“Bakı Rusiya-Ukrayna böhranında vasitəçi ola bilər” – Nikolay Zamikula

   “Bakı Rusiya-Ukrayna böhranında vasitəçi ola bilər” –    Nikolay Zamikula
  20 Yanvar 2022    Oxunub:2003
"Rusiya qoşunlarının Ukrayna ərazisinə genişmiqyaslı müdaxiləsi təhlükəsinin artması fonunda Azərbaycan prezidenti İlham Əliyevin münaqişənin hər iki tərəfilə apardığı dialoq diqqəti cəlb edir. Yanvarın 14-də o, Kiyevdə işgüzar səfərdə olub, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Yanvarın 18-də isə Əliyevin Rusiya Federasiyası prezidenti Vladimir Putinlə etdiyi telefon söhbətində Qazaxıstan və Ukrayna mövzuları müzakirə olunub”.
Bu sözləri Azvision.az-a Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi Nikolay Zamikula deyib. Onun fikrincə, təbii ki, konspirativ nəzəriyyələrə qapılmaq olmaz - bu hadisələrin bir-biri ilə əlaqəsi olmayan məqsəd və vəzifələri var. Lakin Rusiya-Ukrayna sərhədində eskalasiya mövzusu, şübhəsiz ki, hər iki halda gündəmə gətirilib.

- İstisna etmək olmaz ki, Kiyevlə Moskva arasında bu cür aktiv ünsiyyət çərçivəsində Azərbaycan prezidenti təkcə hər iki tərəfdən məlumat alan şəxs kimi çıxış etməyib. O, nəzəri olaraq, böhranda etibarlı vasitəçi kimi çıxış edə bilər, bunun üçün zəruri potensiala malikdir. Əslində tərəflərin ictimailəşdirilməyən dialoq istəkləri olduğunu güman etsək, o zaman Azərbaycan bunu təmin etmək üçün optimal halqaya çevrilir, - N. Zamikula bildirib.

Ukraynalı politoloq hesab edir ki, Bakı beynəlxalq aləmdə neytral siyasət aparır: "Azərbaycan son vaxtlar Rusiya-Qərb qarşıdurmasında iştirak etmir. Bu onu ya Rusiya Federasiyasının peykinə çevrilən (Belarus, Ermənistan, Tacikistan, Qazaxıstan), ya da açıq-aşkar Qərbyönlü kurs götürən (Baltikyanı ölkələr, Ukrayna, Gürcüstan) digər keçmiş sovet respublikalarından fərqləndirir. Azərbaycan hazırkı parçalanmanın birbaşa təsirinə məruz qalmayan həqiqi müstəqil oyunçudur”.
“Moskva ABŞ-a və müttəfiqlərinə hərbi təzyiq göstərməyə məcbur olacaq” – Müsahibə

Zamikula vurğulayıb ki, Azərbaycan eyni zamanda həm Ukrayna, həm də Rusiya Federasiyası ilə yüksək səviyyədə əlaqələr saxlayır. Birinci halda söhbət strateji tərəfdaşlığın inkişafından və qarşılıqlı ərazi bütövlüyünə sabit dəstəkdən gedir. Lakin bu, Azərbaycanın ərazilərini işğal etmiş Ermənistanla müttəfiqlik münasibətləri olan və Qarabağ ətrafındakı sülh prosesini “özəlləşdirməyə” çalışan Rusiya Federasiyası ilə münasibətlərini yüksək səviyyədə saxlamaqda Bakıya mane olmur.

Belə bir şəraitdə prezident Əliyevin həm ukraynalı, həm də rusiyalı həmkarları ilə sabit münasibətlərinin olması təbiidir. Odur ki, lüzumsuz şübhələr olmadan Azərbaycan-Ukrayna və Azərbaycan-Rusiya münasibətləri çərçivəsində üzərinə düşən vəzifələrin icrasına əlavə olaraq, bəzi məlumatların (ultimatumlar, təkliflər və s.) ötürülməsində vasitəçi kimi çıxış edə bilər.

Ekspertin fikrincə, Azərbaycanın beynəlxalq aləmdəki potensialı da bu rola uyğundur. O, qlobal ambisiyaları olmayan sabit, inkişaf etmiş dövlətdir, Avropa ilə Asiyanın qovşağındakı strateji regionda güclü mövqe tutur. İlham Əliyevin şəxsi nüfuzunun da böyük rolu var.

- Azərbaycanın Rusiya-Ukrayna münaqişəsinin mümkün eskalasiyası zonasına nisbi yaxınlığı Azərbaycan hakimiyyətinin böhranın diplomatik vasitələrlə həllində maraqlı olmasını şərtləndirir. Bu yaxınlarda Ukrayna və Rusiya arasında vasitəçilik etməyə hazır olduğunu dəfələrlə açıq şəkildə bəyan edən Bakı ilə Ankaranın müttəfiqlik münasibətlərini də nəzərdən keçirməyə dəyər. İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan nəticə etibarilə güclərini birləşdirə və tandemdə çıxış edə bilərlər, - N. Zamikula bildirib.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az

Teqlər:   Rusiya   Azərbaycan   Ukrayna  







Xəbər lenti