“Böyük oyun 2.0”: Qazaxıstan hadisələrinin geosiyasi kökləri – TƏHLİL

      “Böyük oyun 2.0”:    Qazaxıstan hadisələrinin geosiyasi kökləri –    TƏHLİL
  08 Yanvar 2022    Oxunub:6218
Qazaxıstanda maye qazın qiymətinin artması ilə baş qaldıran etirazlar, ardınca hadisələrin Nazarbayevin süqutunu simvolizə edən şəkildə heykəlinin aşırılması ilə kulminasiya nöqtəsinə çatması, bundan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, əslində Rusiya qoşunlarının prezident Tokayevin xahişi ilə ölkəyə daxil olması son vaxtlarda gedən proseslərin məntiqi nəticəsi idi.
Hadisələrin Kremlin ssenarisi əsasında həyata keçirildiyini demək üçün kifayət qədər əsaslar var. Kremlin Qazaxıstanı ələ keçirməsi yüzillərdir davam edən geosiyasi oyunun növbəti mərhələsi, baş vermiş hadisə isə bu mərhələnin kiçicik bir hissəsidir.

ABŞ qoşunları Əfqanıstandan çıxarıldıqdan sonra Rusiya özünün cənub sərhədlərinin təhlükəsizliyindən narahat olmağa başlamışdı. Əfqanıstanda Taliblərin hakimiyyətə gəlməsi Rusiya üçün ciddi təhlükə sayılırdı. Taliban sözdə “proqnozlaşdırılmayan terror təşkilatı” olsa da, əslində birbaşa Pakistanın xüsusi xidmət orqanları, dolayı yolla isə, Böyük Britaniya və ABŞ tərəfindən idarə olunan qruplaşma olduğunu nəzərə alsaq, Moskvanın Əfqanıstandakı hakimiyyət dəyişikliyindən narahatlıq keçirməsini anlamaq olar.

Prezident Putinin keçən ilin avqust ayında hakim “Yedinaya Rosiya” partiyasının toplantısı zamanı əfqanıstanlı köçkünlərin müvəqqəti olaraq Orta Asiya respublikalarında yerləşdirilməsinə qarşı çıxması Moskvanın bu məsələdə narahatlığını açıq ifadə edirdi.
- Bizim onlarla viza məhdudiyyətsiz ortaq sərhədlərimiz var. Təsəvvür edin, bu ölkələrdən istənilən birinə qaçqınlar daxil olur. Bu qaçqınlar arasında kimlər var, biz haradan bilə bilərik?- deməklə Putin onların arasında terrorçuların olması ehtimalına işarə edirdi. Eyni zamanda “bizim onlarla ortaq sərhədimiz” var deməklə əslində Qazaxıstanı nəzərdə tutulurdu.

Bəli, Rusiyanın Mərkəzi Asiya respublikalarından yalnız Qazaxıstanla ortaq sərhədi var. Rusiya ənənəvi olaraq xarici düşməndən özünü qorumaq üçün bufer zona-ölkə müəyyən edir və bura hərbi qüvvələrini yerləşdirir. Talibandan qorunmaq üçün Qazaxıstan Rusiya üçün bufer zona seçilmişdi.

Nazarbayevin uzun illərdən bəri Rusiya ilə MDB, KTMT və Avrasiya İttifaqı çərçivəsində birlik nümayiş etdirməsinə isə Kreml artıq güvənmirdi. Çünki Elbaşı öz ölkəsi ilə birlikdə digər Orta Asiya respublikalarını Türk İttifaqına aparırdı. Türk Dövlətləri Təşkilatı ilk baxışdan dövlətlərin etnik mənsubiyyətinə görə birləşməsi kimi görünsə də, əslində, Çin ilə Avropa arasındakı böyük bir coğrafi məkanda nəhəng Şərq-Qərb iqtisadi-ticari dəhlizin bir hissəsini təşkil edəcək və bu dəhlizin bir başında Türkiyə, digər başında Pakistan ilə Əfqanıstan dayanır. Təbii ki, Rusiya da anlayırdı ki, bu ittifaq türkdilli dövlətlərin mədəni birliyindən daha çox qlobal hərbi-siyasi-iqtisadi alyansın bir hissəsidir. Odur ki, Qazaxıstan Rusiya üçün bufer ölkə olmaqla yanaşı, həm də, körpü rolunu oynayacaq və bu körpü Moskvanın Şərq-Qərb dəhlizinə müdaxiləsinə imkan yaradacaqdı.

Bu reallıqları bildiyi və Kremlin Orta Asiya ilə bağlı alternativ planı olduğu üçün Rusiya prezidentinin sözcüsü Peskovun öz ölkəsinin ərazilərinin də yer aldığı türk dünyası xəritəsinin MHP ideri Devlet Bahçeli tərəfindən Rəcəb Tayyib Ərdoğana hədiyyə edilməsinə kifayət qədər yumşaq reaksiya vermişdi. “Bizim türkiyəli tərəfdaşlarımız türk birliyi ideyasını təbliğ edirlər. Bu, normaldır. Bircə ona təəssüflənirəm ki, türk dünyası xəritəsinin mərkəzində böyük qırmızı ulduz yoxdur”,- deyən Peskov əlavə etmişdi ki, “bu mərkəz Türkiyədə yox, Rusiya Federasiyasında - Altayda yerləşir”. Əslində Peskov məhz Şərq-Qərb dəhlizi məzələsinə toxunur, dolayı yolla Rusiyanın bu dəhlizin tərkib hissəsi olduğunu çatdırırdı. Bunun üçün isə Rusiyanın yolunda əsas maneə Qazaxıstan, daha dəqiq desək, Qazaxıstanın lideri Nursultan Nazarbayev idi.

Hələ 2014-cü ilin fevralında, Krım yarımadasının Rusiya tərəfindən ilhaqından dərhal sonra bəyanatlarına ciddi yanaşılmayan LDPR lideri Jirinovski bildirmişdi ki, Rusiyanın tərkibində mərkəzi Vernıy (Almatı) şəhəri olan Orta Asiya Federal Dairəsi yaradılmalı və bütün respublikalar ora daxil olmalıdır.

Bu bəyanatdan bir neçə ay sonra, həmin ilin sentyabr ayında Rusiya prezidenti Vladimir Putin “Seliqer-2014” gənclər forumunda gənclərin suallarını cavablandırarkən bildirmişdi ki, qazaxların dövlətçiliyi olmayıb və qazax dövlətini Nazarbayev yaradıb. “O unikal bir şey elədi. Heç bir zaman dövlətin mövcud olmadığı ərazidə dövlət yaratdı. Qazaxların dövlətçiliyi olmayıb”,- Putin bildirmişdi. Bu günün reallığından baxanda bəyanatın əsl mahiyyəti aydın sezilir: Əgər qazax dövlətini Nazarbayev yaradıbsa, demək, o olmasa, dövlət də olmayacaq. Kreml məhz bu məntiqə əsaslanaraq, siyasi strategiyasını quracaqdı.

Putinin bu bəyanatından sonra o zamanlar hələ də prezident səlahiyyətlərini icra edən Nazarbayev ölkəsinin Avrasiya İttifaqından çıxması ehtimalını səsləndirmişdi və bundan sonra Qazaxıstana qarşı Moskvanın diplomatik hücumlarına bir müddət ara verildi.

Yeri gəlmişkən, Putinlə Nazarbayevin münasibətləri uzdə kifayət qədər mehriban görünsə də, heç də göründüyü kimi deyildi. Rusiya Avrasiya İttifaqında özünü bərabərhüquqlu üzvdən daha çox hegemon kimi gördüyü üçün, Putin tərəfdaş respublikaların liderlərinin özünə münasibətdə bu rakursu gözləmələrini istəyirdi. Lakin Nazarbayevin həm postsovet, həm də ümumiyyətlə, regiondakı nüfuzu Putinlə bu tip davranış mexanizminin qurulmasına imkan vermirdi. Başqa sözlə desək, Nazarbayevin nüfuzu Putinin Avrasiya İttifaqı daxilindəki hegemonluğunun qurulmasına mene olurdu.

“Chatham House”un (Birləşmiş Krallığın Beynəlxalq Məsələlər İnstitutu) Rusiya və Avrasiya üzrə təhlilçisi Keyt Mallinson keçən ilin iyun ayında “Radio Azattık” informasiya portalına müsahibəsində Nazarbayevlə Putinin münasibətlərinə toxunarkən bildirmişdi ki, bu, daha çox qarşılıqlı hörmətə əsaslanır. “Putin özündən sonra gələnlərə eyni səviyyəli hörməti saxlamır. Lakin Nazarbayevin yaşı, nüfuzu və təcrübəsinə görə onunla rəqabətə girmək çox çətindir. Düşünürəm ki, münasibətlərdə artıq gərginlik yaşanmaqdadır”,- Mallinson bildirmişdi.

Demək olar ki, Əfqanıstandan Amerika qoşunlarının çıxarılmasının başlaması ilə, Rusiyanın Qazaxıstanı öz nəzarətinə keçirmək üçün fəaliyyətinə start verildi. 2020-ci ilin iyul ayında Rusiya parlamentinin deputatı, Dövlət Dumasının Elm və təhsil komitəsinin rəhbəri Vyaçeslav Nikonov Rusiyanın İctimai televiziyasının “Böyük oyun” verilişində çıxışı zamanı Qazaxıstan dövlətinin ümumiyyətlə, mövcud olmadığını bəyan etdi. “Qazaxıstan ümumiyyətlə, mövcud deyildi” – deyən Nikonov daha sonra əlavə etdi ki, “Şimali Qazaxıstanda yaşayış olmayıb. Onlar mövcud olublar, ancaq xeyli şimalda. Və Qazaxıstan ərazisi Rusiya və Sovet İttifaqı tərəfindən böyük hədiyyə idi”. Nikonovun bu bəyanatı böyük səs-küyə səbəb oldu və hətta Qazaxıstan bununla bağlı Rusiya tərəfinə rəsmi etiraz notası da vermişdi.

Nikonovun həmin açıqlamanı məhz “Böyük oyun” verilişində dilə gətirməsi təsadüfi də deyildi və Kremlin müəyyən geosiyasi dairələrə, daha dəqiqi desək, Böyük Britaniyaya öz mesajını ötürmək məqsədi daşıyırdı. Belə ki, ingilis yazıçısı Redyar Kiplinq tərəfindən dövriyyəyə buraxılmış “Böyük oyun” (“Great Game”) termini XIX-XX əsrlərdə Rusiya ilə Böyük Britaniya arasında Orta və Mərkəzi Asiyada hegemonluq uğrunda apardıqları geosiyasi mübarizəyə verilmiş addır (ABŞ ilə SSRİ arasında olmuş “Soyuq müharibə” kimi). “Böyük oyun”da İngiltərənin əsas məqsədi Hindistandan gələn ticari marşrutun Avropayadək təhlükəsizliyini təmin etmək, Rusiyanın əsas məqsədi isə, cənubdan gələn risklərdən qorunmaq və həmin marşrutu Rusiya ərazisinin Avropa hissəsinə yönləndirmək idi. Necə də, müasir dövrü xatırladır...

(Ardını buradan oxuya bilərsiniz)

Tofiq Vahid
AzVision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti