirus (COVID-19) pandemiyasına rəğmən, 2021-ci ildə də dövlətimizin daha da qüdrətlənməsi və əhalinin rifahının hərtərəfli yaxşılaşdırılması prosesinin davamlılığı təmin edilib. Eyni zamanda, lider-xalq-ordu birliyinin sayəsində hərbi və siyasi-diplomatik yolla işğaldan azad olunmuş tarixi ərazilərimizdə abadlıq-quruculuq işləri uğurla həyata keçirilib. Ötən il iqtisadi artım 5 faizdən çox olub, qeyri-neft iqtisadiyyatı isə 7,2 faiz artıb. Ümumi sənaye istehsalı 5 faizdən çox, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. Eyni zamanda, əməkhaqqıları, pensiyalar, təqaüdlər və sosial müavinətlər artırılıb, manatın məzənnəsinin sabitliyi təmin edilib. Sadalananlar qəti əminliklə onu deməyə əsas verir ki, dövlətimizin başçısının yürütdüyü siyasət alternativsizdir.

Dövlətimizin hərtərəfli inkişaf edərək daha da qüdrətlənməsində və qazanılan ardıcıl uğurlarda, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsində xalqına sədaqəti, milli-mənəvi dəyərlərə sadiqliyi, eləcə də saysız-hesabsız xeyirxah əməlləri və digər məziyyətləri ilə bütün dünya qadınlarına örnək olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan ədliyyə general-leytenantı Xanlar Vəliyev onun respublikamızda təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafındakı xidmətlərindən, eləcə də UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi Azərbaycanla adları çəkilən beynəlxalq təşkilatlar arasında qarşılıqlı faydalı əlaqələrin yaradılması, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin dünyada tanıdılması istiqamətində gördüyü böyük işlərdən bəhs edib.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə son illər ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan danışan Xanlar Vəliyev dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyasına qarşı respublikamızda aparılan effektiv mübarizəni xüsusi qeyd edib. Hərbi prokuror bu mübarizədə bir sıra qüdrətli dövlətlərin xeyli itkilər verdiyi və ciddi zərərə məruz qaldığı halda, Azərbaycanın pandemiyadan az zərər və minimal itki ilə çıxmasının müdrik rəhbərin mükəmməl siyasətinin, onun rəhbərliyi ilə görülən qabaqlayıcı tədbirlərin, o cümlədən çoxsaylı yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsinin, tibb işçilərinin sayının və onların təminatının artırılmasının, eləcə də tibb xidməti səviyyəsinin yüksəldilməsinin və xalq-hakimiyyət birliyinin nəticəsi olduğunu bildirib. Hərbi prokuror vurğulayıb ki, ümumbəşəri bəla ilə mübarizədə prokurorluq, o cümlədən Hərbi Prokurorluq əməkdaşları da istər vətəndaş, istərsə də prokurorluq əməkdaşı kimi üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetiriblər.

Ölkədə həyata keçirilən demokratik proseslərin prokurorluq orqanlarında da müvafiq islahatların həyata keçirilməsinə zəmin yaratdığını qeyd edən Hərbi prokuror bildirib ki, dövlətimizin başçısının verdiyi dəyərli tapşırıq və tövsiyələrin prokurorluq orqanlarında həyata keçirilməsi prokurorluğun, o cümlədən hərbi prokurorluğun uğurlarını şərtləndirib. Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə qısa müddətdə prokurorluqda, eləcə də Hərbi Prokurorluqda struktur və kadr islahatları həyata keçirilib. Prokurorluq orqanlarının müasir dövlət təsisatı kimi yenidən formalaşdırılması, o cümlədən dövrün tələblərinə uyğunlaşdırılması, fəaliyyətində şəffaflığın artırılması, işin çevikliyinin və səmərəliliyinin təmin edilməsi, lokal normativ hüquqi aktların təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb, 2021-ci il də prokurorluğun tarixinə mütərəqqi islahatlar və səmərəli dəyişikliklər dövrü kimi düşüb. Hazırda bu proses uğurla davam etdirilir.

Ötən ilin də Hərbi Prokurorluq orqanlarının uğurlu fəaliyyət ili kimi yadda qaldığını vurğulayan Xanlar Vəliyev qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, ötən il də Hərbi Prokurorluğun fəaliyyəti səmərəli olub. Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığının təmin edilməsi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması məqsədilə qarşıya qoyulan vəzifələr əməkdaşlar tərəfindən uğurla icra olunub. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində cinayətlərin ümumilikdə 99 faizi, o cümlədən həyat və sağlamlıq əleyhinə olan və bəzi digər növ cinayətlərin 100 faizi açılıb.

Xanlar Vəliyev bildirib ki, fəaliyyət istiqamətləri üzrə görülən işlərlə yanaşı, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə digər işlər də görülüb. Bu istiqamətdə əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də böyük əhəmiyyəti olub. Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə insan hüquq və azadlıqlarının qorunmasını, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsini təmin etmək məqsədilə hər il olduğu kimi, 2021-ci ildə də aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış “Hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsinə dair”, “Cinayətkarlığa qarşı mübarizəyə dair”, “Cinayət hadisələrinin qarşısının alınmasına dair”, “Hərbi qulluqçularda vətənpərvərlik hislərinin gücləndirilməsinə dair” və sair mövzular üzrə tədbirlər planları əsasında hərbi qulluqçularla mütəmadi görüşlər təşkil edilib, onların qayğı və problemləri ilə maraqlanılıb, həmçinin fərdi qəbullar keçirilib. Eyni zamanda, bayramlarda və digər əlamətdar günlərdə hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanları ilə birgə hərbi qulluqçuların iştirakı ilə tədbirlər, o cümlədən bayram mərasimləri keçirilib, xidmətdə fərqlənənlərə hədiyyələr təqdim olunub.

Bütün bunların nəticəsində də hesabat dövründə qeydə alınmış bəzi cinayətlər əvvəlki illə müqayisədə azalıb. Belə ki, 2020-ci illə müqayisədə 2021-ci ildə qeydə alınmış tabeçilik qaydaları əleyhinə cinayətlər 6 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 42,4 faiz, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 25 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 20,8 faiz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 17,6 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 7,1 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 25 faiz azalıb.

Humanistliyin ölkəmizdə həyata keçirilən siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayan Xanlar Vəliyev Vətən müharibəsində qazanılan tarixi Qələbənin - Zəfər Gününün birinci ildönümü ərəfəsində bu Qələbənin memarı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərardan söz açıb. Bildirib ki, 2021-ci ilin noyabr-dekabr aylarında bilavasitə Hərbi Prokurorluq orqanları tərəfindən 73 şəxs barəsində amnistiya aktı tətbiq edilib. Eyni zamanda, bu dövrdə prokurorların iştirakı ilə hərbi məhkəmələr tərəfindən 81 şəxs barəsində və prokurorluğun prosessual rəhbərliyi ilə müvafiq qurumlar tərəfindən 114 şəxs barəsində amnistiya aktı tətbiq olunub.

Hərbi prokuror qeyd edib ki, bununla yanaşı, döyüş əməliyyatlarında həlak olmuş şəxslərin şəxsiyyətinin müvafiq dövlət qurumlarının köməyindən istifadə edilməklə müəyyənləşdirilərək aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlər görülüb. Hərbi Prokurorluğun əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri ilə birgə intensiv əməliyyat-istintaq tədbirləri, təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar keçirilib. Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə müntəzəm iş aparılıb. İndiyədək 2908 nəfərin, o cümlədən itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətləri müəyyənləşdirilərək meyitləri ailələrinə təhvil verilib. İtkin düşmüş 6 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, axtarış qrupları tərəfindən müntəzəm iş aparılır.

Kollegiya iclasında bildirilib ki, ötən illərdə olduğu kimi, 2021-ci ildə də ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilib. Dövlətimizin başçısının bu sahədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar Hərbi Prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Bu qəbildən olan cinayətlərin aşkarlanması və qarşısının alınması istiqamətində struktur qurumları tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılıb.

Qeyd edilib ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlər görülüb. Bunun nəticəsində 2020-ci illə müqayisədə 2021-ci ildə təkrar müraciətlərin sayı 20 faiz azalıb. Bu da vətəndaş məmnunluğunun daha da artmasının göstəricisidir. Vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə dövlətimizin başçısı İlham Əliyevin tövsiyələri bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırılıb, hər bir əməkdaşdan gündəlik fəaliyyətdə onlara ciddi əməl edilməsi tələb olunub.

Kollegiya iclasında hesabat dövründə görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunub, onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, işin effektivliyinin daim artırılması tələb edilib.

Bildirilib ki, Hərbi Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılıb, bu sahədə aşkarlanan hər hansı nöqsan və pozuntuya qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq tədbirlər görülüb. Belə ki, ötən il xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə Hərbi Prokurorluğun 6 işçisi intizam məsuliyyətinə cəlb olunub.

Kollegiya iclasında, həmçinin qeyd edilib ki, tarixi torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdə Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin effektivliyini və operativliyini artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 aprel tarixli Sərəncamı ilə Qubadlı, Kəlbəcər Hərbi prokurorluqları və Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu yaradılıb. Hazırda həmin prokurorluqlar qısa zamanda formalaşdırılmış münbit şəraitdə uğurla fəaliyyət göstərirlər. Sentyabrın 26-da və 27-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Baş prokurorun müavini–Hərbi prokuror Xanlar Vəliyev, eləcə də Baş Prokurorluğun və Hərbi Prokurorluğun rəhbər işçilərindən ibarət nümayəndə heyəti Kəlbəcər və Qubadlı rayonlarına səfər edib. Səfər zamanı Kəlbəcər və Qubadlı Hərbi prokurorluqlarının yeni inzibati binalarının açılış mərasimi olub. Eləcə də həmin prokurorluqların işçilərinin qayğı və problemləri ilə maraqlanılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.

Sonra məruzə ətrafında çıxışlar olub. Azərbaycan Respublikası Hərbi prokurorunun müavinləri-ədliyyə general-mayoru Şəfahət İmranov, ədliyyə general-mayoru Rasim Kazımov, ədliyyə polkovniki Fuad Məmmədov, Lənkəran hərbi prokuroru, ədliyyə polkovniki İmran Əhmədov və Füzuli hərbi prokuroru, ədliyyə polkovniki Elçin Hacıyev çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Kollegiya iclasını yekunlaşdıran ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, Hərbi Prokurorluğun kollektivi ulu öndər Heydər Əliyevin millətimizin və dövlətimizin maraqlarına xidmət edən uzaqgörən siyasətinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edərək dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, Silahlı Qüvvələrdə nizam-intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, cinayətkarlığa və digər qanun pozuntularına, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək hallara qarşı mübarizədə barışmaz mövqe tutaraq üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcək.

AzVision.az



Teqlər: Hərbi-Prokurorluq  





Xəbər lenti