Ərdoğan PKK ilə necə bacardı – TƏHLİL

Ərdoğan PKK ilə necə bacardı – TƏHLİL
  02 Aprel 2013    Oxunub:1771
...PKK-ya silah satışını məhz Usoyan həyata keçirirdi. Usoyanın qətlinin təşkildə şübhəli bilinən digər qanuni oğru Rövşən Lənkəranlı isə nədənsə məhz Türkiyədə gizlənmişdi...
PKK terror təşkilatının həbsdə olan rəhbəri Abdullah Öcalanın martın 21-də öz silahdaşlarına müraciətində silahlı mübarizəyə son qoyma və ölkəni tərk etmə çağırışı Türkiyə tarixində mühüm dönüş nöqtələrindən biri hesab oluna bilər. Türkiyə mətbuatının məlumatına görə, artıq silahlı terrorçular ölkəni tərk etməyə və İraqın şimalına keçməyə başlayıblar. Bu hadisə Türkiyə üçün nə qədər uğurlu hesab olunsa da, məsələ ilə bağlı bir sıra suallar ortaya çıxır.

Ərdoğan bunu necə bacardı və yaxud, bu addımın müqabilində Öcalana nə vəd etdi? Türkiyəni tərk edən terrorçular potensial təhlükə mənbəyidir və onların gələcək missiyası nədən ibarət ola bilər? Bu kimi suallar təbii olaraq baş qaldırır.

Qeyd edək ki, 1993-cü ildən bu yana PKK terrorçuları ilə Türkiyə hökuməti arasında beş dəfə barışıq elan olunub və atəşkəs əldə edilib. Bunların ən uzun müddətlisi 1999-cu ildə baş tutub və beş il sürüb. Bu dəfəki barışığın digərlərindən fərqləndirən əsas cəhəti hər hansı şərtlər irəli sürülərək atəşkəsin əldə olunması deyil, Öcalanın birtərəfli qaydada silahdan imtina etməsidir.

Etiraf olunmalıdır ki, Türkiyədəki hakim komanda problemin həllinə köklü yanaşıb, daxildə və xaricdə olan əsas maneələrin aradan qaldırılması üçün xüsusi səy göstərilib. Elə AKP-nin islamçılıq müstəvisində siyasətini qurması kürdlərlə danışıqlar üçün münbit şərait yaradan əsas amillərdən biri oldu. Məhz bu müstəvi qarşılıqlı etimadın bərpa edilməsi, türklə kürdün bərabər olmasının əyani sübutu idi.
Orduda aparılan islahatlar, ordunun siyasi hakimiyyətə tabe etdirilməsi silahlı qüvvələrin öz rolunu qabartmaq üçün terrorla mübarizədən süi-istifadə etməsinin qarşısını aldı.

PKK-nı dəstəkləyən xarici qüvvələrə gəldikdə isə, konkret olaraq hər hansı dövlətin birmənalı şəkildə bu qruplaşmadan Türkiyənin əleyhinə istifadə etdiyini demək doğru olmaz. Ancaq eyni zamanda, öz maraqları naminə hətta bir-birinə düşmən mövqedə dayanan dövlətlər belə PKK faktorundan Türkiyəyə qarşı istifadə etməkdən çəkinməyiblər. Məsələn PKK-nın dünya miqyasında terror təşkilatı kimi tanınmasına baxmayaraq, bir sıra Avropa ölkələrində bu qurmun televiziya və radiolarının yayımına şərait yaradılıb. Fransa və İtaliya ABŞ-ın Yaxın Şərqdə əsas tərəfdaşının Türkiyə olmasına qısqanclıqla yanaşır və regionun aparıcı vasitəçi dövlətinə çevrilmək istəyiblər. Ankaranın Avropa ölkələrinə qarşı bu mənada istifadə etdiyi ən təsirli vasitələrdən biri də ictimai qınaq idi. Bu kampaniya çərçivəsində PKK-ya dəstək verən dövlətlər barədə axiv məlumatları KİV-də açıqlanırdı.

Rusiya öz növbəsində Türkiyənin Yaxın Şərqdəki təsir gücünün artmasından ehtiyatlandığı üçün, PKK faktorundan faydalanması mümkündür.

Güman etmək olar ki, Ankara Öcalanı sülhə məcbur etmək üçün xaricdən PKK-ya gələn dəstəyin qarşısını almağa nail oldu. Türkiyə Yaxın Şərqlə bağlı yaranmış ziddiyyətli geosiyasi vəziyyətdən öz maraqları üçün məharətlə istifadə edə bildi.

Keçən il Parisdə PKK-nın üç qadın üzvünün qətli, ardınca isə Moskvada qanuni oğru, milliyətçə kürd olan Aslan Usoyanın öldürülməsi işlərinin bir-biri ilə bağlı olduğu və birbaşa olaraq PKK terror təşkilatına aidiyyatı barədə İtalyanın “Corriera della Sera” qəzeti yazmışdı. Yayılan məlumatlara görə, PKK-ya silah satışını məhz Usoyan həyata keçirirdi. Usoyanın qətlinin təşkildə şübhəli bilinən digər qanuni oğru Rövşən Lənkəranlı isə nədənsə məhz Türkiyədə gizlənmişdi.

Hər bir halda, silahı kimin satmasından asılı olmayaraq, bilinən odur ki, PKK terroçularının istifadə etdiyi rus silahıdır və Türkiyədəki münaqişə sərfəli silah satışı bazarıdır. Usoyan kimi önəmli fiqurun qətli, eyni zamanda PKK terrorçularının silahı yerə qoyması Rusiya siyasi rəhbərliyinin razılığı olmadan baş tuta bilməzdi. Odur ki, Putin-Ərdoğan görüşündə müzakirə mövzularından birinin qeyd olunan problemə həsr olunması mümkündür. Bəlkə də, Ərdoğanın Rusiya ilə Çinin Amerikaya güc gəlmək üçün qurduğu Şanxay Əməkdaşlıq təşkilatına Türkiyənin üzv olacağını bildirməsi PKK-nın tərkisilahı müqabilində edilən xoşməramlı bir jestdir.

Nəticə etibarilə belə qənaətə gəlmək olar ki, PKK regionda artıq lazımsız geosiyasi alətə çevrildi. Yaxud Türkiyəyə qarşı lazımsız oldu. Ancaq təbii ki, bu alətin istifadəsiz qalacağını da iddia etmək doğru olmaz.

Məsələn, Suriyada kürdlərin öz müstəqillikləri uğrunda hakimiyyətə qarşı mübarizəyə qalxması mümkündür, baxmayaraq ki, hazırda Suriya kürdləri müxlifətçilərlə vuruşur. Eyni zamanda kürd separitizmindən əvvəllər də ziyan çəkmiş İranda yenidən müstəqillik uğrunda mübarizənin alovlanması gözlənilə bilər.

Digər versiya isə ondan ibarətdir ki, İraqda nəhayət ki, müstəqil kürd dövlətinin yaradılması barədə razılıq əldə olunub.

Tofiq Əsgərov


Teqlər:  





Xəbər lenti