“Miqrant problemini Qərb yaradıb” - Belarusun Azərbaycandakı səfiri (Müsahibə)

      “Miqrant problemini Qərb yaradıb”    - Belarusun Azərbaycandakı səfiri    (Müsahibə)
  02 Dekabr 2021    Oxunub:832
“Qərb sərhədimizdə miqrantlarla bağlı vəziyyət Belarusun iştirakı və günahı ucbatından yaranmayıb. İnsanlar daha xoşbəxt gələcək üçün müharibələr gedən ölkələrində xarabalığa çevrilmiş evlərini tərk edirlər. Onları bu addımı atmağa məcbur edən Belarus yox, miqrantların gəldiyi ölkələrdə müharibə və münaqişələrə səbəb olan Qərb dövlətlərinin düşünülmüş siyasətidir”.
Bu sözləri AzVision.az -a müsahibəsində Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov deyib. O bildirib ki, Belarus sərhədindəki mövcud vəziyyətdə AB-nin də əli var:

- Brüssel ölkəmizdə sərhədlərin möhkəmləndirilməsi və idarə edilməsi, qeyri-qanuni miqrantların və sığınacaq axtaranların saxlanması üçün mərkəzlərin yaradılması və modernləşdirilməsi üzrə bütün birgə layihələrin maliyyələşdirilməsini dondurmaq qərarına gəlib. AB-nin çoxlu iqtisadi sanksiyalar tətbiq etdiyi Belarus sərhədlərin mühafizəsini təmin etmək və artan miqrant axınının qarşısını təkbaşına almaq iqtidarında deyil.

- Andrey Alekseyeviç, Belarus tərəfdən miqrantlara humanist münasibətlə bağlı hanısa promlemlər mövcuddurmu?
- Belarusda ehtiyacı olan miqrantlara humanitar yardımın göstərilməsi ilə bağlı heç bir problem yoxdur. Belarusun dövlət orqanları, könüllülər, Qızıl Xaç Cəmiyyəti zəruri əşyaların və məhsulların alınmasını və paylanmasını təmin edir. Bütün ehtiyacı olanlara vaxtında tibbi yardım da göstərilir. Başqalarının bədbəxtliyinə biganə qalmayan sadə belaruslar da onlara bacardıqları qədər kömək edirlər.


Bundan əlavə, Belarus beynəlxalq strukturlara öz ərazisindən sərhəddəki miqrantlara görüşməyə imkan verib və çətin vəziyyətdə olan insanlara yardım göstərmək üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı və UNICEF ilə əməkdaşlığı davam etdirir. Ancaq noyabrın 23-24-də Belarusda səfərdə olan Avropa Komissiyasının Humanitar Yardım Missiyası miqrantlarla ünsiyyətə belə girmədən sadəcə monitorinq keçirib. Bunun fonunda humanitar və insan haqları təşkilatları, eləcə də ictimaiyyət və media üçün sərhəd bölgələrinə girişi tamamilə bağlayan Polşa açıq şəkildə ziddiyyətli fəaliyyət göstərir. Görünür, nəyisə gizlədirlər.


- Sizcə, nəyi gizlədirlər?
- Belarusun səlahiyyətli orqanları sığınacaq üçün Polşa, Litva və Latviya hakimiyyət orqanlarına müraciət edən insanlara qarşı qəddar, qeyri-insani rəftarla bağlı çoxsaylı faktlar sənədləşdiriblər. Müraciət edən qaçqınlara cavab vermək əvəzinə onları döyür, qazla zəhərləyir, itlərlə təqib edir, sonra isə yarımcan halda Belarus ərazisinə atırlar. Yəqin ki, bu, Avropa demokratik dəyərlərinin əsl siması və AB dövlətlərinin bütün dünyaya tətbiq etməyə çalışdıqları insan hüquqlarına açıq-aşkar riayət olunmasıdır! Yeri gəlmişkən, arqumentsiz olmamaq üçün aktual faktiki arayış materialları, həmçinin Belarusun “Bilik” cəmiyyətinin hazırladığı “Polşa və Litvanın qaçqınlara qarşı cinayətləri: faktlar və sübutlar” broşuru, səfirliyin saytında yerləşdirilən "Belarus seqodnya" Nəşriyyat Evi və "Belarus Jurnalistlər İttifaqı" İctimai Birliyinin materialları ilə tanış ola bilərsiniz.

Belarus prokurorluğu Polşanın Belarus tərəfdən sərhəd ərazisinə gələn miqrantlara qarşı xüsusi texnikadan, o cümlədən səs-işıq effektli qumbaralardan, gözyaşardıcı qazdan, həmçinin həyat və sağlamlıq üçün təhlükəli kimyəvi maddələr qarışdırılmış su şırnaqlarından istifadə etməsi faktı ilə bağlı cinayət işi açıb.


Belarusu ittiham edən AB ölkələri, xüsusən də Polşa, Litva və Latviya qeyri-qanuni miqrant və qaçqınlara qarşı törətdikləri cinayətləri ört-basdır etməyə çalışırlar. Bununla onlar AB-nin miqrasiya siyasətinin daha da sərtləşdirilməsinə, eləcə də sığınacaqla bağlı hiyləgər yanaşmalara yenidən baxılmasına haqq qazandırmağa səy göstərirlər.

Beləliklə, beynəlxalq humanitar hüququ, miqrantların hüquqlarını, həmçinin 1951-ci il Qaçqınlar Konvensiyasının müddəalarını pozan Belarus deyil, Avropa Birliyi ölkələri və ilk növbədə, üç qərb qonşumuzdur. Bu gün biz Avropalı tərəfdaşlarımızın düşünmədən vurduqları damğalar, təzyiqlər və şantajları ilə üz-üzəyik.


- Bu yaxınlarda Angela Merkel məsələni prezident Aleksandr Lukaşenko ilə iki dəfə müzakirə edib və bundan sonra deyəsən, Belarus sərhədindəki miqrasiya böhranının sivil həlli məsələsində bir işartı göründü. Lakin Qərb bu məsələdə qətiyyət göstərmir: Belarus ərazisində toplanan miqrantlar üçün onların hamısının can atdığı Almaniyaya dəhliz açılmayıb. Əksinə, NATO silahlı təhdidə başladı. Belarus bütün bunlara necə cavab verir?
- Belarus həm ölkə daxilində, həm də regionda sülhü və sabitliyi hər şeydən üstün tutur. Biz müstəqil Belarus dövlətinin mövcud olduğu bütün tarix boyu regionda təhlükəsizliyin donoru olmuş, qlobal sülh və rifahın təmin edilməsi üçün səylərimizi əsirgəməmişik.

Qeyri-qanuni miqrasiya ümumi təhlükədir, onun qarşısı hasarlar çəkmək, “ayırıcı xətləri” dərinləşdirmək, sanksiyalar tətbiq etmək, səmanı bağlamaq və s. ilə deyil, yalnız birgə səylərlə alına bilər. Ancaq bu yanaşma qarşılıqlı konstruktiv addımlar tələb edir.


AB və NATO-nun hərbi ritorikasına baxmayaraq, Belarus miqrasiya böhranının daha da kəskinləşməsinin qarşısını almaq və insanların həyatını xilas etmək üçün siyasi fikir ayrılıqlarını bir kənara qoyaraq, bütün beynəlxalq tərəfdaşlarla işləməyə hazırdır. Biz qəti əminik ki, bu çətin vəziyyətdən çıxış yolu Qərbin Belarusu “xortdan” kimi təqdim etmək üçün davamlı əsassız cəhdlərindən deyil, birgə iş və dialoqdan keçir. Biz miqrasiya axınlarının köklü səbəbləri ilə mübarizə aparmalı və Qərblə onu dəfələrlə dəvət etdiyimiz danışıqlar masasına oturmalıyıq.

Seymur Məmmədov
Nadir Quliyev

AzVision.az

Teqlər: Belarus   Miqrant  







Xəbər lenti