"Azərsu" MİS proqramının tətbiqini yekunlaşdırıb

"Azərsu" MİS proqramının tətbiqini yekunlaşdırıb
  19 Yanvar 2022    Oxunub:1125
“Azərsu” ASC-nin bütün yerli sukanal idarə və sahələrində Müştəri İnformasiya Sistemləri (MİS) proqramının tətbiqi işləri yekunlaşıb.
Bu barədə AzVision.az -a qurumdan bildirilib. Məlumata görə, proqramın tətbiqi və əldə olunan nəticələrlə bağlı keçirilən yekun iclasda “Azərsu” sədrinin I müavini Teyyub Cabbarov proqramın tətbiqi və yaratdığı imkanların əhəmiyyətindən danışıb. O, qeyd edib ki, MİS proqramı dünyanın innovativ texnologiyalarına əsaslanır.

Proqramın tətbiqinə 2014-cü ilin oktyabr ayında Yasamal rayon Sukanal İdarəsində başlanılıb və 2021-ci ilin sonunda Tovuz Sukanal sahəsində yekunlaşıb. Ötən müddətdə bütün sukanal idarə və sahələrinin əhali və qeyri-əhali bazası və bir sıra xidmət sahələri MİS proqramına inteqrasiya edilib.

Sistemin tətbiqində məqsəd müxtəlif istiqamətlər üzrə istehlakçılardan daxil olan müraciətlərin real vaxt rejimində qeydiyyata alınması, abonent məmnuniyyətinin təmin edilməsi, görülən işlərin avtomatlaşdırılaraq icra proseslərinin bütün mərhələlərinə nəzarət olunması, hesabatlılığın təmin olunması, satış-ödəniş məlumatlarının anında bazada əks olunması, icra prosesində iştirak edən struktur vahidlərinin və şöbələrin çevikliyinin təmin olunmasıdır.

MİS proqramının yaratdığı imkanlar sayəsində bütün istehlakçıların sayğac göstəriciləri online rejimdə oxunaraq abonentlərə həmin an fakturalar təqdim edilir, satış-ödəniş və borc məlumatları real vaxt rejimində bazada yenilənir. Oxuma əsnasında aşkar edilən müxtəlif hallar (sayğacdakı nasazlıqlar, qeydiyyatda olmayan sayğaclar, sayğaca və plomba müdaxilə, su təchizatı sisteminə qanunsuz müdaxilə halları, faktiki vəziyyətlə abonentin baza məlumatları arasındakı uyğunsuzluqlar və s.) barədə terminaldan daxil edilən məlumatlar sistem tərəfindən emal olunaraq aidiyyəti üzrə icraya yönəldilir.

Bundan başqa Qaynar xətt mərkəzi də MİS proqramına inteqrasiya olunub və mərkəzə daxil olan müxtəlif təyinatlı (sayğac, qəza, borcların araşdırılması və s.) müraciətlər qeydiyyata alınan zaman sistem tərəfindən aidiyyəti struktur vahidləri üzrə müxtəlif təyinatlı iş əmrləri yaranır. Həmin əmrlərin icra vəziyyəti və ardıcıllığına sistem üzərindən nəzarət edilir.

Eyni zamanda “Azərsu”yun təqdim etdiyi elektron xidmətlər üzərindən daxil olan müraciətlər də MİS proqramında qeydiyyata düşərək dərhal sistem tərəfindən yönləndirilir. "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində göstərilən xidmətlər də bu sistemin yaratdığı imkanlar sayəsində uğurla icra olunur. Tədbirin sonunda MİS proqramının icrasında xüsusi əməyi olan “Azərsu”yun əməkdaşları təltif olunub.

AzVision.az


Teqlər: Azərsu   MİS  





Xəbər lenti