“Qazaxıstandakı hadisələr bölgəyə yayıla bilər” – Müsahibə

// Rusiyalı politoloq: "Baş verənlər Qərbin planıdır"

   “Qazaxıstandakı hadisələr bölgəyə yayıla bilər” –    Müsahibə
  07 Yanvar 2022    Oxunub:1900
“Qazaxıstanda baş verən iğtişaşların arxasında Qərbin ölkəmiz ətrafında halqanı sıxmağa davam etmək, rəsmi Moskvanın ən yaxın müttəfiqlərindən birini zəiflətmək, Rusiya ilə ABŞ, NATO və Avropa Birliyi arasında gələn həftə baş tutacaq danışıqlarda özü üçün əlverişli şərait yaratmaq istəyi dayanır”. Bu sözləri AzVision.az-a Rusiyanın G.V.Plexanov adına İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, hərbi politoloq Aleksandr Perenciyev deyib.
O, bildirib ki, Qərb həmin danışıqlarda rəsmi Moskvanın dünya siyasətində, beynəlxalq və Avropa təhlükəsizliyi sferasında və ümumilikdə geosiyasi arenada mövqelərini zəiflətmək üçün Qazaxıstan kartından istifadə edəcək:

- Digər tərəfdən, Qazaxıstanın özündə də etirazlar və ekstremist nümayişlər üçün xeyli əlverişli şərait yaranıb. Birincisi, bu, rəsmi Nur-Sultanın xarici siyasətinin ikibaşlı olması - Moskva və Qərb ilə onlar arasında gərginliyin sürətlə artması şəraitində eyni vaxtda dost olmaq istəyilə bağlıdır. İkincisi, rusofob əhval-ruhiyyənin, millətçilik hisslərinin artması özünü “dil patrulları”nın fəallaşmasında və əlifba dəyişikliklərində göstərməyə başladı. Üçüncüsü, Qazaxıstanın dövlət kadr siyasətində ilk növbədə yüksək dərəcədə qohumbazlıq və klançılıqla ifadə olunan korrupsiya yüksək həddə çatmışdı.


- Tokayevin KTMT-dən hərbi yardım istəməyini necə qiymətləndirirsiniz?
- Rəsmi Nur-Sutanın KTMT və Aİİ sıralarında qalmasını sadiqlik kimi qiymətləndirirəm. Müəyyən mənada bu həm də müttəfiqlərin güc strukturlarının köməyi ilə öz hakimiyyətini saxlamaq cəhdidir.
Nikolay Zamikula: Qazaxıstanda baş verənlər hibrid əməliyyat idi – TƏHLİL

- Qazaxıstana sülhməramlıların gətirilməsi nə üçün bu qədər zəruri idi? Onların məsuliyyəti nə olacaq?
- Təbii ki, KTMT sülhməramlı qüvvələri qazax xalqı ilə silahlı toqquşmada iştirak etməyəcək. Onların vəzifəsinə ən mühüm strateji obyektlərin mühafizəsi daxildir. Onların bəzilərini rəsmi Moskva rəsmi Nur-Sultandan icarəyə götürüb. Məsələn, “Sarı-Şaqan” hərbi poliqonu, Priozersk hərbi şəhərciyi və təbii ki, Baykonur kosmodromu. Xatırlatmaq istərdim ki, KTMT-nin sülhməramlı qüvvələrinə üç kontingent daxildir: hərbi, polis və mülki. Polis kontingenti kütləvi etirazlar və asayiş rejiminin labüd zəifləməsi fonunda əhəmiyyətli dərəcədə artan adi cinayətlərlə mübarizədə Qazaxıstanın hüquq-mühafizə orqanlarına yardım göstərəcək. Mülki kontingent humanitar missiya yerinə yetirəcək, sosial və mənzil-məişət ehtiyaclarının bərpasına yardım edəcək.

- Qazaxıstandakı hadisələr bundan sonra necə inkişaf edə bilər?
- İnanıram ki, böhran Qazaxıstanın ali rəhbərliyinin mühüm siyasi güzəştləri ilə aradan qaldırılacaq. Növbədənkənar parlament, regional və yerli seçkilərin keçirilməsini istisna etmirəm. Bəlkə də, növbədənkənar prezident seçkiləri olacaq. İstənilən halda böhranı ancaq siyasi yolla həll etmək olar. Makroregiondakı digər dövlətlərə gəldikdə isə bunları demək olar: Qırğızıstan artıq rəngli inqilablardan “doyub”. Yeri gəlmişkən, bu respublikadakı dövlət çevrilişləri təcrübəsi göstərir ki, belə siyasi böhrandan son nəticədə müttəfiqlərin və hətta öz milli ordunun müdaxiləsi olmadan çıxmaq olar. Özbəkistan və Türkmənistana gəlincə, onlarda vəziyyət daha ciddidir. Ola bilsin ki, hazırda Qazaxıstanda baş verən hadisələr bu respublikalarda ekstremist etiraz aksiyaları doğura, hətta açıq iğtişaşlara təkan verə bilər. Amma bu dövlətlər KTMT üzvü deyillər.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az


Teqlər:   Qazaxıstan  





Xəbər lenti