"20 Yanvar faciəsinə hüquqi qiymət verilməsi üçün mübarizəni davam etməliyik"

"20 Yanvar faciəsinə hüquqi qiymət verilməsi üçün mübarizəni davam etməliyik"
  20 Yanvar 2022    Oxunub:696
Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə "20 yanvar 1990-cı il Bakı hadisələrinə tarixi baxış" adlı vebinar keçirilib.
AzVision.az xəbər verir ki, vebinarda çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, bu gün əvvəllər Azərbaycanda faciə günü kimi qəbul edilsə də, artıq milli qürur kimi qeyd edilir. Onun sözlərinə görə, 2020-ci ilin noyabrında Azərbaycanın Türkiyənin də siyasi dəstəyi ilə əldə etdiyi qələbədən sonra tarixi hadisələrə, o cümlədən 20 yanvar hadisələrinə baxış da dəyişdi.

F. Şəfiyev bildirib ki, o dövrədə bənzər hadisələr əvvəl Qazaxıstan, Gürcüstan və Azərbaycandan sonra Litvada baş verib: "Bütün bu hadisələrdən sonra Sovet İttifaqında yaşayan xalqların mübarizəsi nəticəsində ittifaq dağıldı. Hadisələri törədən şəxslər hələ də cinayət məsuliyyətinə cəlb olunmayıb. Bəziləri artıq həyatda deyil. Bu işi aparmaqda müəyyən çətinliklər olsa da, Azərbaycan 20 yanvar hadisələrinə beynəlxalq siyasi, hüquqi qiymətin verilməsi üçün öz mübarizəsini davam etməlidir. Beynəlxalq ictimaiyyət hələ də buna lazımi qiymət verməyib. Bu hadisələri törədən Mixail Qorbaçovdur. Həmin il o, Nobel mükafatı da aldı. Biz bu barədə səsimizi ucaltmalıyıq. Azərbaycan bu mövzuda daim danışmalıdır. Beynəlxalq hüquqda bəşəriyyətə qarşı cinayətin möhləti yoxdur. Cinayət əməllərinə dair 50 il sonra da cinayət işi açıla bilər. Azərbaycan 20 yanvar hadisəsini geosiyasi kontekstdə də müzakirə etməlidir".

Azərbaycanın İstanbuldakı Baş Konsulu Nərminə Mustafayeva 20 yanvar gününün həm də Azərbaycan xalqının milli kimliyinin yenidən formalaşdığı gün olduğunu deyib. Onun sözlərinə görə, həmin gün tarixin önəmli dönüş nöqtəsi oldu: "Həmin hadisələr Azərbaycan xalqının müstəqillik yolundan geri dönməyəcəyini, millətin necə gücə sahib olduğunu, müstəqilliyinə qarşı hər hansı təhdid qarşısında necə dirəndiyini göstərdi. O zaman müstəqilliyi üçün mübarizə aparan ölkə bu gün 44 günlük müharibə nəticəsində öz torpaqlarını işaldan azad etdi. Bu ölkəmizin hansı yerlərə gəldiyini və hansı potensial malik olduğunu göstərir".

Daha sonra çıxış edən millət vəkili Musa Qasımlı, Türkiyənin Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin sədri Ufuk Ulutaş, Uludağ Universitetinin professoru Barış Özdal, Fatih Sultan Mehmet Vakfı Universitetinin professoru Zekeriya Kurşun və digər qonaqlar 20 yanvar hadisələrinin bölgədəki sonrakı siyasi proseslərə təsirləri, Sovet İttifaqının süqutunu sürətləndirməsi və Türkiyə- Azərbaycan birliyinə dair müzakirələr aparıblar.

AzVision.az



Teqlər: Fərid-Şəfiyev  





Xəbər lenti