Akif Əlizadə yeni vəzifəyə seçildi

  02 Aprel 2014    Oxunub : 591
Akif Əlizadə yeni vəzifəyə seçildi
Ötən gün AMEA Rəyasət Heyətində (RH) Yer Elmləri Bölməsinin (YEB) növbəti Büro iclası keçirilib.
İclas AMEA Geologiya və Coğrafiya institutlarında direktor seçkilərinə həsr olunub.

Büro üzvləri və institut direktorlarının iştirak etdiyi iclası giriş sözü ilə açan YEB-in akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov Geologiya İnstitutuna bu elmi müəssisənin Elmi Şurası adından direktor vəzifəsinə akademik Akif Əlizadənin, Coğrafiya İnstitutuna isə AMEA-nın müxbir üzvü Ramiz Məmmədovun namizədliyinin irəli sürüldüyünü bildirib.

Tədbirdə akademik Arif İsmayılzadə, AMEA-nın müxbir üzvləri Vasif Babazadə və Arif Quliyev çıxış edərək A.Əlizadə və R.Məmmədoun institut direktoru vəzifəsini tutmaq üçün seçkilərə namizədliklərini dəstəkləyiblər.

Sonra açıq səsvermə yolu ilə Hesablama Komissiyası yaradıldı. AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev komissiyanın sədri, AMEA-nın müxbir üzvləri Qərib Cəlalov və Əkpər Feyzullayev komissiyanın üzvləri seçildilər. Gizli səsvermə yolu ilə institutlara direktor seçkiləri keçirilib.

Səsverməyə əsasən Akif Əlizadə Geologiya İnstitutunun, Ramiz Məmmədov isə Coğrafiya İnstitutunun direktoru vəzifəsinə seçiliblər.

Tədbirdə Geologiya İnstitutunun Neft və qaz yataqlarının genezisi və əmələgəlməsi şöbəsinin rəhbəri, professor Fərid Dadaşovun AMEA-nın yeni təsis edilmiş Musa Mirzə oğlu Əliyev adına mükafatına təqdim edilməsi məsələsinə də baxılıb. Bölmə tərəfindən Azərbaycanın müxtəlif neft-qaz rayonlarının mezo-kaynozoy çöküntülərində karbohidrogen yataqlarının, o cümlədən iri yataqların, genezisi və formalaşmasının öyrənilməsi və modelləşdirilməsi sahəsində əldə etdiyi nailiyyətlərə görə alimin mükafatla təltif olunması üçün sənədlərinin Ekspert Komissiyasına təqdim edilməsi, bu məsələ ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.

Tədbirdə, həmçinin 2014-cü ildə bölmə institutlarında fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmuş namizədlərin mövzuları da təsdiq edilib.

Teqlər: