Kürdə suyun səviyyəsinin azalmasının səbəbi açıqlandı

 Kürdə suyun səviyyəsinin azalmasının səbəbi açıqlandı
  19 Yanvar 2022    Oxunub:566
Hazırda Kür çayının Yevlax məntəqəsində suyun səviyyəsi əvvəlki illərlə müqayisədə aşağı olsa da, keçən il müşahidə olunan sululuğa yaxındır.
Bunu  AzVision.az - açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mi­lli Hidrometeorologi­ya Departamentinin baş hidroloqu Asif Verdiyev brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, çaylarda hazırda qış mövsümündə azsulu dövr müşahidə olunur:

"Dağlıq ərazilərə yağıntı qar şəklində yağması nəticəsində bu dövrdə çaylarda sululuq azalır. Çaylarda adətən yaz-yay gursululuq dövrü aprel-iyun aylarında müşahidə olunur. Bu dövr ərzində havanın temperaturunun artması, dağlıq ərazilərdə qarın tədricən əriməsi və yağan yağışlar nəticəsində çaylarda sululuq artaraq gursululuq dövrü müşahidə olunur. Həmin dövrdə çaylarda sululuğun proqnozlaşdırılması məqsədilə mart ayında Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində 30 marşrut üzrə qarölçmə işləri yerinə yetirilir, hesablamalar və təhlillər aparıldıqdan sonra mart ayının sonunda gözlənilən sululuğa dair proqnoz hazırlanaraq müvafiq qurumlara təqdim edilir".

A.Verdiyev qeyd edib ki, iqlim dəyişmələrinin təsiri nəticəsində (havanın temperaturunun artması və yağıntının miqdarının azalması) su ehtiyatlarımız son onilliklərdə azalıb:
"Eyni zamanda transsərhəd suların qonşu ölkələrin ərazisində istifadəsi nəticəsində onların ölkəmizə daxil olan hissəsində də xeyli azalma müşahidə olunur.
Ölkə əhalisinin artması, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və suvarılan kənd təsərrüfatı sahələrinin genişlənməsi səbəbindən suya olan təlabat artan templə irəliləyir.

2021-ci il ərzində Kür çayından ölkə ərazisinə daxil olan orta illik su sərfi normadan 27% aşağı olub. İl ərzində ən aşağı sululuq yay dövründə (iyun-avqust aylarında) müşahidə olunub. Həmin müddət ərzində çayda sululuq normanın 28-68%-ni təşkil edib. Belə ki, yay dövründə yağıntının miqdarının normadan az olması və hava şəraitinin anomal isti keçməsi nəticəsində su səthindən buxarlanmanın artması ilə əlaqədar sululuq kəskin azalıb. Eyni zamanda təlabatla əlaqədar sudan kəskin istifadə Kürdə sululuğun azalmasına səbəb olub".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti