AzVision.az-ın Analitik Qrupu |
Tam Məxfi: Ölümlə gizli həmas - Lonqrid// İsrail kəşfiyyatı Fələstin terrorçularının silah tacirini necə aradan götürmüşdü |
Yad adam gecə yarısına qədər - administrator nömrədəki
qonağın zənglərə israrla cavab verməməsinin bir qədər şübhəli olmasıyla
razılaşana, qapını bərkdən döyməyi, cavab gəlmədikdə sındırmağı əmr edənədək
hotelin bütün işçilərini bezdirdi.
Tezliklə məlum oldu ki, mərhum qeydiyyata düşərkən özünü təqdim
etdiyi kimi, qətiyyən iraqlı parça taciri deyil, Fələstinin terror təşkilatı
HƏMAS-ın rəhbərlərindən biri, adı ərəb dünyasında çoxlarına bəlli olan Mahmud əl-Məbhuhdur.
2010-cu il yanvarın 20-də səhər HƏMAS əl-Məbhuhun öz əcəli ilə ölməsi haqqında rəsmi bəyanat yaydı. “İnformasiya mənbələri” bu məlumata əl-Məbhuhun səhhətində çoxdan problemlər olduğunu əlavə etməyə tələsdilər. Lakin Mahmud əl-Məbhuhun arvadı bu versiyanı qətiyyətlə rədd edərək, ərinin, çox güman ki, “Mossad”ın qurbanı olduğunu bəyan etdi. Onun təkidi ilə əl-Məbhuhun meyiti məhkəmə tibbi ekspertizasına, qan nümunələri isə Fransadakı xüsusi toksikoloji laboratoriyaya göndərildi.
Yanvarın 29-da HƏMAS məhkəmə tibbi ekspertizasının rəyinə əsasən,
Mahmud əl-Məbhuhu “Mossad”ın öldürdüyünü elan etdi və adını əqidə yolunda şəhid
olanlar siyahısına saldı. HƏMAS-ın fərziyyəsinə görə, “Mossad” agentləri təbii
ölüm görüntüsü yaratmaq üçün Məbhuhu əvvəlcə elektroşoker vasitəsilə zərərsizləşdirmiş,
sonra yastıqla boğmuşdular.
İki gündən sonra, yəni yanvarın 31-də “Sunday times” qəzeti israillilərin əl-Məbhuhun nömrəsinə soxularaq, ona ürək dayandıran iynə vurduqları, sonra çantasındakı bütün sənədlərin surətini çıxarıb, qapısına “Xahiş edirəm, mane olmayın!” lövhəciyi asaraq getmələri haqda sensasiyalı məqalə dərc etdi.
İsrail həmişəki kimi bu məqaləyə heç bir reaksiya vermədi,
Dubayda yaşanan hadisələrə dəxli olduğunu nə təsdiq, nə də təkzib etdi. Lakin Qərb
KİV-ləri İsrailin əl-Məbhuhla köhnə haqq-hesabları olması haqda yazdıqdan sonra
özlərini bicliyə qoymağı dayandırdılar.
Rəsmi tərcümeyi-halına görə, Mahmud əl-Məbhuh 1960-cı ildə Qəzza
bölgəsinin şimalında yerləşən Cebaliyə qaçqın düşərgəsində doğulub. Şübhə
yoxdur ki, ta uşaqlıq illərindən yəhudilərə və İsrailə nifrət ruhunda tərbiyə
alıb və yeniyetməliyində “sionist düşmənə” qarşı terror fəaliyyətinə qoşularaq,
gizli Əbu-Abad ləqəbini alıb.
Üç aydan sonra onlar eyni üsulla başqa bir İsrail əsgəri
Saadonu tutub öldürürlər.
Bu iki qətl əl-Məbhuha HƏMAS elitasına daxil olmağa kömək edir. İsrail xüsusi xidmətləri onu izləməyə başlayanda əl-Məbhuh İordaniyaya qaçır, oradan da HƏMAS-ın baş katibi Xalid Maşal ilə birlikdə Suriyaya keçir.
Tezliklə HƏMAS-da əl-Məbhuhun təşkilatçılıq qabiliyyətini
qiymətləndirərək, onu qabağa çəkirlər. O, durmadan irəliləyərək, HƏMAS-ın hərbi
birləşmələrinə müxtəlif silahlar çatdırmaqla məşğul olmağa başlayır. HƏMAS-ın
ikinci intifad zamanı İsrailə qarşı istifadə etdiyi silahları məhz əl-Məbhuh əldə
edirdi. İsrail Qəzza bölgəsindən birtərəfli qaydada geri çəkiləndən sonra həmin
bölgədə hakimiyyəti ələ keçirən doğma təşkilarını silahla məhz əl-Məbhuh təmin
edirdi. Silahın böyük hissəsi İran və Sudandan gətirilirdi. Oralardan səhra ilə
Misirə və Sinay yarımadasına keçirilir, Sinaydan da yeraltı tunellərlə çox
zaman hissə-hissə Qəza bölgəsinə daşınırdı.
Lakin Allaha ümid edən əl-Məbhuh özü də diqqətli idi: görkəmini və sənədlərini daim dəyişir, heç yerdə iz qoymamağa çalışır, müxtəlif hotellərdə qalarkən qapının arxasına ağır kreslo qoyurdu. Əl-Məbhuh təbii ki, media ilə təmaslardan da yayınırdı. Ancaq 2009-cu ildə HƏMAS rəhbərliyinin təkidi ilə “Əl-Cəzirə” kanalına müsahibə verməyə razılaşdı. Bir şərtlə ki, süjet efirə gedərkən sifəti torla örtülmüş olsun.
2010-cu ilin fevralında Dubay polisinin rəisi general Maycur
Dahi Halfan ilk rəsmi açıqlama verdi ki, onun əməkdaşları Mahmud əl-Məbhuhun qətlinə
görə “Mossad”ın məsuliyyət daşıdığını nəinki sübut ediblər, əməliyyatı həyata
keçirənlərin şəxsiyyətini, onların fəaliyyət planını saatlarına, hətta dəqiqələrinə
qədər müəyyənləşdiriblər. Lakin bu açıqlamanın ardınca ikincisi, sonra
üçüncüsü, dördüncüsü gəldi, hər dəfə də əməliyyatda iştirak edən “Mossad”
agentlərinin sayı artdı və axırda 6-dan 27-yə yüksəldi. Hələ aralarında guya 6
qadın da varmış.
Nəhayət, 2009-cu il noyabrın 6-dan 10-dək BƏƏ paytaxtına
eyni vaxtda 9 “Mossad” agenti gəldi və əl-Məbhuhu fasiləsiz izləməyə
başladılar. “Der Şpigel” nəşrinin sonradan yazdığına görə, o zaman “Mossad”
agentlərinin əl-Məbhuhu aradan götürməyə cəhd etməsi istisna deyil, ancaq bu kənardan
təbii ölüm kimi görünməli idi. Bu məqsədlə onun qaldığı nömrədə mebelə dəri
altına işləyərək bir neçə gündən sonra ağ ciyərlərin fəaliyyətini dayandıracaq
zəhərli yağ sürtdülər.
2010-cu il yanvarın 19-da ikinci gecə yarısı onlar ayrı-ayrılıqda Dubaydakı “Cumeyra” hotelinə gəlir, orada gecəsi 500 dollara nömrə tutur və... pulunu nağd ödəyirlər. Onlardan gözlənilməz xərcləri qarşılamaq üçün kredit kartları haqqında məlumatları vermələri ilə bağlı standart xahiş olunduqda Debron və Folliard bunun əvəzində iri məbləğdə nağd pul girov qoya biləcəklərini ifadə edirlər.
Növbətçi administrator heç nədən şübhələnmədən, “həyatda hər kəsin qəribəlikləri ola bilər” düşüncəsiylə pulları sakitcə qəbul edir. Əslində nağd pullara olan bu sevginin səbəbi çox sadədir: günümüzdə hər hansı nüfuzlu şirkətin kredit kartını saxtalaşdırmaq dünyanın istənilən dövlətinin pasportunun saxtasını düzəltməkdən qat-qat çətindir.
Saat 2.29-da uçuş zalından Piter Elvingerin adına olan
fransız pasportu ilə bir kişi çıxır, ondan sonra səhərə qədər digər bütün
“Mossad” agentləri Böyük Britaniya, İrlandiya, Fransa və Avstriya vətəndaşlarının
pasportları ilə gəlirlər. Onlar hamısı sənədlərinin həqiqiliyini təsdiqləyən
pasport kontrolu prosedurunu asanlıqla keçirlər.
Saat 10.15-də Mahmud əl-Məbhuh onu Dubaya aparacaq təyyarənin göyərtəsinə qalxır. Mahmud əl-Məbhuhu Ərəb Əmirliklərinə bu dəfə məhz nəyin gətirməsiylə bağlı azı iki fərziyyə var. Onlardan birinə görə, onun Dubayda İran nümayındəsi ilə görüşü vardı və əl-Məhuh onunla Qəzzaya silah çatdırılmasıyla bağlı yeni planı müzakirə edəcəkdi. Həmin plana görə, silah Qəzzaya elə aparılmalıydı ki, israillilər, amerikanlar və misirlilər onu ələ keçirə bilməsinlər. Digər bir fərziyyəyə görə, hansısa yarımleqal avropalı silah alverçisi 2010-cu ilin sonunda HƏMAS ilə əlaqəyə girərək, ona öz xidmətlərini təklif edib və yanvarın 19-da Dubayda görüş təyin edibmiş. Əslində isə bu, “Mossad”ın təşkil etdiyi bir tələ, tələnin agenti də bu yalançı silah taciri idi.
Hər necə olsa da, əl-Məbhuh müəyyən olunmuş saatda Dubaya
uçdu və görünür, onu məhv etmək istəyənlər bu haqda hansı yollasa Dəməşqdən məlumat
aldılar. Bundan on beş dəqiqə sonra, yəni saat 10.30-da izləmə kameraları
“Piter Elvinger”in öz mehmanxanasından çıxaraq, şəhərin baş ticarət mərkəzinə
yollandığını qeydə alırlar. 10.50-də o sanki təsadüfən “Kevin” və “Ceyl” ilə
görüşür və onlar nə barədəsə söhbətləşirlər. Saat 12.18-dək qrupun bütün üzvləri
bu və ya digər formada bir-biriylə rastlaşır və bir neçə kəlmə kəsirlər.
Görünür, son tapşırıqları alır və rolları son dəfə bölüşdürürlər. Bundan dərhal
sonra əməliyyatın iki iştirakçısı aeroporta gedir, qalanları da iki-iki bölünərək,
əl-Məbhuhun əvvəllər Dubayda olarkən qaldığı üç mehmanxanaya yollanırlar. Bu
zaman əvvəlcə “Kevin Debron”, sonra isə “Ceyl Foliard” “Cumeyda” mehmanxanasını
tərk edirlər. “Debron” yolda bir ayaqyoluna girərək, orada başına parik qoyur,
bığ yapışıdır və günəş eynəyi taxır. Ayaqyolunun girəcəyindəki kamera “Debronu”
giriş və çıxışda qeydə alır, ancaq bəxtindən həmin an qeydə alınmış təsvirlər
heç kəsi maraqlandırmır.
15.15-də Mahmud əl-Məbhuh Dubaya enir və oradakı “Mossad” agentləri bir-birinə xəbər verirlər ki, öz aralarında “plazma ekran” adlandırdıqları obyekt gəlib. Qalır onun bu dəfə hansı mehmanxananı seçəcəyini öyrənmək. “Ekranın gəlməsi” haqda məlumatı aldıqdan sonra Ceyl Foliard da yeni parik geyinir, paltarlarını, dodaq boyasını və digər kosmetikalarını dəyişərək, kameraların obyektivində tamamilə başqa qadın olur.
15.28-də əl-Məbhuh “Əl-Bustan Rutana” mehmanxanasına gəlir.
O, balkonu olmayan və pəncərələri açılmayan nömrə istəyir və 230-cu otağın
açarlarını alır. Məbhuh ağ şort və mayka geyinmiş, əllərində bahalı raketkalar
tutumuş iki tennis həvəskarı ilə birlikdə liftlə yuxarı qalxır. Onlar əl-Məbhuha
mehribancasına gülümsəyirlər, Məbhuh da onlara eyni reaksiyanı göstərir. O öz
nömrəsinə girdikdən sonra “tennisçilərdən” biri Debronla əlaqə yaradaraq,
“ekranın” 237-ci nömrə ilə üzbəüz olan 230-cu nömrəyə aparıldığını xəbər verir.
Saat dördə qalmış “Piter Elvinger” “Əl-Bustan Rutana”
mehmanxanasındakı 237-ci nömrəni kirayələyir. 15 dəqiqədən sonra qrupun əsas
hissəsi mehmanxananın lobbisinə toplanaraq, buradakı kafelərə, restoranlara və
istirahət guşələrinə dağılışırlar.
16.23-də Mahmud əl-Məbhuh lobbidə peyda olur. Təcrübəli gözlərini
ətrafa dolandırdıqdan sonra izalənmədiyinə əmin olub sakitləşir və küçəyə
çıxaraq, ticarət mərkəzinə yollanır. Orada, təbii ki, onu müşahidə edəcəkdilər.
16.44-də “Debron” 237-ci nömrəyə yerləşir, pəncərəyə
yaxınlaşaraq, mehmanxanın giriş qapısının buradan yaxşı göründüyünə əmin olur.
Deməli, əl-Məbhuhun qayıtma anını buradan asanlıqla izləmək olar.
17.06-da “Ceyl Foliard” da nömrəyə gəlir. Artıq o,
“Debron”la birlikdə qrupun digər üzvləri ilə daimi əlaqədə olur. 18.20-də
“Ceyl” əlində Piter Elvingerin çantası 237-ci nömrədən çıxır və hotelin
avto-dayanacağında çantanı “qrup” üzvlərindən birinə verir. Sonradan Dubay
polisi belə bir nəticəyə gələcək ki, çantada əl-Məbhuhu məhv etmək üçün silahlar
olub, “Ceyl Foliard”ın çantanı verdiyi adam isə birbaşa killer rolunu icra
edib.
Saat 19-a qalmış qrupun, demək olar, bütün üzvləri
“Əl-Bustan” mehmanxanasının lobbisinə toplaşırlar. 19.30-da isə sənəddə adı
“Piter Elvinger” olan şəxs Münhenə uşan təyyarə ilə Dubayı tərk edir.
20.00-da ikinci mərtəbəni yığışdıran xadimənin iş vaxtı
qurtarır, o, evə gedir və mərtəbə boşalır. “Kevin Debron” və qrupun daha iki
üzvü nömrədən çıxırlar. “Debron” liftin qarşısında dayanır, onun yoldaşları isə
bu zaman 230-cu nömrəyə girməyə çalışırlar. Mehmanxananın elektron müşahidə
sistemi kiminsə dəhlizdən həmin nömrənin qapısını açdığını qeydə alır, ancaq
bir saniyə keçmədən siqnal sönür və mühafizəçi qulluqçunun nömrəyə daxil
olduğunu zənn edir. Bu zaman dörd nəfərlik məhvedici qrup nömrəyə girir,
“Kevin” və “Ceyl” isə dəhlizdə qalıb keşik çəkirlər.
20.27-də HƏMAS-ın baş silah tədarükçüsü nömrəyə daxil olanda
orada öz “ölüm mələkləri”ni görür. “Əl-Bustan” mehmanxanasının 230-cu nömrəsində
daha sonra nələr baş verdiyi sirr pərdəsi arxasında gizlənir. Daha doğrusu,
Dubay polisi əl-Məbhuhun qan analizi cavablarını aldıqdan sonra məlum olur ki,
ona iynə ilə güclü keyləşdirici maddə vurulub və yüksək dozadan adamın ürəyi
dayanıb. Əl-Məbhuha iynə vurulduğu andan etibarən o heç nə hiss etməyib və o
dünyaya gedişini sürətləndirmək üçün killer yalnız yastığı onun ağzına basmaqla
kifayətlənib. Ancaq bütün bunlar sadəcə fərziyyədir. Buna qədər dəqiq işləyən
izləmə kameraları nədənsə 19 dəqiqə söndürülüblər, bu səbəbdən də “Mossad”ın bu
əməliyyatı ilə bağlı bir çox suallar açıq qalır.
Bir şey aydındır: əməliyyat iştirakçıları 20.46-da mehmanxananı tərk edərək, hava limanına gediblər. Daha bir neçə dəqiqədən sonra “Kevin Debron” əl-Məbhuhun otağına daxil olaraq, qapıya belə bir lövhəcik asıb: “Xahiş edirəm, mane olmayın!” Görünür, həm də lobbidə oturan “mühafizə qrupunun” iki üzvünə hoteli tərk etmək əmri verib. Kameralar onların saat 20.52-də kreslolarından qalxaraq, çıxışa doğru getdiklərini qeydə alıb.
Bundan sonra “Debron” mehmanxanada tək qalıb. O, əl-Məbhuhun
öldüyünə bir daha əmin olduqdan sonra tələsmədən onun bütün sənədlərini nəzərdən
keçirib, surətlərini çəkib və yalnız bundan sonra hoteli arxayın tərk edib. Bu
zaman nömrənin qapısını elə örtüb ki, administradordakı idarə pultu 230-cu nömrənin
içəridən bağlandığını göstərib.
Qeyd etmək lazımdır ki, cənub-şərqi asiyalını bircə dəqiqəyə tipik avropalı və ya afrikalıya çevirən bu cür qrimlənmə üsulları var və az deyil. Əgər “Mossad” agentləri belə maskalardan istifadə ediblərsə, onların nə zamansa tanınacağı və həbs olunacağı ehtimalı sıfra bərabərdir.
Nadir Qocabəyli
AzVision.az