"Türk Dövlətləri Təşkilatının ordusu da olmalıdır" - Polkovnik Ünal Atabay (Müsahibə)

"Türk Dövlətləri Təşkilatının ordusu da olmalıdır" -  Polkovnik Ünal Atabay (Müsahibə)
  17 Yanvar 2022    Oxunub:2940
"Türk dövlətlərinin vahid müdafiə sistemi olsa, o zaman Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi qurumlara ehtiyac qalmaz". Bunu AzVision.az-a müsahibəsində Türkiyə Silahlı Qüvvələri (TSK) Baş Qərargahının sabiq idarə rəisi, polkovnik Ünal Atabay deyib. Onun sözlərinə görə, Qazaxıstanda baş verən hadisələr Türk dövlətlərinin birgə orduya sahib olmalarının vacibliyini göstərdi.
- Qazaxıstan hadisələri hansı mesajları verdi?
- Bir çox fərziyyələr mövcuddur. Hadisələri Qərbin və Rusiyanın təşkil etdiyinə dair ehtimallar var. Hətta Çinin də bu işdə əli olduğu deyilməyə başlanıb. Xalqın təngə gəlməsi amili də var. Amma həqiqət odur ki, ölkədə bu kimi hallar yaşanırsa, xarici qüvvələrin hadisələrə müdaxiləsi asan olur. Yəni kənar təsirlər üçün əlverişli şərait yaranır. Qərbdən maliyyə dəstəyi alan təşkilatların sosial şəbəkələr və s. yollarla xalqın hisslərindən istifadə etmə ehtimalı yüksəkdir.

- Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstan niyə təşkilata yox, KTMT-yə müraciət etdi?
- Qazaxıstan yardım üçün Türk Dövlətləri Təşkilatına müraciət edə bilərdi. Ancaq bir reallıq da var ki, yeni yaranmış təşkilatın müdafiə və təhlükəsizlik funksiyası yoxdur. Bu, daha çox siyasi və sosial-mədəni təşkilatdır. Lakin bütün bu proseslərdən sonra təşkilatın müdafiə funkisyasının yaradılmasına ehtiyac var. Əgər gələcəkdə Türk dövlətlərinin öz vahid müdafiə sistemi olsa, o zaman KTMT kimi təşkilatlara ehtiyacları qalmaz. Ehtimal ki, keçmiş SSR-yə daxil olan başqa türk ölkələrində də bu ssenarinin təkrarlanması müşahidə olunacaq.
Qazaxıstan Türkiyədən yardım istəsəydi, Türkiyə qeyd-şərtsiz köməyə gedərdi. Çünki türk əsgərinin uzun illər Qazaxıstanda təlim və məsləhətçi kimi fəaliyyəti olub. Yəni biz orada yad deyilik. Qazaxıstan da bizə yad deyil. Ancaq bunu da qeyd etmək lazımdır ki, Rusiyanın Qazaxıstanla sovet zamanından bağları var. Qazaxıstan Türkiyə ilə nə qədər yaxın olsa da, Rusiya ilə keçmişdən gələn əlaqələrini heç vaxtı kəsməyib. Rusiyanın təsiri və nüfuzunu nəzərə alıb, KTMT-yə müraciət edildiyini düşünürəm.

- Bundan sonra Qazaxıstanı nə gözləyir? Rusiya ölkənin üzərindəki təsirini daha da artıracaqmı?
- Türk Dövlətləri Təşkilatından çox şey asılıdır. Əgər təşkilat Qazaxıstanın yanında olduğunu hiss etdirsə, həmrəyliyi gücləndirəcək addımlar atsa, o zaman Qazaxıstanda Rusiyanın təsirli yavaş-yavaş azalar. Yəni gələcəkdəki proseslər Türk Dövlətləri Təşkilatının atacağı addımlardan asılıdır.

- Türk dövləti olan Qazaxıstanın müraciətinə Ermənistanın baş naziri Nikol Paşinyanın cavab verməsi, üstəlik, KTMT-in tərkibində erməni əsgərlərin də Almatıya girmələri türkdilli xalqlar arasında birmənalı qarşılanmadı. Ermənilər də bundan propaqanda vasitəsi kimi istifadə etməyə çalışdılar. Bu, Qazaxıstan adına pis olmadımı?
- Əlbəttə ki, erməni əsgərinin Türk torpağına ayaq basması bizləri çox məyus etdi. Ermənilərin Qazaxıstana girməsi heç düzgün deyildi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ermənilərin ölkəyə girməməsi şərti qoya bilərdi. Ancaq bir şey də var ki, Paşinyan hazırda KTMT-nın icraçı sədridir. Təsadüfə baxın ki, Qazaxıstan hadisələri Paşinyanın sədrliyi zamanı baş verdi. Təbii ki, təsadüfi fürsət bilən Rusiya vəziyyətdən məharətlə istifadə edəcəkdi. Bir növ "etdi" də deyə bilərik. Ancaq bundan dərs götürmək lazımdır və Türk Dövlətləri Təşkilatı vaxt itirmədən öz müdafiə və təhlükəsizlik qüvvələrini formalaşdırmalıdır. Azərbaycan və Türkiyə bu müdafiə və təhlükəsizlik qüvvələrinə liderlik etməlidir.

Türkiyə və Azərbaycan 44 günlük müharibədə birgə hərəkət edəndə bütün dünya müdaxilə etməkdə aciz qalmışdı. Çünki, 30 ilə yaxındır Türkiyə və Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq ən yüksək səviyyədə inkişaf edib. Vətən müharibəsində tarix yazan Azərbaycan Ordusunun gücünü bütün dünyaya gördü. Eyni şəkildə bütün türk ölkələrini birləşdirmək lazımdır.

Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Azərbaycan   Qazaxıstan  





Xəbər lenti